Lalə Məmmədovaya "Leyli" olmaq qadağan edildi

Azərbaycan estrada sənətində "Məktəb illəri" mahnısının ifaçısı kimi tanınan, əməkdar artist Lalə Məmmədovaya qadağa qoyulub: "Biz uzun illərdir ki, bu teatrın səhnəsində can qoyuruq. Mən başa düşə bilmirəm, Lalə kimdir ki, gəlib Leyli oynasın? Onun muğam təhsili var? Bununla bağlı teatr rəhbərliyinə müraciət etmişik. Açığı heç Lalənin Məcnunu, yəni Məcnun rolunun ifaçısı da rəhbərlik qarşısında məsələ qaldırıb, öz narazılığını bildirib. Yaxşı olar ki, o, gedib "Məktəb illəri"ni oxusun".

Bu barədə AzNews.az-a Opera və Balet Teatrının solistlərindən, "Leyli və Məcnun" tamaşasında Leyli obrazının ifaçılarından biri məlumat verib.

Lalə Məmmədovaın prodüseri İlkin Babayev isə son qərarın teatrın rəhbərliyi tərəfindən veriləcəyini dedi:"Bizdə belə bir məlumat yoxdur. Teatr hazırda məzuniyyətdədir. Onlar işə çıxan kimi biz bu rolu oynamaq üçün yenidən teatr rəhbərliyinə müraciət edəcəyik. Kim istəyir narazı qala bilər. Lalə xanım bu rolu əsl Leyli kimi yaradıb. Əgər belə bir söhbət ortaya çıxsa təbii ki, son qərarı Leyli obrazının ifaçıları deyil, teatrın rəhbərliyi verir".

Bahar
AzNews.az