- Qayıdış
- 20 Noyabr 2019 15:54
- 2 610
Lavrovun bəyanatları Ermənistanın Dağlıq Qarabağ siyasətinə güclü zərbə vurdu
Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etdi
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq münaqişə ilə bağlı cərəyan edən son proseslərlə bağlı fikirlərini bölüşüb.
Onun tədbirdə söylədiklərini tezis şəklində təqdim edirik:
1. S.Lavrovun bəyanatları Ermənistanın Dağlıq Qarabağ siyasətinə güclü zərbə vurdu.
RF Xarici İşlər naziri S.Lavrov Yerevanda mətbuat konfransına Ermənistanın “ev tapşırığının” güclü olduğu üzə çıxdı. Nəinki erməni jurnalistləri, hətta Rusiyadan gələn jurnalistlər də Dağlıq Qarabağ münaqişəsini aktuallıqda saxladılar. Verilən 4 sualdan 3-ü rusiyalı jurnalistlərin sualları idi və bu suallar bu və ya digər formada Dağlıq Qarabağ mövzusunu qabartmışdı. Bir neçə məqamı xüsusi vurğulayaq:
I. S.Lavrov bildirdi ki, danışıqların iştirakçılarının tərkibini tərəflər müəyyənləşdirməlidir. Başqa sözlə, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakına Bakı konsensus verməlidir. Bakının konsensusunu almaq üçün isə Yerevan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlara qatılması məsələsini aktuallaşdırmalıdır.
II. S.Lavrov Dağlıq Qarabağın danışıqlardan tərəf olaraq uzaqlaşdırılmasının səbəbi kimi R.Köçəryanı göstərdi. Bu, Lavrovu tanımaq üçün kifayət qədər vacib məqamdır; Lavrov üçün prezident Putinin mövqeyini unutmaq çətin deyil, və ya Lavrov ciddi mövqe formalaşdırmağı prioritet hesab etməyən diplomatdır.
III. Lavrov Paşinyana iqtibas etdi, amma Paşinyanın dediklərinin mahiyyətini dəyişdirdi: Dağlıq Qarabağın taleyini Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan həll etməlidir. Paşinyana görə isə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları müəyyən etməli idi.
IV. S.Lavrov Dağlıq Qarabağ tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etdi. Birinci yerdə ərazi bütövlüyü prinsipini, ikinci yerdə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipini, üçüncü yerdə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipini qoydu. ATƏT MQ-nin bütün sənədlərində birinci yerdə güc tətbiq etməmək prinsipi, ikinci yerdə ərazi bütövlüyü prinsipi, üçüncü yerdə xalqların öz müqəddəratını təyinetmə prinsipidir.
Ermənistan üçün güc tətbiq etməmək prinsipinin birinci yerdə olması çox vacibdir. Bu prinsipin birinci yerdə olması Ermənistan üçün müharibənin qıfılı rolundadır. Başqa sözlə, müharibə olmamamalıdır, müharibə olmayacaq. Lavrov bu prinsipi birinci yerdən üçüncü yerə dəyişməklə müharibənin açarına çevirdi. Başqa sözlə, S.Lavrovun əvvəlki verdiyi bəyanatlarını da nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsi regionunda lokal müharibələri müvafiq, uyğun, bəlkə də zəruri hesab edir.
Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığı Ermənistan üçün hədsiz dərəcədə siyasiləşmiş mövzu olub. İllər boyu Ermənistan heç vaxt ərazi bütövlüyü prinsipini ikinci yerdə göstərməyib, üçüncü yerdə göstərib. Hətta azərbaycanlılar da güc tətbiq etməmək prinsipinin yerini dəyişməyə cəsarət etməyiblər. Lavrovun belə yerdəyişməsi müharibənin yaxında olduğunu göstərir və Dağlıq Qarabağ münaqişəsi regionunda lokal müharibə hal-hazırda Rusiyanın ən ciddi marağında olan məsələdir. Çünki Lavrov ermənidir və öz ermənilərini çox gözəl tanıyır. Başa düşür ki, müharibəsiz məsələni həll edə bilməyəcək.
2. Şoyqu Tonoyanı MDB Müdafiə nazirlərinin Bakı iclasına gətirə bilmədi.
RF Müdafiə naziri S.Şoyqu Ermənistandakı hərbi bazanın gücünü yaxın vaxtlarda 2 dəfə artrılacağını bildirdi. Bunu bəzi ekspertlər Azərbaycana təzyiq vasitəsi kimi təqdim etdilər. Amma reallıqda belə deyil. Rusiyanın Ermənistandakı hərbi bazası yalnız Ermənistan Respublikasının 29700 km2 ərazisinin təhükəsizliyinin təminində istifadə oluna bilər. Vaxtilə Vaqarşak Arutyunyan təlimatı olduğu kimi təqdim etdi; Azərbaycan tankları sərhəddən keçib Yerevana doğru sürətlə irəliləyəcəyi təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası müharibəyə qoşula bilər. Rusiyanın Ermənistandakı hərbi bazasının Dağlıq Qarabağ münaqişəsinə zərrə qədər aidiyyəti yoxdur. Rusiya-Ermənistan birgə qoşunlarının komandiri, general A.Markaryan vaxtilə “Müharibə olacağı təqdirdə mən çəkinmədən Rusiya-Ermənistan birgə qoşunlarına Qarabağa girmək əmrini verəcəyəm” sözünün cavabında bir neçə gündən sonra o, vəzifədən azad edildi. Ona görə Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsinin Dağlıq Qarabağ tənzimlənməsinə aidiyyəti yoxdur. Qarabağ məsələsində Rusiyanın hərblə əlaqəli mövqeyi aydın şəkildə bəllidir. RF Dağlıq Qarabağ müharibəsinin zaman və coğrafi parametrlərindən narahatdır. RF üçün ən böyük qorxu Dağlıq Qarabağ müharibəsinin uzanması və intensivləşib Qafqazın digər bölgələrinə keçməşidir. Belə olmayacağı təqdirdə RF Dağlıq Qarabağda müharibənin əleyhinə deyil. RF XİN rəhbəri S.Lavrovun son bəyanatı bunu aşkar şəkildə göstərir: “Rusiya Dağlıq Qarabağ münaqişəsi regionunda iri hərbi əməliyyatların baş verməməsi üçün əlindən gələni edəcəkdir”. S.Lavrov yüksək səviyyəli diplomatdır, ermənidir. Milliyyətcə erməni diplomatın dilindən bu fikir səslənirsə o deməkdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi regionunda lokal hərbi əməliyyatların əleyhinə deyil.
Bəzi qeyri-hökumət təşkilatları Rusiyanın Ermənistandakı hərbi bazasını Ermənistanda hüquq pozuntuları üçün əsas kimi təqdim etdilər. Rusiyanın Ermənistandakı səfiri bununla əlaqədar geniş bəyanatla çıxış etdi. Qərbə bağlı QHT-ləri iki ölkə arasında münasibətlərdə gərginlik yaratmaqda ittiham etdi. Əksər ekspertlərin, o cümlədən Ermənistanın Qərbpərəst düşüncəli Müdafiə naziri D.Tonoyanın fikrincə, Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistan və Cənubi Qafqazın təhlükəsizliyində kifayət qədər vacib məsələlərdəndir.
S.Şoyqu MDB Müdafiə nazirlərinin Bakı iclasında iştirak məqsədilə yolüstü Yerevana dönmüşdü. Çünki təxminən 3 il bundan öncə Rusiya Daxili İşlər naziri MDB Daxili İşlər nazirlərinin Bakı iclasına Yerevandan gəldi və Ermənistanın Daxili İşlər nazirini (Ermənistan polisinin rəisi) götürüb özü ilə gətirmişdi. Görünür, S.Şoyqu da o halı təkrarlamaq istədi, amma D.Tonoyan buna imkan vermədi. Həm də N.Paşinyan da Ermənistanda tam söz sahibi deyil. Bəzi ekspertlərə görə isə D.Tonoyan Bakıda iştirak etməli, MDB iclasında səslənən anti-erməni fikirlərə cavab verməli idi. Həqiqətən MDB-nin Aşqabad sammitində Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Prezident İ.Əliyevin qaldırdığı məsələ MDB Müdafiə Nazirləri Şurasının Bakı iclasında da davamını tapdı. RF Müdafiə naziri S.Şoyqu başda olmaqla MDB Müdafiə nazirlərini qəbul edərkən həm Prezident İ.Əliyev, həm də S.Şoyqu bu məsələyə münasibət bildirdilər.
AzNews.az