Artıq bu peşənin sahiblərinə çox nadir hallarda rast gəlinir Artıq bu peşənin sahiblərinə çox nadir hallarda rast gəlinir
  • Hadisə
  • 31 Oktyabr 2022 14:10
  •  110 500

"Report.az": 88 yaşlı pinəçi: "Müştərilərin və işə qiymət verənlərin sayı azalıb" - FOTOLAR

Artıq bu peşənin sahiblərinə çox nadir hallarda rast gəlinir

Əvvəllər demək olar ki, hər kənddə azı bir pinəçi olardı. Bu gün isə pinəçiliklə məşğul olanların sayı xeyli azalıb. Amma buna baxmayaraq, bu peşəni hələ də qoruyub saxlayanlar və müasir dövrə qədər gətirib çıxaranlar var. Onlardan biri də Cəlilabad rayonunda yaşayan 1934-cü il təvəllüdlü pinəçi Mustafa Heydərovdur.

"Report"un Muğan bürosunun əməkdaşı pinəçi Mustafa Heydərovla görüşüb və onunla həmsöhbət olub.

Mustafa kişini rayon ərazisində demək olar ki, hər kəs tanıyır. Elə öz təbirincə desək, rayonun on sakinindən beşi məhz Mustafa kişinin təmir etdiyi ayaqqabılarla addımlayır.

Ömrünün xeyli hissəsini bu işə sərf edən müsahibim deyir ki, nə az, nə çox - düz 58 ildir pinəçiliklə məşğuldur. Bu peşənin sirlərinə 30 yaşında yiyələndiyini bildirən M.Heydərov pinəçiliyin atasından ona yadigar qaldığını söyləyib. Onun sözlərinə görə, atası da bu qədim sənət növü olan pinəçiliklə məşğul olub. Ona görə də, bu peşə ona yad deyil: "Mən yalnız bu sənətlə məşğul oluram, yəni başqa məşğuliyyətim yoxdur. Ömrümün yarıdan çoxunu - əlli səkkiz ilini isə bu məşğuliyyətlə keçirməkdəyəm. Doğrusu, bu illərin necə gəlib keçdiyini xatırlamaq mənim üçün bir qədər çətindir. Çünki böyük səbir tələb edən bu peşənin sahibləri başlarını iynədən, sapdan ayırıb qaldıranda artıq görürsən ki, əlli il keçib".

Pinəçi qeyd edir ki, indiki zamanda ayaqqabılar rezindən hazırlandığı üçün keyfiyyətsiz olurlar və bu səbəbdən qısa müddət ərzində sıradan çıxırlar: "Amma əvvəlki dövrdə hazırlanmış ayaqqabıları 3-4 il geyinmək mümkün olurdu. Çünki o vaxt ayaqqabılar möhkəm materiallardan istehsal edilirdi və görüntü ilə yanaşı ayaqqabının keyfiyyətinə də üstünlük verilirdi".

Boş vaxtlarında maraqlı kitablar oxuduğunu söyləyən 88 yaşlı pinəçi söhbətimizin sonunda gənclərə çağırış edib. O bildirib ki, ən böyük arzusu bu sənətin gənclər tərəfindən davam etdirilməsidir.

image description image description image description image description image description image description