Əsrin rekord temperatur göstəricisi- Təbrizdə

Təbriz şəhərində XXI əsrdə ən isti günlər qeydə alınıb.

APA-nın "Oyannews"a istinadən məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Əmirşahrux Həsənəlizadə açıqlama verib.

Onun sözlərinə görə, 11 ildir Təbriz şəhərində havanın temperaturu dəyişməz və sabit olaraq qalıb: "Ancaq bu il Təbrizdə havanın temperaturu rekord həddə çatıb və 38 dərəcədən yuxarı qalxıb. Belə ki, son günlər şəhərdə havanın temperaturu 41 dərəcə olaraq qeydə alınıb. Bundan əvvəl, yəni 2000-ci ildə Təbrizdə havanın temperaturu 38.2 dərəcə olub. Şəhərdə havanın temperaturunda rekord göstərici yalnız ötən əsrdə, yəni 1966-cı ildə 42 dərəcə olaraq qeydə alınıb".

Ə.Həsənəlizadə deyib ki, istilər iyulun 19-dək davam edəcək: "Cümə günündən etibarən havanın temperaturu bir neçə dərəcə düşəcək. Buna Avropanın şimal-qərbindən gələcək hava axını səbəb olacaq. Nəticədə Şərqi Azərbaycan vilayətində və Təbriz şəhərində havanın temperaturu normallaşacaq".

AzNews.az