Hər küçədən keçən səhnəyə gəlir. Yatır, bir gün ayılır ki, “mən aktyor olmaq istəyirəm”. Hər küçədən keçən səhnəyə gəlir. Yatır, bir gün ayılır ki, “mən aktyor olmaq istəyirəm”.
  • Hadisə
  • 28 Mart 2019 14:41
  •  21 235

Teatr rəhbərləri həmin “aktrisa”ları görən kimi işə götürür - İlhamə Əhmədova

Hər küçədən keçən səhnəyə gəlir. Yatır, bir gün ayılır ki, “mən aktyor olmaq istəyirəm”.

AzNews.az-ın “Morze Əlifbası” layihəsinin bu günkü qonağı Bakı Uşaq Teatrının rejissoru İlhamə Əhmədovadır.

- Teatr sənətinə dövlət qayğısı artmaqdadır. Prezident teatr sənəti ilə bağlı bir-birinin ardınca sərəncamlar imzalayıb. Həmin sərəncamlardan Bakı Uşaq Teatrına da pay düşüb?

- Bakı Uşaq Teatrı adından teatr sənətinə ayırdığı diqqətə görə prezident İlham Əliyevə dərin təşəkkür edirəm. Bu bayramda teatrlar üçün xoş xəbərlər gəldi, prezident bir-birinin ardınca çoxlu sərəncamlar imzaladı. Təbii ki, bundan Bakı Uşaq Teatrına da pay düşdü. Biz aktyorlar işimizi sevirik və mədəniyyətimizə xidmət edirik. Aktyora az da olsa qayğı göstəriləndə onun sevincinin həddi-hüdudu olmur. Maaşlarımız artdı. Biz həm də mədəniyyət naziri Əbülfəs Qarayevə təşəkkür edirik. Bu məsələdə onun da xidmətləri olub. Uşaq Teatrı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdindədir. İdarənin rəisi Cəlil müəllimin xidmətləri böyükdür. Cəlil müəllim quruma təyin olunan gündən Bakı Uşaq Teatrında bir canlanma yarandı. Ən böyük təşəkkür isə teatrın direktoru İntiqam Soltana düşür. Çünki bu teatrı yaşadan odur. Uşaqlar üçün tərbiyyəvi tamaşalar hazırlayır. Mən Gənc Tamaşaçılar Teatrında işləyirdim. İntiqam müəllim məni bu teatra dəvət elədi. Yaxşı ki, mən İntiqam Soltanın yanına gəldim. Uşaq psixologiyasını dərindən bilir. Uşaqlarla işləyəndə, tamaşalar hazırlayanda o, ilk öncə uşaqların psixologiyasını düşünür.

- İş yerinizi Gənc Tamaşaçılar Teatrından Bakı Uşaq Teatrına dəyişdiyiniz üçün peşiman deyilsiniz?

- Qətiyyən. Amma ilk vaxtlarda çox çətin idi. İntiqam müəllim mənə çox kömək elədi. Hərdən uşaq tamaşalarının sonluğunda tülkünü öldürməyi düşünürdüm və s. məsələlərə aqressiv yanaşırdım. İntiqam müəllim mənə başa saldı ki, uşaq tamaşalarında aqresiya olmaz, bu zamanla uşaqların beyninə yeriyə bilər. Biz uşaqları pis vərdişlərdən daşındırmağa kökləməliyik, bütün tamaşalarımızda bu, öz əksini tapmalıdır. İndi uşaqlarla işləmək çox asandır. Hətta yeri gələndə İntiqam Soltandan məsləhətlər də alıram. Uşaqlarla işləmək çox çətindir. Bunu hər adam bacara bilməzdi. Amma İntiqam Soltan bu işin öhdəsindən layiqincə gəldi. O, uşaqların dilini gözəl bilir.

- 10 ildən çoxdur ki, teatr sənətində bir ənənə var. Teatrda zəhməti olan yaşlı aktyorları çıxarıb, yerinə təzə kadrlar götürürlər. Amma məsələ burasındadır ki, teatra gənc aktyorlar gətirilmir. Bunun səbəbi nədir?

- Biz yaşlı aktyorların teatrdan, səhnədən uzaqlaşdırılmasının əlehinəyik. Bir halda ki, aktyorun sağlamlığı səhnə qanunlarına imkan verir, niyə də işləməsin. Bizə yaşlı aktyorlarla yanaşı gənclərin yetişdirilməsi də lazımdır. Dövlət teatra dəstək verir. Amma bəzi adamlar var ki, teatra, sənətə hörmət etmir.

- Konkret olaraq kimlər?

- Teatr rəhbərləri. Mən teatr rəhbərlərinin hər birindən üzr istəyirəm. Amma teatrın böyük bir problemi var. İstənilən bir peşəni, ixtisası bitirən şəxs qəfildən aktyor olmaq eşqinə düşür. Niyə? Mədəniyyət və İncəsənət Universiteti var, bu təhsil müəssisəsi hər il aktyor və rejissor buraxır. Azərbaycan teatr sənətinə xidmət edən və edəcək şəxslər həmin o təhsil müəssisəsində hazırlanır. Əgər yerindən duran, ayrı-ayrı sənət sahibləri teatra gəlirsə, onda Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır? Mən universitetin rejissorluq fakültəsini bitirib gedib Texniki Universitetdə müəllim işləyirəm. Bu, necə olar? Mən o tələbəyə nə öyrədə bilərəm? Oxumadığım peşənin sirrlərini bilmədiyim halda mən necə cərrah ola bilərəm? Eləcə də aktyorlar… Rejissorlar bəzi “aktyorları” heç bir təhsil almadan teatra işə götürürlər. Əvvəllər teatrın, səhnənin, aktyorların dəyəri vardı. Biz teatrı məbəd, teatrı isə müqəddəs yer bilirdik. Aktyor səhnəyə dua edib çıxardı. Daha müqəddəslik qalmayıb, onu itirmişik. Hər küçədən keçən səhnəyə gəlir. Yatır, bir gün ayılır ki, “mən aktyor olmaq istəyirəm”. Ən dəhşətlisi teatr rəhbərləri həmin “aktrisa”ları görən kimi işə götürür.

- Mərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun həyat yoldaşı müsahibəsində bildirib ki, “Məmməd xəstədir. Nəqliyyata minməmək üçün evlərinin yaxınlığında Akademik Milli Dram Teatrına işə girmək üçün müraciət edib. Amma onun müraciətinə yox deyirlər”. Teatr rəhbərliyi aktyor qala-qala küçədən keçəni teatra necə götürür?

- Çox rahat şəkildə götürürlər. Hansı yola, yaxud da necə? Bax bunu anlamıram. Çox heyifslənirəm. Və düşünürəm ki, bunun qarşısı alınmalıdır. Hər gələni səhnəyə buraxmaq olmaz. Nə qədər desən də onlar səhnəni, tamaşanı anlaya bilmir. Hərdən deyirlər ki, “fitri istedaddır”. Razılaşmıram. Hamının istedadı var. Mən onun nəzəriyyəsini, praktikasını keçməliyəm. Universiteti bitirən tələbələr teatra sınaq müddətinə götürülməlidir. Onlar sınaqdan keçəndən sonra teatrda böyük obrazlar oynamaq üçün təsdiq olunmalıdır. Aktyora “stat” yoxdur deyənlər kənardan kiminsə dostuna stat verir, işə götürür. Onlar çox rahat şəkildə teatra işə girirlər və illərini teatra verən, səhnənin tozunu udan şəxslərdən bir pillə də yuxarıda hiss edirlər. Lazım gələndə isə onların başından basır. Mən bunların tərəfdarı deyiləm. Teatr rəhbərləri, rejissorlar belə şəxsləri mədəniyyət ocağına buraxmamalıdır. Belə adamların teatra işə götürülməsi korifey aktyorlara təhqirdir. Bu mövzuda danışırlar. Amma nə edək ki, onları heç kim eşitmir və dinləmir. Dəfələrlə eşitmişəm, deyiblər ki, “mən o aktyorlarla səhnəyə çıxmıram”. Rejissor bunu deyən aktyoru cəzalandırır və dərhal onu işdən çıxardır. Sonra da üzünü həmin aktyora tutub deyir ki, “mənim gətirdiyim aktrisa burada işləyəcək. Kim gedir getsin”. Gənc “aktyorların” yetişməsində aktyorların böyük rolu var. Həmin “aktrisalar” teatrdan seriala gəlir. Teatrda onlara qadağa qoyulsa, seriallarda da qoyulacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az