Trend: Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri tarixi əhəmiyyət daşıyır

"Xudafərini ziyarət etməyin özü də ayrılıqda bir sıra mühüm mesajlar daşıyırdı"

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıl və Füzuli rayonlarına səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm Cəbrayıl rayon mərkəzini, həm də Xudafərin körpüsünü ziyarət etdilər: “Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi: "Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq".

Rayon mərkəzində olarkən Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə o cümlədən, Kəlbəcərdə son günlərdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini, təzminatın tələbə olunacağını xüsusi vurğuladı".

C.Məmmədov deyib ki, Xudafərini ziyarət etməyin özü də ayrılıqda bir sıra mühüm mesajlar daşıyırdı: "Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi. Məlum olduğu kimi, Xudafərin körpülərinin Azərbaycan tarixində, xalqımızın ürəyində özünə məxsus yeri və rolu var.

Bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub”.

AzNews.az