Sanksiyaların effektiv təsir mexanizmasının olduğunu düşünmürəm. Sanksiyaların effektiv təsir mexanizmasının olduğunu düşünmürəm.
  • Hadisə
  • 4 Yanvar 2019 14:26
  •  5 368

Rusiya vaz keçdimi Krımın işğalından? Yox, davam edir - Toğrul İsmayıl

Sanksiyaların effektiv təsir mexanizmasının olduğunu düşünmürəm.

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz tanınmış türkiyəli politoloq, professor Toğrul İsmayıldır.

  • Trampın ABŞ-ın Suriyadan çıxmaq qərarı dünyada və eləcə də ABŞ-ın özündə birmənalı qarşılanmayıb. Sizin fikrinizcə, Tramp bu qərarı təkbaşına verib, yoxsa?

  • Trampın bu qərarı dünyada və Amerikanın özündə birmənalı qarşılanmasa da, həmin qərarda tərs bir şey yoxdur. Prezidentin bu cür qərarlar aldığını biz zaman-zaman görürük. Məsələ burasındadır ki, ABŞ prezidenti çox praqmatik düşüncələrə sahib bir liderdir və baş verən hadisələrin sadəcə siyasi, hərbi müstəvisini deyil, eyni zamanda iqtisadi tərəfini də görür. Əslində bu amerikalıların bölgədən tamamilə çəkilməsi demək də deyil. Bu, Suriyanın şimalında bəlli qrupların silahlandırılması onlara təsir edən qrupların çəkilməsidir. İşin əsl üzündə ABŞ-ın bölgədə yetərli sayda əsgəri var. Xüsusilə Şimali İraqda, necəki Tramp da bu yaxınlarda oranı ziyarət etdi və açıqlamalarında da aldığı qərarın nə qədər doğru olduğunu və zamanla hər kəsin bunu qəbul edəcəyini də söylədi. Əslində sizin sualınızdakı kimi müharibələrdən yorulduğu üçün deyil, bu qərarın arxasında daha fərqli hadisələr olduğu üçün. Hadisələr isə bundan ibarətdir ki, ABŞ artıq bölgədə birbaşa özü deyil, dolayı yolla ordakı müttəfiqlərindən istər türk olsun, istər Səudiyyə Ərəbistanı olsun, onları önə çəkərək öz oyununu aparmağa çalışacaq.

  • Nədir bu oyun?

  • Onun açıqlamasından Türkiyə prezidenti Ərdoğanla görüşdüyünü və İŞİD-lə mübarizəni Türkiyənin üzərinə atdığını görürük. Digər yandan bölgədə ABŞ-a yaxın yeni ərəb ittifaqının yarandığı da nəzərə çarpır. Başda Səudiyyə Ərəbistanı olmaqla. Çox ehtimal ki, çəkildiyi bəzi yerlərə bu qüvvələri yerləşdirəcək. ABŞ-ın bölgədəki digər mübarizəsi isə İranladır. İrana qarşı mübarizədə də fərqli qrupları öz ətrafında birləşdirməyə nail olmaq istəyir. Bunun üçün də bölgədə hərəkatı artırmağa çalışır.

  • Ərdoğanın bu qərarda nə qədər rolu var? Ümumiyyətlə rolu varmı?

  • Təbii ki, rolu çox böyükdür. Xüsusilə Trampla telefon danışığından sonra bu cür qərarın verilməsi Türkiyə prezidentinin bu hadisədə birbaşa əməyinin olduğunun göstəricisidir. Mən bu telefon danışığının pərdə arxasını bilmədiyim üçün bir şey deyə bilmərəm. Amma göründüyü kimi Türkiyə istədiyinə nail oldu. Ən azından ABŞ bu ölkədən çəkilir və Türkiyə öz işini davam etdirəcək.

  • Bəs Türkiyənin bu məsələdə istədiyi nədir?

  • Türkiyə üçün bilirsiniz ki, əsas məsələ bölgədə var olan PKK-nın davamı olan PYD terror qruplaşmasının Amerika tərəfindən silahsızlaşdırılması, yəni onlara silah verilməməsidir. Amerika onlar üçün ciddi silah təchizatı edib və eyni zamanda onları professional ordu kimi yetişdirməyə çalışıb. Türkiyənin əsas məqsədi bunu əldə etmək idi. Dolayısı ilə bunu da əldə etmiş oldu. Amerika vaz keçdi və bölgədə artıq Türkiyənin aparacağı siyasəti açıq şəkildə görəcəyik. Amma Amerikanın çəkilməsi başqa şeyi də gündəmə gətirdi. Bunlar da Əsəd rejiminin bölgədə kürdlərlə iş birliyi, rusların və İranın bölgədə gücünün artıb artmayacağı, Astana prosesinin davam edib etməyəcəyi kimi məsələlərdir. Böhranın yaşanmaması üçün Türkiyə Moskvaya xarici işlər nazirini, MİT rəhbərini göndərdi. İlkin danışıqlar və görüşmələr davam edir. Çünki əsas məsələ Türkiyənin siyasəti çərçivəsində bölgədəki gərginliyin qarşısını almaqdır. Türkiyənin bir istəyi var, o da bölgəsində, sərhədində dövlət təhlükəsizliyini pozacaq süni şəkildə hər hansı bir dövlətin yaranmamasıdır. Ki, Türkiyə hələlik bunun öhdəsindən açıq şəkildə gələ bilir. Bölgədən Amerika çəkildi, İŞİD bitdi, bunları demək üçün isə çox tezdir.

  • Necə düşünürsünüz, bütün olanlardan sonra Türkiyə İŞİD-i birdəfəlik yox edə biləcəkmi?

  • Bilirsiniz, terror qruplaşmalarını birmənalı şəkildə yox etmək mümkün deyil. Onlar ya ad dəyişirlər, ya da qılıf. Onların tamamilə yox edilməsi üçün onlara dəstək verən güclərin də bu sevdadan əl çəkməsi lazımdır. Amma günümüzdə bu cür terror qruplaşmalarını daha çox bəlli güclər və onların təhlükəsizlik xidmətləri bu və ya digər məqsədlərlə istifadə edir. Təbii ki, Türkiyə bir dövlət kimi İŞİD-i tamamilə məhv edə bilər. Problem deyil, təcrübəsi də var. Ən azından Türkiyə bölgədəki savaş zamanında 3 mindən çox terroristi yox edib. Ölkə içərisində də onlara qarşı ciddi şəkildə amansız mübarizə aparıb. Yox etməyə dövlət olaraq imkanları çox yüksəkdir, amma tamamilə terroru yox etmək təkcə Türkiyənin edə biləcəyi bir iş deyil.

  • Tramp gözlənilmədən İraqa, daha sonra isə Almaniyaya səfər edib. Bu səfərlərdən gözləntilər nədir?

  • Təbii ki, burada məqsəd İraqda vuruşan əsgərlərin əhval-ruhiyyəsini artırmaq idi. Birbaşa prezidentin ora gedərək əsgərlərlə görüşməsi əlbəttə ki, onlarda yüksək mənəvi ruh yaradır. Ən azından onların qarşısında çıxış edərkən Tramp öz fikrini onlara deyib. Bölgədən çəkilmədiyi mənasında ifadələrə də yer verib. Almaniya səfərinə gəldikdə isə Amerikanın son illər bölgədəki fəaliyyətlərində Almaniya dəsti-xəttini görürük, aktivlik var. İkili münasibətlər də bu baxımdan çox önəmlidir. Bu səfərlərdən əslində Amerikanın müəyyən gözləntiləri var. Dediyim kimi bölgədə proseslər davam edəcək.

  • Regiona qayıdaq. Ermənistanın Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov facebook səhifəsində tənqidi fikirlər bildirib: Diaspor nazirliyi bağlanıb; minlərlə ölkə sakini yeni ili işsiz qarşılayacaq; ilk dəfə Ermənistan prezidenti həbs edildi; ilk dəfə milli şurada müxalifət olmayacaq. Bütün bunlar Nikol Paşinyanın hakimiyyəti dönəmində baş verib. Bu barədə nə deyə bilərsiniz?

  • Ermənistan məsələsinə gəldikdə isə Azərbaycan üçün çox həssas olan bu mövzu kənardan ciddi görünmür. Yəni Ermənistan kiçik dövlətdir, dünya siyasətinə təsiri o qədər də böyük deyil. Beləliklə, Türkiyədən baxdığınız zaman Ermənistanın içində baş verən hadisələr o qədər də əhəmiyyətli deyil. Çünki Ermənistanın istər iqtisadi vəziyyəti, istər apardığı siyasət və digər məsələlərlə olduğu böhranın içindən çıxa bilmir və çıxma ehtimalı da olduqca azdır. Ermənistanda demokratiya nisbi bir anlayışdır. Paşinyan digərlərinə görə demokrat görünsə də, xarici siyasətdə və digər məsələlərdə demokrat demək imkansızdır. Demokrat dediyiniz insan işğaldan əl çəkər, yalançı soyqırım iddialarından əl çəkər, qonşularla münasibətləri tezliklə düzəldər. Burda Ermənistanın içərisində daxili mübarizənin olduğunu görürük. Keçmiş prezidentlərin tutulması və digər məsələlər də hamısı bununla bağlıdır. Bunları klanlar arası mübarizə kimi də dəyərləndirə bilərik. Paşinyanın çox böyük şeylər əldə edə biləcəyinə inanmıram. Bu səbəblə də Ermənistan Paşinyan dövründə çox güclü bir sıçrayışla irəliyə gedəcək deyə bilmərik. Azərbaycan üçün həssas mövzudur deyə böyüdülür. Amma dünya nöqteyi nəzərindən baxdığınız zaman bunlar dənizdə bir damla belə olmayacaq qədər kiçik hadisələrdir.

  • Rusiya ilə Ukrayna arasında olan gərginlik nə ilə nəticələnə bilər?

  • Əslində nəticəsiz davam edən bir gərginlik var. Çünki qüvvələr bərabər deyil. Rusiya Ukrayna ilə müqayisə edilməyəcək dərəcədə güclü bir dövlətdir.Risk alıb böyük savaş çıxaracaq qüvvədə deyil. Bu səbəblə Ukrayna bu cür proseslərdə qərbdən və digər ölkələrdən dəstək almağa çalışır.

  • Ümumiyyətlə Poroşenkonun Rusiyaya meydan oxuması məntiqlidirmi?

  • Əlbəttə məntiqlidir. Bu həm daxili, həm xarici siyasətlə bağlıdır. İkincisi, sadəcə meydan oxumur. İşğal olunmuş ərazilər var və bölgəsində savaş gedir. Buna görə də Poroşenko öz dövlətini qorumağa çalışır. Bu cür məsələlərdə çox vaxt məntiq yürütmək doğru deyil. Bəzi məsələlərdə bunu etmək lazımdır və Poroşenkonun da etdiyi Rusiyaya qarşı meydan oxumaqdır. Bu eyni zamanda Ukrayna içərisində millət zehniyyətinin ortaya çıxmasına da kömək edir. Onu da demək lazımdır ki, bu hadisə olduqca təhlükəli hadisədir və təsadüfi deyil ki, bölgədə baş verən ən böhranlı hadisələr içərisində və dünya müharibəsi çıxacaq hadisələr içərisində Qara dəniz hövzəsindəki bu Rusiya-Ukrayna gərginliyi ortaya atılıb. Eyni zamanda həm Azərbaycana, həm də Türkiyəyə birbaşa təsiri var. Kerç boğazında baş verən insident ən azından böyük savaşa dönərsə, bölgədəki enerji layihələrinə, ticari əsaslarına və şimalında ən azından dəngələrin dəyişməsinə gətirə biləcək hadisədir. Azərbaycana gəldikdə isə bilirsiniz ki, Qarabağ problemi var. Bununla müqayisədə Rusiyanın apardığı siyasət Ermənistan üçün əslində fürsətdir. Qonşu ölkənin ərazisini öz ərazisinə birləşdirmək Ermənistan üçün nümunə təşkil edə bilər. Doğrudur bu hadisələri müqayisə etmək düzgün deyil, amma ən azından bir nümunə kimi istifadə edə bilər. Bir də unutmamaq lazımdır ki, bizim bölgədə Rusiya Ermənistanı açıq şəkildə dəstəkləyir və dolayı yolla rəsmi olaraq Dağlıq Qarabağda olan marionet rejimi tanımasa da, ən yüksək ağızlardan belə, prezident deməzdik, amma aşağı səviyyədə hamısı burdakı dırnaq arası dövləti tanıyırlar.

  • Bəs İran necə? ABŞ-ın sanksiyalarına bir növ biganə yanaşdı. Bu da gələcəkdə ölkə əhalisinin sosial durumunun pisləşməsinə İran iqtisadiyyatının isə tam inflyasiyaya uğramasına gətirib çıxara bilərmi?

  • İran məsələsinə gəldikdə isə ABŞ-ın sanksiyalarına biganə yanaşmaq deyil. Belə demək mümkündürsə, Amerika bildiyini edir. Amerikanın İrana qarşı siyasəti dəyişməyəcək. Bu, həm də Amerikanın bölgədəki ən böyük müttəfiqi olan İsraillə bağlıdır. Amma bir mütəxəssis olaraq bunu deyə bilərəm ki, əslində sanksiyalar çox effektiv təsir göstərmir. Ölkəni iqtisadi cəhətdən iflicə sala bilər, amma əsas etibarilə əhalinin yaşayışını ağırlaşdırır. Amma bunlara baxmayaraq sanksiyalar rejimlərin tam işinə yarayır. Ən azından ölkə içərisindəki böhranların hamısını bunu bəhanə edərək ört-basdır edə bilərlər. Ölkə içində “lokal milliyətçiliyi” təşviq edərək beynəlxalq imperializmə qarşı mübarizədə onları birləşdirə bilirlər. Bu çox da siyasətdən vaz keçirici deyil və İran nümunəsi də buna misaldır. Rusiyaya qarşı Krımın işğalı ilə bağlı verilən sanksiyalara baxaq. Rusiya vaz keçdimi Krımın işğalından? Yox, davam edir. Sanksiyaların effektiv təsir mexanizmasının olduğunu düşünmürəm. Sadəcə və sadəcə əhalinin yaşam standartları çox düşür, böhranı artırır və biraz insanlıqdan kənar davranışdır .

Pərvanə Ağazadə

AzNews.az