Təranə Qumral cinayət məsuliyyətinə cəlb edilə bilər

Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla Təranə Qumral arasında olan davanın məhkəmə prosesinə baxılıb.


Bu barədə AzNews.az-a M.Həsənovun vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən iclasda M.Həsənovun şikayəti qismən təmin edilib: "Nərimanov rayon Məhkəməsi Təranə Qumralı 5 min manat çərimələmişdi. Bakı Apellyasiya Məhkəməsi isə bu məbləği 3 min manata endirib. Amma onun üzr istəməsi və təkzib verməsi qüvvəsində qalır. Həmçinin müəyyən olunub ki, Təranə xanımın qarşı tərəfin ünvanına işlətdiyi ifadə şərəf və ləyaqətin alçaldılmasıdır".

Vəkil bildirib ki, M.Həsənovun həmin məbləğə ehtiyacı yoxdur: "Onun maddi imkanı kifayət qədərdir. Sadəcə olaraq, bu təzminatın ödənilməsini ona görə istəyir ki, Təranə xanım özündə bir məsuliyyət hiss eləsin. Gələcəkdə efirlərdə çıxış edərkən diqqətli olsun. Kiminsə ünvanına belə sözlər işlədib insanların hissləri ilə oynamasın. Onun bu hərəkətləri əxlaq normalarına da ziddir. Bu məsələ yekunlaşan kimi biz Təranə xanımın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məsələ qaldıracağıq. İstəyirik ki, o, cinayət məsuliyyətinə cəlb olunsun. İnsanlarla belə davranmasın".

Qeyd edək ki, müğənni Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarından (5 min manatlıq cərimə) narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişindən başlayıb. T.Qumral verilişdə Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az