İş adamının nəşi Azərbaycana gətirildi

Ukraynanın Luqansk vilayətində 2014-cü il iyulun 30-da itkin düşən və 2015-ci ilin oktyabrın əvvəlində meyiti Rusiya ərazisində tapılan azərbaycanlı iş adamı İkram Əbilovun nəşi Azərbaycana gətirilib.


AzNews.az xəbər verir ki, İ. Əbilovun yaxınlarının APA-ya verdiyi məlumata görə, uzun danışıqlardan sonra onun nəşinin Rusiyadan çıxarılması mümkün olub.

Mərhum doğulduğu Tərtər rayonunda dəfn olunacaq.

Qeyd edək ki, İ. Əbiyev 2014-cü il iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedir, həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itir. Bundan sonra Azərbaycanın Ukraynadakı səfirliyi BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə bununla bağlı rəsmi müraciət edir. Ötən ilin oktyabr ayında isə Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamını öldürdüklərini etiraf edib.

Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamını necə öldürdüklərini də açıqlayıblar. Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamının üzərində xeyli pul olması barədə məlumat alıblar. Onun qarşısını kəsərək öldürüb, meyitini isə çaya atıblar. Üç gün sonra - avqustun 2-də azərbaycanlı iş adamının meyiti Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisində çayda tapılıb. Meyit milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb.

Azərbaycanlı iş adamının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə məlumat alan yaxınları meyitin çıxarılaraq Azərbaycana gətirilməsinə cəhd etsələr də problem yaranır. Üç ay sürən danışıqlardan sonra nəhayət bu gün gətirə biliblər.