“Mayklın energetikası güclü və ağırdır, hətta çəkilişlərdən birindən sonra huşumu itirmişdim” “Mayklın energetikası güclü və ağırdır, hətta çəkilişlərdən birindən sonra huşumu itirmişdim”

Naina İbrahimova: “Hamımız Maykl Ceksonla bağlı eyni yuxunu görürdük” - Fotolar

“Mayklın energetikası güclü və ağırdır, hətta çəkilişlərdən birindən sonra huşumu itirmişdim”



Avqustun 29-da 3 il bundan öncə faciəvi şəkildə dünyasını dəyişmiş əfsanəvi pop ulduz Maykl Ceksonun doğum günüdür. Rus Dövlət Dram Teatrının əməkdar aktrisası Naina İbrahimovanın 3 ildən artıqdır onunla bağlı nəhəng fortolayihə üzərində işləməsi isə çoxlarına bəllidir. Bu səbəbdən, aktrisa-fotomodellə görüşüb, işin nə yerdə olduğunu öyrənməyə çalışdıq. Öncə o, son vaxtlar həyata keçirdiyi digər yaradıcılıq işləri barədə qısa məlumat verdi:

- Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə rejissor Nigar Əliyevanın ekranlaşdırdığı, Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş "Xosrov və Şirin" filmində baş qadın rolunda çəkilmişəm. Bundan öncə, teatrda Səməd Vurğunun yubileyinə həsr edilmiş "Fərhad və Şirin" tamaşasında əsas rolu oynamışdım. Əlavə olaraq, bu yaxınlarda Rusiyadan gələn məşhur bir modelyer məni vaxtilə yaratdığım Merilin Monro obrazında öz nümayişinə dəvət etdi. Orada 7 müxtəlif libasla nümayişin açılışında oldum və sonunda çıxış etdim. Amerikanın məşhur motosiklet firması "Harley Davidson"un reklamında da çəkilmişəm. Daha bir film çəkilişim gözlənilir. Moskvada fəaliyyət göstərən həmyerlimiz, rejissor Arzu Urşan İctimai Televiziyanın sifarişi ilə yazıçı Anarın əsərinin motivi əsasında "Qırmızı limuzin" adlı bədii filminin çəkilişlərinə hazırlaşır və əsas rollardan birinə məni dəvət edib.
Xatırladım ki, bir müddət əvvəl həyata keçirdiyim "Əsrlərdən gələn gözəllik" fotolayihəm 2010-cu ildə Almaniya-Azərbaycan cəmiyyəti tərəfindən mükafatlandırılmışdı və bu il orada "canlandırdığım" Marlen Ditrix obrazı artıq digər dünya ulduzlarının yaratdığı oxşar obrazlarla birgə dünya forumuna daxil olub.

- Şübhə etmirik ki, üzərində uzun müddət çalışdığınız Maykl Cekson obrazı da bütün dünyaya səs salacaq...

- Mən də buna ümid edirəm. Bu, Maykl Ceksonun həyat və yaradıcılığına həsr olunmuş ən irimiqyaslı layihədir, özü də dünya üzrə. Artıq layihənin çəkilişləri sona çatıb və montajı da tamamlanmağa doğru gedir. Düzdür, onu avqustun 29-da təqdim etmək istəyimiz baş tutmadı, çünki işin həcmi çox böyükdür. Həm də mən tələsməyi sevmirəm, yüksək keyfiyyətli iş əldə etmək istəyirəm. Təsadüfi deyil ki, bu layihə üçün çəkdirdiyim şəkillərdən biri orijinalla səhv salınaraq, Maykl Ceksonun şəxsi İnternet səhifəsinə düşüb, Layihə ilə bağlı isə bir sirri aça bilərəm. O, sadəcə, fotolayihə deyil, video-art kimi, yəni kino ilə sintezdə təqdim olunacaq. Xatırladım ki, layihədə bir çox məşhurlar - xalq artistləri, əməkdar artistlər, tanınmış modellər və müğənnilər də çəkilib. Onlardan Aysel Teymurzadə, Sevda Yəhyayeva, "Spayder" şou-baletinin bədii rəhbəri Andrey Babiç, model Züleyxa Akçurina və başqalarının adlarını çəkə bilərəm.
Çox şadam ki, bu işdə də Mədəniyyət və Turizm Nazirliyi mənə dəstək oldu. Montaj işləri onun nəzdindəki "Yaddaş" sənədli filmlər studiyasında Natiq Muxtarov tərəfindən aparılır. Onunla bir-birimizi yaxşı başa düşdüyümüzdən, işlər ürəyimcə gedir.

- Layihənin belə gec ərsəyə gəlməsinin səbəbi nədir?

- Bu, təəccüblü deyil. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə həyata keçirilsə də, "Əsrlərdən gələn gözəllik" adlı layihəm də 3 ilə başa gəlmişdi, çünki 13 fərqli obraz yaratmışdım. Axı, mən klip, ya da reklam çarxı çəkmirəm. Yeni işimdə həm də ideya müəllifi və rejissor kimi çıxış etmişəm.

- Yəqin bu 3 il ərzində Maykl obrazına öyrəşmisiniz…

- Əlbəttə. Hətta bir çox yerlərə məni Maykl Cekson kimi dəvət edirlər. Bu obrazda Rusiyanın məşhur simaları ilə bir neçə verilişdə də çəkilmişəm. Açıqlıqda həyata keçirilən çəkilişlərdə isə mənimlə şəkil çəkdirmək istəyənlər olduqca çox idi, sanki mən Maykl Ceksonun özüydüm.
Maraqlıdır ki, onun obrazını ilk dəfə ölümünə 10 gün qalmış yaratmışam. Amma bu şəkilləri layihəyə daxil etmədim, çünki ölümündən sonra ona daha çox bənzəməyə başladım. Bu, həm də məsuliyyətimizin artması ilə bağlı idi. Onun kostyumlarını da maksimum oxşatmağa çalışırdıq. Baxmayaraq ki, bu, olduqca çox pul tələb edirdi. Əvvəlcə ağlıma da gəlməzdi ki, bu işə belə çox pul gedəcək. Amma elə böyük insan üçün heç nə heyf deyil. İşi yarımçıq qoymağı, yaxud "yola verməyi" də sevmirəm, çünki həmişə keyfiyyətə işləyirəm. Yaradıcı heyətə iş şəraiti yaratmaq da az məbləğ tələb etmirdi. Xoşbəxtlikdən, bu layihəyə qoşulanlar ona əsl yaradıcılıq işi kimi yanaşaraq, təmənnasız çalışıblar. Atam xalq rəssamı, professor Ağəli İbrahimovun, layihənin direktoru Ranar Musayevin, prodüserlər Anar və Elnurə Mədətovların və təşkilatçı Aleksandr Kramarenkonun da bizə çox köməyi olub.

- Eşitdiyimizə görə, çəkilişlərdə mistik məqamlar da yaşanıb və Mayklın ruhu Sizi narahat edib...

- Məncə, əksinə, biz onun ruhunu narahat etmişik. Ölülərin obrazını yaradanda belə hallar olur. Sanki onların ruhları ilə gözəgörünməz əlaqə yaranır. Bu yaxınlarda məşhur rus aktyoru və ifaçısı Vladimir Visotskiyə həsr olunmuş film çəkildi. Onun rolunu tanınmış aktyor Serqey Bezrukov yaratdı. Özü də obraza o qədər girmişdi ki, indi psixoloq və ekstrasenslərin yanına gedib-gəlir. Maykl yuxuma tez-tez girirdi və bu, xeyirliyə olurdu. Çünki bundan sonra elə bil yollarımız açılırdı. Bizə, hətta, oteldə prezident nömrəsində, ABŞ gəmisində təmənnasız çəkiliş aparmağa da icazə verirdilər. Bəzən də çəkiliş vaxtı işıq sofitləri öz-özünə hərəkət edirdi, bunu isə bir neçə nəfər görüb. Bəzən də çəkiliş üzvləri Maykla bağlı eyni yuxunu görürdülər. Olub ki, Maykl yuxuda mənə ingiliscə nəsə deyib, amma dili yaxşı bilmədiyimdən, onu başa düşməmişəm. Yəqin, nahaq öldüyü üçün ruhu da narahatdır. Bir sözlə, həqiqətən də, anlaşılmaz şeylərlə az üzləşməmişik. Ümumiyyətlə, Mayklın energetikası da güclü və ağırdır. Hətta çəkilişlərdən birindən sonra huşumu itirmişdim.

- Təqdimatı necə nəzərdə tutursunuz?

- Onsuz da çox şey dedim. Heç olmasa, bunu sirr saxlayım, Təkcə deyə bilərəm ki, Mayklı yüksək səviyyədə təqdim edə bilmişik. Nahaq yerə layihənin adını "Kraldan da artıq Maykl Cekson" qoymamışıq. O, elə böyük şəxsiyyət idi ki, ölümündən sonra da insanlara milyarddan çox pul qazandırdı.

Elşad Ümid
AzNews.az
image description image description image description image description image description image description image description image description image description