“Kreml Azərbaycana görə çox minnət edir” - Əziz Əlibəyli ilə “Yaxın plan”da

"Bizim əsas problemimiz odur ki..."

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylidir.

- Bu il martın sonuna qədər İranın Avrasiya ittifaqına qoşulacağı iddia edilir. Bu, gələcəkdə Azərbaycan üçün hansı problemlər yarada bilər? Məlum olduğu kimi, Azərbaycanla müharibə şəraitində olan Ermənistan da həmin ittifaqa üzvdür...

- Əvvəlcə, bu suala cavab tapmaq lazımdır: İran Rusiya üçün nə deməkdir və ya əksinə, Rusiya İran üçün niyə bu qədər strateji önəmə sahibdir? İndiki əlaqələrin tarixi 1979-cu ildə baş vermiş İran inqilabına qədər uzanır. Çünki bu inqilabı İranı ABŞ asılılığında olan şahdan xilas etmək və İranı öz nüfuz dairəsinə salmaq istəyən SSRİ ilə Fransa planlaşdırdılar. Nəticədə İranı rəsmən Qərb nüfuzundan aldılar. Amma İran arxasındakı bu gücü daha sonralar məqsədinə uyğun olaraq faydaya çevirməyə başladı. Bu gün hamı düşünür ki, İran ABŞ-ın əsas düşmənlərindən biridir. Amma İraq müharibəsi, Əfqanıstan savaşındakı İran kəşfiyyatının oynadığı rol, vacib hərbi - lojistik məntəqələrin xəritəsinin ABŞ ordusuna məhz İran xəfiyyəsinin satması başqa detallardan xəbər verirdi. Bəzən bu cür "qambit" gedişlər çoxlu sayda cavabı olmayan suallar doğurur. Amma ümumi gedişata görə biz daha çox ehtimalı Rusiya - İran münasibətlərinə görə qiymətləndiririk. İran və Rusiya əməkdaşlığının bir neçə ciddi formatı mövcuddur. Bunlardan biri də sözügedən Avrasiya İttifaqı modelidir. İranla əməkdaşlıq edən təşkilatın vahid iqtisadi məkan ideyası və praktiki yönləri mövcuddur. Gərək üzv ediləcək ölkə bir sıra vacib həyati strukturlarını birliyə uyğunlaşdırsın. Mən bilmirəm, siyasi iradə ola bilər ki, iqtisadi qaydaları istisna etsin və İran həqiqətən də bu quruma üzv ola bilsin. Rusiya bu xətlə İrana 5 milyard dollar kredit ayırması məsələni gündəmə gətirib. Amma hesab edirəm ki, bu, İran baxımından (hansı ki, hazırda bazarsız qalıb, bank əməliyyatları dondurulub, əsas gəlir mənbəyi olan neft sənayesi sanksiyaya məruz qalıb) sırf bazar əldə etməsi üçün maraqlı amil ola bilər. Rusiya təkcə İranı yox, Türkiyəni də bu qurumda görmək istəyir. Belə bir ehtimalı yaradan Suriyadakı əməkdaşlıq və üç ölkənin praqmatik-ticari əlaqələridir. Məsələlərə daha qlobal yanaşan Rusiya bunu istəyir. Ona görə də bu təşkilatda Ermənistan məsələsi çox primitiv görünür. Yaxud da İranın üzvlüyünün bizə təsiri də bu qəbildəndir. Yəni Azərbaycan məsələsi o qədər regional əhəmiyyətlidir ki, burada Ermənistan adlı dövlətin mövqeyi heç kimə maraqlı deyil. Əksinə, bu proseslər baş tutarsa, Azərbaycanın qapısını daha fərqli, cazib təkliflərlə döyəcəklər.

- İranın bura üzv olmaqda məqsədi nədir?

- İranın ABŞ sanksiyalarına qarşı davam gətirmək və həyatda qalmaq üçün, yaratdığı şiə ayparasına qan depolamaq üçün gücə ehtiyacı var. Açığı, son sanksiyalar qonşu dövləti kasıbladıb, zəifldib. Buna görə də rentabelli əməkdaşlığa möhtacdır. Buna təkcə Avrasiya İttifaqı məsələsi daxil deyil. Çinin himayəsindəki Şanxay İttifaqı da İran üçün nəfəslik rolunu oynayır. Hesablayaq ki, İran neft ehtiyatlarına görə dünyanın 6-cı ölkəsidir. Neft qiymətlərində bum yaşananda ölkə hər dollar artımına görə əlavə 1 milyard dollar artıq kassasına qoyurdu. İndi o imkan sıfırlanıb, ümid qalıb qaçaqmalçılıq və ya da birbaşa bloklanmamış sahələrdəki əməkdaşlığa. Ona görə, bu ölkənin hansısa əməkdaşlıq formatı axtarması məcburi xarakter daşıyır.

- Tehran Moskva ilə daha da yaxınlaşa bilərmi?

- Əlbəttə, Qərbə qarşı savaşırsansa, müttəfiqinə daha bərk sarılmağa məhkumsan. Bu, Suriyada da belə oldu, Yəməndə də, İraqda da. Ərəb inqilabları zamanı devirilən diktatorları bəsləyən ABŞ və Qərb ölkələri sonra bunu tələyə çevirdilər. "Domino" effekti Suriyada daşa dəydi. Əgər Suriya rejimi çöksəydi, İranın dəstəklədiyi şiə siyasi gücü əməlli-başlı məğlubiyyətə düçar olacaqdı. Çünki Suriyadan sonra hədəf açıq formada İran idi. İrandan sonra isə Türkiyə və ardıcıl olaraq Rusiya olmalı idi. Sosial şəbəkə inqilablarının sonunda xaosa sürüklənmiş Avrasiyaya sahib olmaq Atlantik strateqləri üçün daha komfort idi. Amma Moskvada, Tehranda, Ankarada bu addımın məqsədini çox tez başa düşdülər. İranla Rusiya arasındakı əməkdaşlıq indi daha çox bir səngərdə vuruşan iki əsgəri xatırladır. Arxasını çevirəni güllələyəcəklər.

- İki əsas qonşumuzun eyni birliyə üzv olması, gələcəkdə Azərbaycanı da həmin birliyə üzv edə bilər?

- Azərbaycan xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında balanslı siyasəti əsas götürür. Əməkdaşlıq platformasına üstünlük verir, bərbərhüquqlu fəaliyyəti ön görür. Azərbaycanın bu quruma üzvlük məsələsi son 3 ildir gündəmdən düşmür. Hətta bəzi açıq bəyanatlardan sonra məlum oldu ki, Azərbaycan Dağlıq Qarabağ problemininin ərazi bütövlüyü çərçivəsində həllindən sonra bu platformaya qoşulmağa isti yanaşır. Bu, Ermənistanın "Axilles dabanı"dır. Gələcəkdə biz bununla bağlı daha həlledici məqam yetişəcəyini proqnoz edə bilərik. Paşinyan onsuz da Moskvanın əsəbləri ilə oynayır. Bundan sonra maraqlı şeylərin baş verəcəyinə inam da güclənməkdədir.

- Azərbaycan bu birliyə üzv olmaq istəyərsə, buna birinci Ermənistan mane olmağa çalışacaq. Çünki onun səsvermədə veto hüququ var. Ancaq sonda son söz yenə də Kremlindir...

- Kreml Azərbaycana görə çox minnət edir. Jirinovskinin timsalında bunu bildirdilər. Rusiya kaş ki, tarixi həqiqəti qəbul edə, bu səhvi düzəldə. Avrasiya İttifaqı Azərbaycanı qazanmaq üçün torpaqlarımızın azad olunmasını tələb edə, işğalçı erməniləri cəzalandıra və 25 il əvvəl etdiyi hərəkətin əksini həyata keçirə. Bax, sözün əsl mənasında bazarlıq missiyası bizi də yorub. İndi təşkilatda üzv və guya söz sahibi olan Ermənistan Rusiyanın doğru addımı qarşısında nə edə bilər ki? Hər şeyi öz adıyla çağırmaq lazımdır. Aprel döyüşləri də göstərdi ki, bizim əsas problemimiz Ermənistan və onun Qarabağdakı separatçı ünsürləri deyil, onların arxalandıqları Rusiya amilidir...

Pərvanə Ağazadə
AzNews.az