“İşdən əlavə marağım, yenə də işimdir” “İşdən əlavə marağım, yenə də işimdir”
  • Hadisə
  • 22 Yanvar 2019 15:22
  •  7 104

“Yeni planlarımı zamanın axarına buraxmışam” - Xuraman Rəcəbova ilə “30 Altı” layihəsində

“İşdən əlavə marağım, yenə də işimdir”

AzNews.az-ın “30 Altı” layihəsinin növbəti müsahibi həkim-endokrinoloq Xuraman Rəcəbovadır.

Özü haqqında:Mən, Xuraman Rəcəbova 1985-ci ildə Naxçıvan şəhərində doğulmuşam. 7-ci sinifə kimi Naxçıvanda Hüseyin Cavid adına 5 nömrəli orta məktəbdə oxumuşam. 7-ci sinifdən Bakıda A.Şaiq adına 54 nömrəli orta məktəbdə oxumuşam. Bakıda ATU-ya daxil olmuşam 2 il oxuduqdan sonra öz istəyimlə təyinimi Rusiya Federasiyasının İrkutsk vilayətindəki İrkutsk Dövlət Tibb Universitetinə almışam. Tibb Universitetini orda bitirmişəm. Endokrinologiya üzrə ixtisaslaşma kursumu ,yəni, Kliniki Ordinaturani da orda keçmişəm. 2011-ci ilin axırları Bakıya geri dönmüşəm və 2012-ci ildən Bakıda həkim Endokrinoloq kimi fəaliyyət göstərirəm. Bir çox özəl klinikalarda çalışmışam. Bir müddət Dövlət xəstəxanasında da fəaliyyət göstərmişəm. Hazırda özəl klinikada həkim fəaliyyətimi davam etdirirəm”.

- Təhsilinizi xaricdə almısınız. Bəs Azərbaycanda tibb təhsilini necə qiymətləndirmək olar?

- Bəli, Ali Tibbi təhsilimi Rusiya Federasiyasında almışam. Azərbaycanda tibb təhsilini hazırda yaxşı dəyərləndirirəm. Məncə, əvvəlki illərə nisbətən tələbələr üçün daha yaxşı şərait yaradılıb. Oxumaq istəyən, istənilən şəraitdə oxuyur. Mənim Rusiyaya gedişim, orda tibbi təhsilimi davam etdirməyim burdakı təhsilin pis və ya yaxşı olub-olmaması ilə əlaqədar deyildi. Bu, sadəcə şəxsi bir istək idi.

- Tez-tez tibb verilişlərində qonaq olursunuz. Heç nə vaxtsa, özünüz bu sahə ilə bağlı veriliş açmağı düşündünüzmü?

- Televiziyaya, xüsusən də, tibbi verilişlərə 2013-cu ildən daim dəvət almışam və imkan daxilində çalışmışam iştirak edim. Müxtəlif mövzularla bağlı çıxışlarım olub, daim müsahibələr götürülüb. Hazırda da müraciətlər olur, sadəcə, vaxt qıtlığından hamısına yetişmək mümkün olmur. Azərbaycanda tibbi veriliş açmaq istəmişəm və imkan olar Allah qismət edərsə o arzu hələ də gündəmdədir. Bu verilişin açılmasında məqsədim insanları tibbi maarifləndirmək, xüsusilə də Endokrinologiya və Tibbin digər sahələri ilə elaqəli mövzular ətrafında o verilişdə xalqımıza ,vətəndaşlarımıza məlumat çatdırmaqdır.

- Bizdə tibbin hansı sahəsi daha yaxşı inkişaf edib?

- Əvvəlki illərlə müqayisədə indi demək olar ki, ölkəmizdə tibbin bütün sahələri inkişaf edib və etməkdə davam edir. Azərbaycanda tibbin inkişafi üçün istər dövlətimiz , istərsə də həkimlərimiz əlindən gələni edir. Dövlətimiz tibb tələbələrinin savadlı kadr olması üçün nə lazımdırsa şərait yaradır. Hər kəs öz istəyinə görə, istər Bakıda, istər xaricdə təhsil alır,ixtisaslaşır. Həkimlərimiz ,xüsusən də gənc həkimlərimiz ixtisaslaşmaq üçün, tibbdəki yeniliklərdən xəbərdar olmaq üçün daim öz elmi , tibbi biliklərini artırır ,daim yeniləyirlər .Əlbəttə, mən də bu prosese daxiləm.

- Özünüzü işinizin peşəkarı hesab edirsinizmi?

- Bir insan özündən tamamilə razı olursa, onda mütləq xəta edir. Ona görə də həkim daim öz sənətinin peşəkarı olmağa çalışmalıdır, daim özünü inkişaf etdirməlidir. Mən bu işin peşəkarıyam mən bu işi hamidan əla bilirəm deyən insan özünü inkişaf etdirmir deməkdir. Əlbəttə ki, Endokrinologiyani sevirəm. Tibbin bütün sahələri gözəldir, amma mənim sırf endokrinologiyanı seçməyimin də mənə məxsus özəl bir səbəbi var. Endokrinologiya tibbin elə bir sahəsidir ki, illərlə nə qədər öyrənilərsə, nə qədər kəşf edilərsə, yenə də azdır. Tibbin ən maraqlı sahəsidir. Daim inkişafda olan, daim diqqət tələb edən, hər pasientə fərdi yanaşmağı, hər detalı nəzərə almağı və həkimdən çox səbr tələb edən sahədir.

- Hazırda işləriniz necə gedir? Harada çalışırsınız?

- İşlərimiz yaxşıdır, şükür Allaha. Özəl klinikada fəaliyyət göstəririk, hətta lazım olanda əlavə endokrinoloq kimi konsultasiyalara gedirik, yəni bizdən kömək istəyənlərə gücümüz yetdiyi qədər kömək etməyə çalışırıq. Biz həkim adı ilə görəvləndirilmişiksə, ən azından, imkan daxilində insanlara yetişməyə çalışırıq.

- Sizdən narazı qalan pasientləriniz olub? Olubsa hansı tədbirləri görmüsünüz?

- Azərbaycanda çalışmağa başladığım vaxtdan indiyə kimi pasientlərimdən şəxsən öz ünvanıma şikayət, narazılıq eşitməmişəm. Ola bilər iş prosesində məndən asılı olmayan anlaşılmazlıqlar olsun, onu hər zaman çalışırıq ele həll edək ki, insanlar bizdən razı qalsinlar. Mən pasiyentlərimdən indiyə kimi ancaq təşəkkür eşitmişəm. Elə Rusiyada çalışdığım müddətdə də pasientlərimdən daim "sağ ol" eşidirdim. İnsanların rəğbətini, duasını qazanmaq ən böyük xoşbəxtliklərdən biridir məncə.

- Bəs işlərdən əlavə hansı maraqlarınız var?

- İşdən əlavə marağım, elə yenə də işimdir. Əgər tibb elmini tamamən kənara qoysaq, hobbi olaraq incəsənətin sahələrinə maraqliyam (pianoda, skripkada ifa etmək və s.). Ədəbiyyata da marağım var. Əlavə maraqlarımız çoxdur, saymaqla bitməz. Allahın yaratdığı bu kainat ayrıca bir elmdir və onu dərk edən insan üçün bu dünyada maraqsız ola biləcək bir sahə yoxdur.

- Dincəlmək üçün sizə görə ən yaxşı vasitə nədir?

- Vasitələr müxtəlif ola bilər, o, həmin an mənim olduğum mühitdən asılıdır, amma daha çox kitab oxumağı, təbiətdə olmağı sevirəm. Sevdiyim musiqiləri gözəl mənzərəli təbiət qoynunda dinləmək sinir sistemimi rahatladır və yaşam enerjimi bərpa edir.

- Yeni planlarınızdan danışmağınızı istərdik.

- Yeni planlarım, arzularım böyükdür. Sadəcə, öncədən deməyi ,danışmağı sevmirəm. Hər işin öz zamanı var. Yeni planlarımızı zamanın axışına həvalə etmişik.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description