Qafqazinfo.az: İşğaldan azad olunan torpaqlarda islahatlar bu formada olacaq

Xüsusilə süd emalı və üzüm emalı şəbəkələrinin qurulmasına ehtiyac var

“İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün geniş, əhatəli tədbirlər planı nəzərdə tutulur. İlk növbədə həmin ərazidəki torpaqlar bərpa olunmalı, meliorasiya, irriqasiya sistemləri quraşdırılmalıdır ki, kənd təsərrüfatına yararlı hala gəlsin. Eyni zamanda bu torpaqların təyinatı üzrə uçotu aparılmalıdır, yəni əkin, örüş, biçənək yeri olması müəyyənləşdirilməlidir. Bundan sonra bu torpaqların orada yaşayacaq insanların istifadəsinə verilməsi üçün müvafiq mexanizm əsasında tədbirlər həyata keçiriləcək”.

AzNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib.

O qeyd edib ki, bundan sonra insanların həmin torpaqlarda əkin-biçinlə məşğul olması üçün təchizat sistemləri qurulmalıdır: “Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı aqroservis xidməti göstərən qurumu var. Həmin qurum vasitəsilə burada kənd təsərrüfatı texnikası ilə təminat sistemi qurulacaq, eyni zamanda özəl sektorun dəstəklənməsi, təşviqi mexanizmləri hesabına gübrə, toxum, pestisidlərlə təchizat sistemləri yaradılacaq. Paralel olaraq, heyvandarlıq infrastrukturunun qurulmasına da başlanılacaq. Bu rayonlarda infrastruktur, o cümlədən, fermalar dağıdılıb. İlk növbədə burada insanlar tərəfindən fermaların qurulması dəstəklənəcək. Bu fermaların iribuynuzlu və xırdabuynuzlu heyvanlarla təminatı üçün zəruri dəstək tədbirləri göstəriləcək”.

F. Fikrətzadə bildirib ki, regionun potensialını nəzərə alaraq burada arıçılıq təsərrüfatlarının, həmçinin regionun spesifikasına uyğun olaraq, emal müəssisələrinin yaradılması da nəzərdə tutulur. Xüsusilə süd emalı və üzüm emalı şəbəkələrinin qurulmasına ehtiyac var.

ATM-in direktoru qeyd edib ki, torpaqların işğaldan azad olunmasından sonra 155 min hektarlıq əkin dövriyyəsi bizim ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq: “Proqnozlaşdırmalar göstərir ki, orada 400 min başlıq iri buynuzlu və 1,5 milyon başlıq isə xırda buynuzlu heyvan sürüsü formalaşdırılacaq. Bu, o deməkdir ki, həm heyvandarlıq, həm də bitkiçilik üzrə indiki kənd təsərrüfatının həcminin 8 faizi nisbətində orada ümumi məhsul istehsalı təşkil olunacaq. Amma bu region daha çox heyvandarlıq üzrə spesifikdir. Bərpa olunandan sonra əkin dövriyyəsi ümumi ölkənin əkin dövriyyəsinin 7-8 faizi qədər olacaq, amma iri və xırdabuynuzlu heyvan sürüsünün ümumi ölkə göstəricisinə nisbəti 15-18 faiz olacaq. Bu da onu göstərir ki, region daha çox heyvandarlıq zonasıdır. Konkret olaraq, buradan 45 min ton ət, 200 min tondan çox süd istehsalı proqnozlaşdırılır. Nəzərə alsaq ki, bizim iri və xırda buynuzlu heyvan əti idxalımız təqribən 35 min tondur. Bu bizim heyvandarlıqla bağlı çox ciddi idxal əvəzetməmizə səbəb olacaq”.

Konkret rayonların spesifikasına gəlincə isə, F. Fikrətzadə bildirib ki, Qarabağ ərazisi - Ağdam, Ağdərə, Cəbrayıl, Zəngilan rayonlarında üzümçülüyün bərpası perspektivi genişdir. Ağdam və Füzuli rayonlarında pambıqçılıq sahələrinin ümumi artımı olacaq: “Həmçinin bu iki rayonda tərəvəz istehsalında böyük həcmdə - ölkədə istehsal olunan tərəvəzin 5-6 faizi həcmində tərəvəz istehsalı olacaq. Zəngilan, Qubadlı, Laçında tütün istehsalı da bərpa olunacaq. Region bütövlükdə baramaçılıq ənənəsinə malikdir. Vaxtilə Xankəndidə emal müəssisəmiz də var idi. Ən çox Kəlbəcər, Laçın, Qubadlı rayonlarında iri heyvandarlıq təsərrüfatları formalaşacaq. Bu regionda həmçinin arıçılıq üçün də böyük perspektivlər var”.

F. Fikrətzadə qeyd edib ki, işğal zonasından olan insanlar uzun müddətdir kənd təsərrüfatından aralı düşüblər. Onların müasir kənd təsərrüfatı texnologiyaları üzrə bilik və bacarıqlarının yaradılması üçün onlara Kənd Təsərüfatı Nazirliyi tərəfindən məsləhət informasiya xidmətinin göstərilməsi, modul-peşə təlimi xidmətlərinin təşkil olunması əsas planlaşdırılan məsələlərdəndir.