Xamneyi hakimiyyət nümayəndələrinə xəbərdarlıq etdi

İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamneyi İran hakimiyyətinə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü liderin rəsmi saytı xəbər verib.

Tehranda tələbələr qarşısında çıxış edən Xamneyi ölkənin vəzifəli şəxsləri ilə bağlı bəyanat verib. "Hətta hakimiyyət nümayəndələrinin problemə müxtəlif baxışları mövcuddursa, bunu nümayiş etdirməyə və hər dəfə başqasının səhvini göstərməyə ehtiyac yoxdur", - Xamneyi deyib.

O əlavə edib ki, İranda qarşıdakı prezident seçkilərinə qədər baxışlardakı fərqlər tez-tez səsləndirilməməlidir. Çünki bu, ölkəyə xəyanət hesab oluna bilər. Xamneyi prezidentə, parlament rəhbərinə və baş prokurora xəbərdarlıq edib ki, onlar öz işlərini davam etdirməli və xarici KİV-də onların sözlərindən anti-İran təbliğatında istifadə edilməsinə imkan verməməlidirlər.

Bir müddət əvvəl İran Prezidenti Mahmud Əhmədinejad Tehranda Evin həbsxanasına baş çəkməsi üçün növbəti məktub yazıb. Onun bundan əvvəlki cəhdi məhkəmə məmurları tərəfindən narazılıqla qarşılanmışdı. İranın məhkəmə sisteminin başçısı Sadıq Amuli-Laricaniyə ünvanlanmış yeni məktubda Əhmədinejad İran Konstitusiyasına uyğun olaraq öz vəzifələrinin icrası üçün prezidentə icazə verilməsinin və ya məhkəmə sistemindən razılıq almasının lazım olmadığını təkrarlayıb.

Əhmədinejadın birinci məktubuna cavab olaraq məhkəmə katibi və baş prokuror Qulam Hüseyn Möhsüni Əjeyi deyib ki, Evin həbsxanasına baş çəkmək ikinci dərəcəli məsələdir, ölkə hökumətinin əsas prioriteti iqtisadi problemlərin həlli olmalıdır.

AzNews.az