"Bu, mənə qarşı informasiya terroru idi" - Naqif Həmzəyev "Deputatın gündəliyi"ndə

"Deputat xalqın xidmətçisidir, bu şərəfli işin məsuliyyəti də böyükdür".

AzNews.az-ın "Deputatın gündəliyi" rubrikasının budəfəki qonağı Milli Məclisin deputatı Naqif Həmzəyevdir.

- Naqif bəy, çoxşaxəli deputat fəaliyyətinizi necə təşkil edirsiniz, hər işə vaxtınız çatırmı?

- Deputat kimi fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, üzərimə düşən bütün vəzifələri layiqincə yerinə yetirim. Seçildiyim ərazinin seçiciləri ilə mütəmadi görüşürəm, onların problemləri ilə səlahiyyətim dairəsində məşğul oluram. Millət vəkili kimi parlamentin komitə və plenar iclaslarında, eləcə də AŞPA nümayəndə heyətinin üzvü kimi beynəlxalq tədbirlərdə iştirak etmək kənardan baxanda çətin görünür. Lakin iş qrafikini düzgün quranda istədiyin nəticəni ala bilirsən.

- Şəxsi həyatınıza necə, zaman ayıra bilirsinizmi?

- Ümumiyyətlə, övladlarımla vaxt keçirməyi sevirəm. Doğrusu, tez-tez xarici səfərlərdə, Milli Məclisin iclasları ilə bağlı Bakıda olduğum üçün buna vaxtım az qalır. Gəncədə olanda isə uşaqlarımla səmərəli vaxt keçirməyə çalışıram. Onlarla söhbət etmək, böyüdüklərini görmək məni xoşbəxt edir.

- Deputat seçildiyiniz ilk günlər səsli-küylü oldu. M.Rəsulzadə ilə bağlı fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmadı. Bunlar sonrakı fəaliyyətinizdə komplekslər yaratmadı ki?

- AXC-nin qurucularından biri olan Məmməd Əmin Rəsulzadə haqqında mətbuatda yazılan sözləri mən deməmişdim. Bu, mənə qarşı yönələn antikampaniya və informasiya terroru idi. Sözsüz ki, demədiyin sözə görə cəmiyyətdə sənin haqqında yaranan fikir məni narahat eməyə bilməzdi...

- Deputat ictimai bir fiqurdur. Onun dedikləri cəmiyyətdə həm təriflənə, həm də tənqid edilə bilər. Sizcə, bizim deputatlar daha çox təriflənir, ya tənqid edilir?

- Millət vəkilləri cəmiyyətdə ictimai fiqur olmaqla yanaşı, əqidə möhkəmliyi, xeyirxahlığı, nəcib insani keyfiyyətlərinə görə el-obada böyük nüfuz qazanmış insanlardır. Əfsuslar olsun ki, sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində bəzən düzgün olmayan xəbərlər nəticəsində millət vəkillərinin, hətta ziyalıların adları qalmaqallarda hallanır. Bu da cəmiyyətdə birmənalı olmayan fikirlər yaradır. Qaldı millət vəkilinin təriflənməsinə, millət vəkili xalqın elçisidir, xalqın adından parlamentdə, cəmiyyətdə təmsil olunur. Millət vəkili fəaliyyəti, davranışı ilə göstərilən etimadı doğrultmağa çalışır, xalq qarşısındakı şərəfli işin məsuliyyətini daim çiyinlərində hiss edir. Belə ki, millət vəkili gördüyü işləri təriflənmək üçün deyil, ona göstərilən etimada layiq olmaq üçün edir.

- Naqif bəy, parlamentdə yuxarıdan, yəni jurnalistlərin oturduğu yerdən baxanda köhnə deputatlar özündən razı görünür, sanki yeni deputatlara bir az yuxarıdan aşağı baxırlar. Siz necə düşünürsünüz?

- Bilmirəm, sizin oturduğunuz yerdən necə görsənir, ancaq belə deyil. Millət vəkilləri arasında səmimiyyət, qarşılıqlı hörmət, dostluq münasibətləri var.

- Bəs, seçicilərlə hansı formada və hansı tezlikdə təmasda olursunuz. Əsasən sizdən nə xahiş edirlər?

- Mütəmadi olaraq, seçildiyim ərazidən olan vətəndaşlarla görüşlərim olur, onların problemləri, güzəranları ilə maraqlanıram. Adətən seçicilərim sosial məsələlərlə, məşğulluqla bağlı müraciətlər edirlər. Səlahiyyətim daxilində onlara yardım etməyə çalışıram.

- Xarici ezamiyyələr zamanı yalnız protokolla kifayətlənirsiniz, Azərbaycanın tanıdılması, təbliği üçün başqa nə kimi addımlar atırsınız?

- Mənim fikrimə görə, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər bir azərbaycanlı doğma Vətəninin dünyada tanınması, ölkəmiz haqqında müsbət fikirlərin formalaşması üçün çalışmalıdır. Bunun da hər hansı bir sərhədi, limiti olmamalıdır. Ölkəmizlə bağlı nə qədər çox təbliğat aparsaq, bu, bizim uğurumuzdur. Mən də xarici səfərlərimdə daha çox Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini, təbliğ edirəm. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətrafl məlumat çatdırmağa çalışıram. Sevindirici haldır ki, tez-tez xarici ölkə vətəndaşlarında Azərbaycan haqqında müsbət fikir formalaşdığının şahidi oluram. Bu da bir vətəndaş kimi məni qürurlandırır.

- Sizə görə, deputat olmağın avantajları nədir?

- Bayaq dediyim fikrə qayıdıram, deputat xalqın elçisidir, xalqın xidmətçisidir. Bu şərəfli işin məsuliyyəti də böyükdür.

Elgün MƏNSİMOV
AzNews.az

***

Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonunun (Vardenis) Nərimanlı kəndində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub. 2003-2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyniadlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. 2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub.

2013-cü il 8 fevral tarixində Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib və 2014-cü il 12 may tarixinədək bu vəzifədə çalışıb.

2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib.

2015-ci il 19 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Hal-hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir. 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.