“Cənubi Qafqazda İŞİD-in təsiri artıq görünür“ - Rusiyalı politoloq

"İŞİD-in təsirinin Qafqaz və Mərkəzi Asiya regionlarında yayılması yeni qabaqlayıcı tədbirlərin görülməsini tələb edir".


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Rossiya Seqodnya" Agentliyində keçirilən "İŞİD. Beynəlxalq Təhlükəsizliyə ən başlıca təhlükə" adlı dəyirmi masada iştirak edən Rusiya Strateji Araşdırmalar İnstitunun Qafqaz təhqiqat şöbəsinin müdiri Artur Atayev bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda İŞİD-in təsiri artıq görünür: "Cənubi Qafqaz ölkələrində baş verənlərə baxsaq, İŞİD-in ora ciddi və uzun müddətə gəldiyini görərik. Gürcüstanda ekstremistlərin əsas məntəqəsi hazırda Pankisi dərəsi, Acariya və Kvemo-Kartlidir. Bu paradoksdur, lakin burada Kvemo-Kartliyə diqqəti yönəltmək lazımdır. Bu regionun əhalisi şiə təriqətindən olmasına baxmayaraq burada əhalinin çox güclü sünniləşməsi və cihada təhrik edilməsi prosesi gedir".

Ekspert analoji prosesin Azərbaycanda da müşahidə olunduğunu söyləyib: Gürcüstan Acariyasına ekstermist elementlər Türkiyə vasitəsi ilə keçir. Nəzərə almaq lazımdır ki, Şimali və Cənubi Qafqaz İŞİD-in strateji marağının tərkib hissəsidir". A. Atayev ekstremistlərin öz ideyalarını yaymaq metodlarını dəyişdiklərini də qeyd edib: "Əvvəllər ekstremistlər məscidlər vasitəsi ilə ideyalarını yayırdılar, hazırda bu sosial şəbəkələr vasitəsi ilə aparılır".

Rusiya Strateji Araşdırmalar İnstitunun Mərkəzi Asiya və Yaxın Şərq Mərkəzinin direktor müavini Boris Volxonski isə çıxışında Əfqanıstanda İŞİD-in təsirinin yayılmasının bütün Mərkəzi Asiya regionuna və Rusiyanın cənub sərhədlərinə təhlükə olduğunu söyləyib.

Politoloq İŞİD-in təsirinin bu regionda yayılmasının qarşısını almaq üçün yeni qabaqlayıcı tədbirlər görməyin vacibliyini qeyd edib: "Hazırda Əfqanıstanda "Taliban"ın siyasi strukturunun İŞİD-lə birləşməsi üçün şərait var. Keçən il Qunduz vilayətində ba verən hadisə artıq bir neçə "Taliban" qoşun hissələrinin İŞİD adı altında çıxış etdiklərini göstərir. Lakin bütün bunlara baxmayaraq, "Taliban"ın əsas hissəsi İŞİD təsirinin yayılmasının əleyhinədir. Ona görə də, belə şəraitdə "Taliban" tərkibindəki proqressiv qüvvələrlə dialoq imkanlarının axtarıb tapılması vacibdir. Əlbəttə ki, bu, müəyyən şərtlərlə həyata keçirilməlidir. Hər şeydən öncə "Taliban"ın terrorçu fəaliyyətdən imtina etmək şərti irəli sürülməlidir".