Bizim ailələrdə onlardakı tərbiyyə qaydasını tətbiq etmək çox çətindir Bizim ailələrdə onlardakı tərbiyyə qaydasını tətbiq etmək çox çətindir
  • Hadisə
  • 2 Aprel 2019 15:22
  •  9 016

Heç vaxt kiminsə işinə baxıb onları təkrarlamağı sevmirəm - Dilşad Musa

Bizim ailələrdə onlardakı tərbiyyə qaydasını tətbiq etmək çox çətindir

AzNews.az-ın “30 Altı” layihəsinin bu həftəki müsahibi “Dəcəl Balam” Ailə, qadın və uşaqlara dəstək ictimai birliyinin sədri, eyniadlı jurnalın təsisçisi Dilşad Musadır.

“Dilşad Musa. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini ingilis-fransız dilləri üzrə bitirmişəm. Dilşünasam. Hazırda “Dəcəl Balam” ailə-uşaq inkişaf mərkəzi, Ailə, qadın və uşaqlara dəstək ictimai birliyi, elə eyni adlı “Dəcəl Balam” uşaq jurnalının baş redaktoru və təsisçisiyəm. Eyni zamanda “İmpala textile” geyim brendinin sahibiyəm”.

- Dilşünas olduğunuzu deyirsiniz. Bəs necə oldu ki, uşaqlarla bir yerdə olmağı, onlar üçün mərkəz açmağı qərara aldınız?

- Mən 17 yaşımdan, hələ universitetdə oxuyanda ilk dəfə olaraq könüllü kimi fəaliyyət göstərdim. “Tərəqqi sosial ictimai birliyi” adlanan qurumda işləməyə başladım. Orada biz qaçqın və məcburi köçkün uşaqları ilə işləyirdik. Yay tətillərində hamı gəzirdi, kef edirdi, biz isə qaçqın düşərgələrinə gedirdik, uşaqlar üçün ingilis dili, kompyuter dərsləri keçirdik. Bu, mənə xüsusi zövq verirdi. 4 il universitetdə oxuyarkən demək olar ki, mən ancaq bu uşaqlarla işləmişəm. Universiteti bitirəndən sonra başqa beynəlxalq təşkilatlarda çalışdım, orada da həmçinin uşaqlarla işləyirdim. Burada əqli, fiziki qüsurlu, daun sindromlu uşaqlar da var idi. Beləliklə, uşaqlarla işləməyi öyrəndik. Bununla da məndə uşaqlara qarşı bir sevgi yarandı. Daha sonra özüm də ailə qurdum, uşaq oldu, bu sevgi daha da möhkəmləndi. Artıq uşaq 6 aylıq olandan sonra mən işə getməyə başladım və az müddətdə öz övladım üçün hədsiz darıxdığımı hiss etdim. Bir az da özümü günahkar hiss edirdim ki, mən anayam, amma uşağıma vaxt ayıra bilmirəm. Düşündüm ki, niyə belə bir şey etməyim ki, həm uşaq yanımda olsun, həm də mən özüm işləyim. Beləcə “Dəcəl Balam”ı yaratdım.

- “Dəcəl Balam” jurnalında uşaqlara nəyi çatdırırsınız, əsas qayə nədən ibarətdir?

- Ailə-uşaq jurnalıdır. Uşaq jurnalları çoxdur, amma sırf ailə-uşaq, yəni bir jurnalda həm ailə, həm də uşaqların marağını çəkən jurnal yox idi. Ona görə də biz onu məhz ailə-uşaq jurnalı adlandırdıq. Burada uşaqlardan da, valideynlərdən də müsahibələr götürülür, aylıq jurnala əlavə edilir. “Dəcəl balam”da hər üç dildə nağıllar, rəngləmələr də var. Bir sözlə, uşaqları maraqlandıracaq bütün şeylər burada əks olunub. Biz həm azyaşlı, oxuya bilməyən, həm də hərfləri oxuya bilən uşaqları düşünmüşük. Valideynlər üçün isə uşaq psixologiyası, uşaqla davranış qaydaları əks olunub.

- Qeyd edirsiniz ki, bu, həm ailə, həm də uşaqlar üçündür. Bəs buradakı məlumatlar təzad yaratmır ki? Jurnalda elə bir yazı və ya şəkil ola bilər ki, onu uşaqların görməsi düzgün deyil. Bunu necə tənzimləyirsiniz?

- Biz həmin şeylərə şox diqqət yetiririk. Jurnalda demək olar ki, əsas diqqət uşağın üzərində olur. Hər zaman bir pillə uşağı üstün tuturuq. Bizdə uşağa uşaq kimi yox, şəxsiyyət kimi yanaşma əsas götürülür. Valideynlərə aşılamaq istəyirik ki, o uşaq gələcəkdir və siz ona normal davranmalısınız ki, qarşılığında o da sizə istədiyiniz kimi cavab versin. Əsas məqsəd bu fikirləri aşılamaqdır.

- Son dövrlər yəqin ki, siz də şahidi olmusunuz ki, uşaq nağıllarından, hekayələrdən çıxarılmış uyğunsuz, biədəb hissələr mətbuatda müzakirə olunur. Siz jurnalda bu nüansları necə diqqətdə saxlayırsınız?

- Bu sahədə çox həssasam. Ən çox önəm verdiyimiz məqamdır. Adicə mən evdə öz uşağıma “stəkanı ver mənə” demirəm, “olar stəkanı mənə verəsən” deyirəm. Əslində verə bilər, təbii ki, verəcək. Biz o uşağa necə desək, sabah o da bizimlə elə danışacaq. Ona görə də uşaqlarla necə danışmağımıza, onlara nəyi necə izah etməyimizə diqqət etməliyik.

- Azərbaycanda olan uşaq jurnalları sizi qane edirmi, özünüzə hansınısa rəqib görürsünüzmü?

- Ümumiyyətlə mən heç bir jurnalı özümüzə rəqib bilmirəm. Düzü, bir çox jurnalın içi ilə heç tanış deyiləm. Heç vaxt kiminsə işinə baxıb onları təkrarlamağı sevmirəm. ABŞ, İngiltərə və Avropada dərc olunan jurnalları araşdırıram. Düzdür, bizim ailələrdə onlardakı tərbiyyə qaydasını tətbiq etmək çox çətindir, amma çalışıram ki, hansısa yeniliyi götürüm.

- Sizcə, indiki valideynlər uşaq jurnalı alırmı?

- Bəli, bizim jurnalları alırlar. Biz hətta regionlara da gedirik. Orada da jurnallar maraq doğurur. Çox ehtiyac var. Bir də onu qeyd edim ki, biz valideynlərin diqqətini çəkmək üçün jurnalda istifadə olunan şəkillərin demək olar ki, hamısını mərkəzdəki uşaqların şəklini yerləşdiririk. Bu da yalnız həmin uşağın ailəsində deyil, eyni zamanda onun qohumları, qonşularının da marağına səbəb olur. Valideynlər də, uşaqlar da jurnalda özlərini görmək istəyirlər. Qiymətlərimiz də münasibdir, 4.50 manatdır və 72 səhifədən ibarətdir.

- Mərkəz olaraq neçə ildir fəaliyyət göstərirsiniz?

- Artıq noyabrda 9 il olacaq.

- Deməli ilk yetişdirdiyiniz uşaqlar artıq böyüyüb...

- Qeyd edim ki, ilk buraxılışımız olan uşaqlardan hazırda bizim mərkəzdə bizlə bərabər könüllü işləyənlər də var. Bizim fərqimiz də, sevgimiz də budur ki, uşağa hər hansı bir kurs keçib, yola salmırıq. Çalışırıq ki, həmin uşaqlar bizə özləri, öz istəkləri ilə geri dönüş etsinlər.

- Müsahibənin əvvəlində “İmpala textile” brendinin sahibi olduğunuzu dediniz. Bir az da bu haqda danışmağınızı istərdik.

- Bu, yeni bir geyimdir. “İmpala texstil”in böyüklərlə yanaşı uşaqlar üçün də “Dəcəl Balam” uşaq markası da var ki, balacalar üçün istənilən, müxtəlif geyimlər də olacaq. Hazırda geyindiyim paltarlar da “ İmpala texstil”dəndir. Hələ ki, onlayn fəaliyyət göstəririk.

- Başqa hansı layihələriniz var?

- Bizim layihələrimiz çoxdur. İndi daha çox jurnaldan danışdıq. Amma demək olar ki, jurnal bizim ən kiçik layihəmizdir. Biz bu 9 illik fəaliyyətimizdə mərkəz olaraq bağça kimi də fəaliyyət göstərmişik. “Dəcəl Balam”ın “youtube” versiyası da var. Bu layihəni, “youtube” versiyasını yaratmaq fikrini oğlum Musa mənə verib. Belə ki, sırf uşaqlardan ibarət bir kanaldır. Bizim 16 uşağımız var ki, onlarla çəkilişlər edirik. Aprel ayından bu videolar yayımlanacaq. Bir fərq də ondan ibarətdir ki, burada bizim uşaqlar ingilis dilində danışacaqlar. 5 ay mən onlara kurs keçmişəm, məşq etmişik və demək olar ki, onlar çox yaxşı, bacarıqlı uşaqlardır.

Bizim bəzi layihələrimiz var ki, onlara MMC şəklində qrant almaq mümkün deyil. Ona görə QHT vasitəsilə sosial layihələr həyata keçiririk. Daha sonra indiyə kimi 3 xəstə uşağın müalicəsi üçün çalışmışıq, sağalmasına köməkçi olmuşuq.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description