“Dağlıq Qarabağın tanınması Azərbaycanın daxili və xarici siyasəti üçün təhlükə yaradır” “Dağlıq Qarabağın tanınması Azərbaycanın daxili və xarici siyasəti üçün təhlükə yaradır”

Erməni ekspert: “Türkiyənin sərhədləri açmaması başqa məsələlərlə bağlıdır”

“Dağlıq Qarabağın tanınması Azərbaycanın daxili və xarici siyasəti üçün təhlükə yaradır”



Rusiyanın "Regnum" agentliyi Ermənistan Strateji Analiz Mərkəzinin direktoru Qayan Novikovla müsahibə yayımlayıb. Müsahibənin önəmini nəzərə alaraq, onu ixtisarla AzNews.az oxucularına təqdim edirik.

- Ramil Səfərovun ekstradisiyasından sonra danışıqlar prosesində qırılma yarandı. Siz necə fikirləşirsiniz, bu vəziyyətdə İrəvana Bakı ilə danışıqları davam etdirmək lazımdırmı?

- Danışıqları davam etdirmək Ermənistan üçün bir çox məsələlərə görə lazımdır. Birinci ona görə ki, yeni tanınmamış dövlətlər yaranır və dünya hələ də bütün yeni yaranmış dövlətlərlə bağlı birmənalı münasibət ortaya qoymayıb. İkincisi isə, Dağlıq Qarabağın tanınması Azərbaycanın daxili və xarici siyasəti üçün təhlükə yaradır. Elə ona görə də, "Səfərov" fenomeni ortaya atıldı. Onlar bununla Ermənistanı düşünülməmiş addımlar atmağa vadar etmək istəyirdilər. Ermənistanda bəziləri "isti başla" hansısa addımlar atmaq istəsələr də, xoşbəxtlikdən bu belə olmadı. Çünki danışıqlar prosesindən hansı tərəf çıxarsa, xarici güclər həmin ölkəyə qarşı təzyiq göstərəcək. Xarici təzyiqlə isə nə Azərbaycan, nə də Ermənistan üzləşmək istəmir.

- Ermənistan-Türkiyə protokollarının 3-cü ili oktyabrın 10-da tamamlanır. Siz necə hesab edirsiniz, bu prosesdə yenidən canlanma yaşana bilərmi?

- Xeyir, canlanma yaşana bilməz. Çünki Türkiyə sərhədlərin açılması ilə bağlı ön şərt irəli sürüb. Onu da deyim ki, Ermənistanla sərhədlərin açılmaması tamam başqa məsələlərlə - daxili problemlər və Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır. Ermənistanla sərhədlərin açılması daxildə gərginliyin artmasına və Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Bundan əlavə, xarici güclər də indiki məqamda prosesi irəliyə aparmaq üçün Türkiyəyə təzyiq etmək iqtidarında və istəyində deyil.

- Siz necə fikirləşirsiniz, Qarabağ mövzusu prezident seçkilərində yenə də aparıcı mövqedə olacaqmı?

- Ümid edirəm ki, yox. Ona görə ki, bu məsələ ölkəmizin təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Seçkilərdə belə böyük əhəmiyyətli məsələnin ortaya atılması çox təhlükəlidir. Bu məsələdə konsensus olmalıdır və var. Bununla belə yəqin ki, prezidentliyə namizədlərin hamısı konfliktin həlli ilə bağlı öz mövqelərini səsləndirəcəklər. Fikirlər arasında da elə böyük fərqin olacağını da gözləmirəm. Yalnız azsaylı seçicisi olan namizədlər Qarabağın tanınması kimi populist bəyanatlar səsləndirə bilərlər ki, daha çox səs toplasınlar. Məsələ bundan o tərəfə gedə bilməz.

Sadiq Musa
AzNews.az