Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürülüb

Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

Qeyd edək ki, yanğının sahəsi 600 kvadratmetrə çatıb.

Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.

Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.

Qeyd edək ki, "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.