- Qayıdış
- 14 Fevral 2023 16:16
- 9 681
"Qarabağda istənilən "referendum" və ya "seçki" cəhdinin qarşısını ordumuzla alacağıq"- Hərbi ekspert

AzNews.az analitik-informasiya portalının suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırır:
- Cənab Verdiyev, İrəvan mediası bildirir ki, Qarabağdakı seperatçıların lideri Araik Arutunyanın və "dövlət naziri" Ruben Vardanyanın Moskva səfərindən sonra Xankəndidə yeni "konstitusiya dəyişikliyi" gündəmə gəlib. Bu informasiya dolayı yolla o deməkdir ki, Ruben Vardanyan Xankəndiyə qayıdıb. Bu, dezinformasiyadır, yoxsa?
- Əgər Ruben Vardanyan Qarabağa qayıdıbsa, bu, bir daha onu göstərir ki, Rusiya sülhməramlı kontingenti yenidən tamamilə Azərbaycan maraqlarına zidd fəaliyyətlərə yol verib. Onun Qarabağa qayıtması və "müşavirə" keçirməsinə dair fotofaktlar erməni mətbuatında yayımlanıb. Ancaq heç bir halda "konstitusiya dəyişikliyi" regiondakı prosesləri və imzalanan birgə bəyanatın şərtlərini dəyişə bilməz.
- Xankəndidə "Konstitusiya dəyişikliyi" və “seçkilər"lə bağlı təkliflər 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gəlir. Amma hər dəfə Azərbaycandan çəkindikləri üçün bu ideya reallaşmayıb. Bu məsələnin yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır?
- "Konstitusiya dəyişikliyi" deyilən qurama proses qondarma qurum tərəfindən həyata keçirildiyi üçün biz bunu nəzərə almaya bilərik. Çünki bu hüquqi təsir qüvvəsinə malik proses deyil.
- Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalan hissəsində "referendum" və ya "seçki" keçirilərsə, Azərbaycanın buna reaksiyası necə olacaq? Hərbi güc tətbiq ediləcəkmi?
- Azərbaycan ərazilərində kiminsə özbaşına şəkildə seçki və ya referendum keçirmək hüququ yoxdur. Bunu təşkil edənlər ən azından Azərbaycanın vətən müharibəsindəki döyüş imkanlarına diqqət yetirməlidir. Görünən odur ki, rus sülhməramlı kontingenti və Qarabağdakı separatçı qurum Azərbaycan tərəfinin səbr kasasını daşırmaq üçün əlindən gələni edir. Odur ki, artıq diplomatlar, siyasətçilər deyil, Qarabağda Azərbaycan əsgəri öz sözünü mütləq və mütləq ən qısa müddətdə deməlidir. Hərbi gücün tətbiq edilməsi nəinki mümkündür, hətta zəruridir.
Rəşid QARAYEV,
AzNews.az