“18 ildə məni 18 dəqiqə gözləyən olmayıb” - Fəzail İbrahimli “Deputatın gündəliyi”ndə

AzNews.az “Deputatın gündəliyi” adlı layihəyə start verir.

Layihənin ilk qonağı Milli Məclisin deputatı, professor Fəzail İbrahimlidir.

- Fəzail müəllim, sizin günlük, həftəlik və ya aylıq proqramınız varmı?

- Əlbəttə, hər kəsin bir proqramı olmalıdır. Bir ay ərzində nəzərdə tutulan bütün məsələlər aylıq proqramda əksini tapmalıdır. Bir deputat ay ərzində harada görüş keçirəcək, kimlərlə görüşəcək, hansı tədbirlərdə iştirak edəcək - hamısını qeyd etməlidir. Təbii ki, bu səndən asılı olmayan bir qrafikdir. Eynilə də həftəlik proqram. Gündəlik proqram isə belədir ki, bunu gün özü müəyyən edir. İstər iclaslar olsun, istər dərslər və ya məişət məsələləri, bunlar gündəlik olaraq özü meydana çıxır və ona uyğun hərəkət etməli olursan. Tutaq ki, ailədə nəvənin dərs məsələsi yaranır, bəzən də onu dərsdən götürmək məsələsi ortaya çıxır. Yəni gündəlik olaraq bu prosesə tabe olmalısan. Dqiq olmaq, yalançı, unutqan olmamaq üçün “mənim yaddaşım möhkəmdir” - deyib arxayınlaşmaq olmaz. Mütləq qeydlər aparılmalıdır. O qeydlər əsasında gündəlik, həftəlik və aylıq proqram müəyyən edilməlidir.

- Şəxsi həyatınızla işiniz arasında günlük fəaliyyətinizi necə tənzimləyirsiniz? Hansına daha çox zaman ayırmalı olursunuz?

- Hansı daha çox zaman tələb edir, ona çox zaman ayırıram. Tutaq ki, ay ərzində bilirəm ki, Milli Məclisdə iclasım var, yaxud universitetdə dərs deməliyəm. Bu zaman artıq məişət məsələləri ikinci plana keçir. O məsələlər vacib hesab olunur ki, onlar saatı, sabahı gözləmir. İlk növbədə, işi səliqə-səhmana saldıqdan sonra şəxsi həyatında olan problemləri gündəmə düzməlisən. Tutaq ki, harasa qonaq getmək lazımdır, bunu iclas günündən sonrakı günə salmaq olar. Yaxud bir doğmanın ad günüdür, onu da günün ikinci yarısına keçirmək olar. Bilirsinizmi, “vaxtım yoxdur” o adamlar deyir ki, onlar öz vaxtlarını düzgün qura bilmirlər. Vaxtı düzgün quranda o hər şeyə çatır. Sadəcə olaraq, hər şeyi proqramlaşdırmaq lazımdır. Proqramsız həyat xaosdur.

- Milli Məclisdəki fəaliyyət istiqamətlərinizdən biri komitələrdə qanun layihələrinin müzakirəsidir. Müzakirələr başlamazdan əvvəl hansı tədbirlər görürsünüz və layihəyə hansı konteksdən yanaşırsınız?

- Mən Toponimiya komissiyasının, eyni zamanda, Mədəniyyət və Regional məsələlər komitəsinin üzvüyəm. Bu komitələrdə baxılan qanun layihələrinin hər birinin gündəliyi əvvəlcədən bizə verilir. Mən gündəliyə baxdıqdan sonra oradakı məsələlərlə bağlı düşüncəmi ortalığa qoyuram, məni düşündürən, ümumi prinsiplərimizə uyğun olmayan müəyyən qüsur və nöqsanlarla müşayiət olunan məqamlar olduqda ona qarşı fikirlərimi, təkliflərimi deyirəm. Uğurlu da nəticələr olur. Yəni əvvəlcədən bizə verilmiş gündəlik əsasında öz işimizi qururuq.

- Müzakirələrdə ən çox tənqid və ya təklif səsləndirən deputatlardansınız. Qaldırdığınız məsələ layihədə həllini tapmayanda hansı hisləri keçirisiniz?

- Həmişə elə mövzularla bağlı məsələ qaldırmışam ki, o, təkcə gündəlikdə olan məsələ deyil, cəmiyyəti düşündürən məsələdir. Bu günə qədər uğuruz sonluqla nəticələnən bir fikrim, yaxud da təklifim olmayıb. Daim həlli vacib olan məsələləri qaldırmağa çalışmışam. Təbii ki, mənim düşüncəm 125 deputatın hamısının düşüncəsi ilə uyğun gəlməyə bilər. Amma ümumilikdə səs çoxluğu kimin tərəfindədirsə, o da qalib gəlir. Açığı deyim ki, deputat olduğum müddətdə hər hansı bir təklifimlə, fikrimlə bağlı əziyyət çəkdiyim məqamlar olmayıb. Yaxud da mənimlə razılaşmayan deputatların əks fikirləri məndə elə bir əzab hissi yaratmayıb.

- Sizi aktiv millət vəkili kimi tanıyırıq. Maraqlıdır, plenar iclasda hər hansı bir məsələ ətrafında əvvəlcədən çıxış və ya hansısa plan hazırlayırsınızmı?

- O, baxır müzakirə olunan məsələyə. Təbii olaraq, elə məsələlər var ki, onunla bağlı əvvəlcədən qısa tezis hazırlayıram. Orada hansı məsələlərə toxunmalıyam, deyəcəyim fikirlər reallıqla uyğun gəlirmi, hüquqşünas olmadığım üçün onun hüquqi tərəflərini də mütləq hüquqşünaslarla məsləhətləşirəm. Amma elə məsələlər var ki, yerindəcə fikir bildirmək istəyirsən. Bu zaman həmin vaxt keçirdiyin hisləri, fikirləri çatdırırsan.

- Olubmu ki, hansısa çıxışınız üçün Parlamentin növbəti iclasını səbrsizliklə gözləmisiniz?

- Olub. Bəzən görürsən ki, təmsil olunduğun dairədə müəyyən problemlər var. Bu zaman o problemi gündəmə gətirmək üçün düşünürəm ki, iclas nə qədər tez başlasa, o qədər də problemin həllinə rəvac vermək olar. Amma ümumilikdə xüsusi olaraq belə bir səbirsizlik hissi yaşamamışam.

- Bəs, Milli Məclisin beynəlxalq əməkdaşlıq missiyasında hansı formada yer alırsınız? Təqribən hansı aralıqda xarici səfərləriniz olur?

- Mən 10 il Avropa Şurasının üzvü olmuşam. Hər dəfə də iclaslarda yüksək səviyyədə iştirak etmişəm. Hazırda Azərbaycan-Liviya parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Həmçinin, Qazaxıstan, Rumıniya və Cənubi Afrika Respublikası da daxil olmaqla 6 ölkə ilə parlamentlərarası dostluq qupunun üzvüyəm. Bu ölkələrdən gələn qonaqları qəbul edirik, onlarla əlaqələri möhkəmləndiririk. Çalışıram ki, gücüm yetən səviyyədə bu əlaqələrin inkişafında fəal olum.

Xarici ölkələrə səfərə gəldikdə isə bunlar proqramlaşdırılmış formada həyata keçirilir. Zaman-zaman belə səfərlər olur, amma deyim ki, gündəlik, yaxud aylıq, bu doğru olmaz. Biz fəaliyyət istiqamətinə uyğun olan formada hərəkət edirik. Xarici səfər bizim öz istək və arzumuzla olmur. Rəhbərlik tərəfindən hansı qərar qəbul olunursa, hara göndərirlərsə, təbii ki, biz də onu icra edirik.

- Son olaraq, sizə görə, deputat olmağın avantajları nələrdir?

- Kim desə ki, “əşi bu nə iş idi düşdüm, deputatlıq nə idi, filan…” – o, çox saxta danışmış olar. Deputatlıq şərəf, ləyaqət hissidir. Bu hər insanın taleyinə yazılmayan bir qismətdir. Əgər 40 min insanın içərisində fərqlənirsənsə, demək bu alın yazısıdır, talehin sənin bəxtinə yazdığı bir işıqdır. Burada bir şey var, sadəcə olaraq, sən deputat fəlaiyyətindən necə istifadə edirsən, deputat səlahiyyətini necə yerinə yetirirsən? Bu suallar deputatın uğurlu fəaliyyətini səciyyələndirən cəhətlərdir. Mən də həmişə çalışmışam ki, üzərimə düşən işi layiqincə görüm.

18 ildir mənim qəbulumda 18 dəqiqə gözləyən insan olmayıb. Gələnlərin hamısını çox çevik qəbul edirəm. Müxtəlif formalarda fəaliyyətimiz olur, tədbirlərdə, iclaslarda iştirak etməli oluruq. Əsas odur ki, yerini dəyişib qarşında oturan insanı dinləyəsən. Gözünün qabağına gəlməlidir ki, o mən ola bilərdim, mən də o. Onda insan daha ədalətli olur. Mən də qanun çərçivəsində hüquqları pozulmuş insanların hər birinə kömək etməyə cəhd etmişəm. Bəzən şəxsi məsələlərlə bağlı xahişlər edilir. Məsələn, elə düşünür ki, hüquqları pozulub, amma qanundan xəbəri olmadığı üçün o məsələlərin üstünə gedir. Onların hamısı izah edildikdən sonra hər şey öz qaydasına düşür. Bəzən də qəbula gələnlərin istədiyini edə bilmirsən, çünki sənin səlahiyyətinə daxil olmayan məsələlərdir. Beləcə, müxtəlif səpkili mövzularda insanlarla görüşümüz olur. Onları axıra qədər dinləmək lazımdır. Əgər bir insan sənin qarşında oturubsa, sən də insan olmalısan, bu zaman sənin hisslərin, duyğuların da səninlədisə, onda nəsə əldə etmək olur.

Elgün MƏNSİMOV
AzNews.az