Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq
  • Hadisə
  • 21 Oktyabr 2022 12:33
  •  92 927

"Oxu.az": Şəhid anası: “Yanına gedəcəyimiz gün şəhadətə ucalması xəbəri gəldi”

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də İsrayıl Cəfərzadədir.

Tərcümeyi-hal: İsrayıl Namiq oğlu Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya göz açıb. Əslən Ağsu rayonundan olub. 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə məktəbi bitirib. Daha sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil alıb. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunub.

O, təhsilini bitirdikdən sonra 2019-cu il iyulun 2-də hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunub. 2020-ci il mayın 28-də çavuş rütbəsi alıb.

İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. O, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxu.Az-ın əməkdaşı şəhidin anası Kəmalə Cəfərova ilə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Kəmalə xanım, səhv etmiriksə, müharibə başlayanda oğlunuz hərbi xidmətdə imiş. Onunla bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik.

- İsrayıl 2019-cu il iyul 2-də - mənim doğum günümdə hərbi xidmətə yola düşüb. 1 il 4 ayın əsgəri idi. Qayıtmağına 2 ay qalmış şəhid oldu. Onunla bağlı xatirələrim çoxdur. O, yola düşəndə mənə dedi ki, ana, sənə hədiyyə ala bilməmişəm, bu gün əsgər gedirəm. Dedim, sən özün elə ən gözəl hədiyyəsən.

İsrayıl həmişə hamıya kömək edirdi. Onun çox gözəl, mərhəmətli qəlbi var idi. Çox diqqətcil idi. Həmişə öndə olmaq, qalib gəlmək istəyib və bunun üçün var gücü ilə çalışırdı. Uşaq yaşlarından deyirdi ki, torpaqlarımızı geri qaytarmaq üçün düşmənlə canlı vuruşacağam. Bayraq, Vətən sevgisi çox güclü idi. Döyüşlərdə iştirak etmək arzusunun ürəkdən gəldiyini də bilirdik. Dedi və istədiyini etdi, torpaqlarımızın geri qaytarılmasında onun da payı oldu.

- Oğlunuzu sonuncu dəfə nə zaman görmüsünüz? Xidmət dövründə məzuniyyətə gəlmişdimi?

- O atasının ad günündə - yanvarın 18-də 1 həftəlik məzuniyyətə gəlmişdi. Biz həmişə yanına gedirdik. Onun ad günündə də getdik. Daha sonra pandemiya olduğuna görə gediş-gəliş məhdudlaşdı.

- Oğlunuzun 20 yaşını döyüşdə qeyd etdiyini dediniz...

- İsrayıl 20 yaşını döyüşdə qeyd etdi. Sentyabrın 27-si müharibə başladı, ayın 30-u ad günü idi. Həmin günə qədər heç bir əlaqəmiz olmadı. Çox ümidli idi. Danışanda həmişə deyirdi ki, hər şey yaxşı olacaq. Müharibə başlayanda Məhərrəm ayı idi. Mənlə telefonla danışanda deyirdi ki, ana, bilirəm ki, saçlarını ağartmısan, saçına rəng qoy. O, kədəri sevmirdi. Həmişə bizi yaxşı görmək istəyirdi. Oktyabrın 18-nə qədər biz onunla danışırdıq. Bir-iki dəfə danışanda da məndən halallıq istədi. Dedi ki, ana, mənə halallıq ver. Sonra da deyirdi ki, gələcəyəm, ana, amma həyatdır, hər şey ola bilər.

- İsrayılın yanına getməyə hazırlaşdığınızı dediniz. Son anda niyə geri döndünüz?

- Oktyabrın 15-i onunla son telefon danışığımız olub. Komandiri demişdi ki, görüşə icazə verə bilərəm. Yanına gedəcəkdik. Hazırlaşırdıq. Ondan nə istədiyini soruşdum. Heç nə istəmədiyini dedi. Lakin atası ilə danışanda deyib ki, “pirojki” istəyirəm. Biz ayın 16-sı yanına gedəcəkdik. Səhər tezdən yola çıxanda komandir dedi ki, gəlməyin, onlar yuxarıdadırlar, düşə bilməyəcəklər. Ondan bir neçə saat sonra şəhid olma xəbəri gəldi. Səhəri günü nəşini məscidə gətirdilər. Əvvəlcə onun yaralı olduğunu dedilər. Məndən gizlətdilər. Lakin hiss etmişdim. Oktyabrın 18-i dəfn olundu.

Oktyabrın 14-də boyun hissəsindən yaralanır. Yara ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədir və döyüşə davam edir.

İsrayıl Cəfərzadə Tərtər, Talış kənd, Ağdərə istiqamətində bir neçə postun işğaldan azad edilməsində xüsusi rol oynayıb. Döyüş yoldaşları düşmən tərəfindən atılan minaatan mərmisi nəticəsində şəhid olur və İsrayıl isə yaralanıb. Yaralı olduğu halda onların qisasını almaq üçün döyüşdən çəkilməyərək irəli gedib. O, Suqovuşanın, Füzulinin bir neçə kəndinin alınmasında iştirak edib. Qızğın döyüşlər zamanı sol çiyin hissəsindən yaralanır şəhid olur. Dostunun qisasını almağı özünə söz vermişdi, elə də oldu.

- İsrayıl çox gənc idi. Arzularından heç bəhs edirdimi?

- Böyük qardaşı da, əmiləri də hərbçi olduğuna görə, onun arzusu hərbçi olmaq idi. O, idmanda da həmişə bayrağı ucaldıb. Bayrağı dalğalandırmaq onun arzusu idi. Birinci olmağı, fərqlənməyi çox sevirdi.

Bir neçə dəfə yuxuma gəlib. Çox çətin hissdir. İllər keçsə də, o yara sağalmır. Bir dəfə gördüm ki, dostları ilə oturub, mən ona yaxınlaşıb dedim ki, ay İsi, səni qucaqlamaq istəyirəm. Mənə dedi ki, gəlmə. Daha sonra dedi ki, niyə ağlayırsan? Mən ölməmişəm, sağam. O hissi mən ifadə edə bilmirəm.

- Kəmalə xanım, oğlunuzun Qarabağdan qayıdışını necə gözləyirdiniz?

- Onun şəhid olacağı ağlıma gəlməzdi. Burdan da qalib çıxacağını inanırdım. Qismət deyilmiş. Düşünürdüm ki, bunu da atladacaq. Olmadı. Oğlum geri qayıtmadı...

Oğlum şəhid olandan 1 ay sonra torpaqlarımız düşmən tapdağından azad edildi. Baxmayaraq ki, oğlum yox idi. Lakin mən torpaqlarımızın azad olunmasına çox sevinirdim. O günü keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Qürur hissi duydum. Oğlumun qisası alındığı üçün çox sevinirdim.

- Sentyabrın 12-dən 13-ə keçən gecə baş verən hadisələrdən xəbərdarsınız. Münasibətiniz necə oldu?

- Həmin gün Bakıda deyildim. Eşitdim, çox pis oldum. Sanki iki il öncəyə qayıtdım. Elə bildim ki, İsrayıl yenidən şəhid oldu. Özümə gələ bilmirdim. Heç bir ananın gözüyaşlı qalmasını istəmirəm.