Müğənni davasında atəşkəs: heç kim danışmaq istəmir

Xalq artistləri İlhamə Quliyeva-Nazpəri Dostəliyeva, Aygun Kazımova-Brilliant Dadaşova, Flora Kərimova-Faiq Ağayev qarşıdurmaları davam etməkdədir. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə şou-biznes nümayəndələrinin heç bir etik çərçivəyə sığmayan davranışları ictimaiyyət nümayəndələri ilə yanaşı Milli Məclisin deputatları, eləcə də sənət adamlarının da narazılığına səbəb olub.

Bəs buna qalmaqalda adı çəkilən xalq artistləri nə deyir?

Xalq artisti Aygün Kazımova AzNews.az-a danışmaq istəmədi, dedi ki, o, mətbuatda gedən yazılara cavab vermək fikrində deyil: "Mən mətbuatda gedən yazılara cavab vermirəm. Mənim mətbuat xidmətim var. Belə məsələlərə onlar cavab verir".

Xalq artisti Flora Kərimovayla danışmaq üçün iki gündür etdiyimiz cəhdlər nəticəsiz oldu. Dünən xalq artisti vaxtının olmadığını, bir azdan əlaqə saxlamağımızı dedi. Bu gün isə onun telefonunu başqası qaldıraraq, müğənninin 3 həftə Azərbaycanda olmayacağını bildirdi.

Brilliant Dadaşovanın mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova isə bu məsələdə sözçüsü olduğu sənətkarın adının hallanmasına təəssüf etdiyini söylədi: "Mən bu məsələdə Brilliant xanımın adının hallanmasının əleyhinəyəm. Brilliant xanımın ünvanına çoxları söz deyir, şəkillər qoyulur. Onu bu işlərə qatmaq istəyənlər var. Düzdür, sənətkarların arasında qalmaqal ikitərəfli gedir. Biri deyir, o biri də ona cavab verir. Amma Brilliant xanım qarşı tərəfə cavab vermədi".

Bahar Rüstəmli
AzNews.az