İranı tək qoyurlar

Suriyanın İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasına ilk etiraz İrandan gəldi. Iranın Xarici İşlər naziri Əli Əkbər Salehi məsələ ilə bağlı açıqlama verib və bildirib ki, "İran Dəməşqin İslam Əməkdaşlıq Təşkilatında üzvlüyünün dayandırılmasına qarşıdır və səsvermədə öz iradəsini ortaya qoyacaq". O, həmçinin əlavə edib ki, "ümumiyyətlə İran istənilən dövlətin təşkilatda üzvlüyünün dayandırılmasını istəmir və bunu həll yolu kimi görmür".


Qeyd edək ki, Suriyanın adı çəkilən təşkilatda üzvlüyünün dayandırılması məsələsini Qətər və Səudiyə Ərəbistanı qaldırmışdı. Əsas olaraq isə Əsəd rejiminin dinc insanlara qarşı güc tətbiq etməsi və problemin danışıqlar yolu ilə həllinə mane olmasıdır. Nəzərinizə çatdıraq ki, təşkilatın növbəti toplantısı avqustun 14-15 də Məkkə şəhərində keçiriləcək və İran prezidenti də toplantıya dəvətlidir.


Sadiq

AzNews.az