Vasif Talıbovdan nazirlərə irad - “Bu iş düzgün qurulmayıb”

Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: "Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir".

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova müşavirədə çıxış edərək deyib ki, muxtar respublikada turizmin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi vardır. Eyni zamanda bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri, istifadəyə verilən müasir turizm obyektləri bu sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar respublikanın ilbəil inkişaf edən turizm potensialının təbliği sahəsində işlər görülüb, 7 reklam informasiya materialı buklet şəklində hazırlanaraq çap etdirilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin və "Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisasları hamiliyə götürülüb, tələbələrin hazırlıq səviyyələrini artırmaq üçün seminarlar təşkil olunub, onların mədəniyyət müəssisələrində və mehmanxanalarda təcrübə keçmələri təmin edilib. Bundan başqa ötən il Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunub. Hazırda muxtar respublikaya gələn turistlər içərisində İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya və başqa ölkələrdən olanlar üstünlük təşkil edir. Natəvan Qədimova muxtar respublikada turizmin inkişafı sahəsində yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, nəqliyyat naziri Mirsənani Seyidov, səhiyyə naziri Niyazi Novruzov, gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: "Bu gün ölkələrin əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafı məsələləri xeyli aktuallaşıb. Azərbaycanda bu sahədə kompleks tədbirlər görülmüş, yeni turizm infrastrukturları yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada tarix-mədəniyyət abidələrinin, zəngin təbiətin, şəfalı suların, təbii müalicə mərkəzlərinin mövcudluğu turizmin inkişafı üçün geniş imkanlar yaratmışdır. Bu imkanlardan məqsədyönlü istifadə diqqət mərkəzində saxlanmış, ötən dövr ərzində Naxçıvanın turizm infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılmışdır. Avtomobil yolları yenilənmiş, tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmışdır. Naxçıvan Dövlət Universitetində və "Naxçıvan" Universitetində Turizm və otelçilik ixtisasları açılmışdır. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd keçid rejiminin sadələşdirilməsi, habelə Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2015-ci ildə Naxçıvana gələn turistlərin sayı 390 min nəfərə çatıb".

Ali Məclisin Sədri deyib: "Aparılan təhlillər göstərir ki, muxtar respublikanın turizm infrastrukturundan hələ də lazımi səviyyədə istifadə olunmur. Hər bir ölkənin özünəməxsus təbii gözəllikləri, tarixi-mədəni abidələri var. Ancaq turizm o yerdə və o zaman inkişaf edir ki, bunlardan səmərəli istifadə olunsun, güclü təşviqat mexanizmi qurulsun. Çox təəssüf ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublikamız əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Turizmin təbliğində elektron resurslardan istifadə mühüm əhəmiyyətə malikdir. Lakin elektron resurslarda muxtar respublikamızın görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır".

Qeyd olunub ki, turizm imkanlarının təbliğində gənclər təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi və Təhsil Nazirliyi bu məqsədlə proqram hazırlamalı, müxtəlif layihələr həyata keçirməli, gənclərin sosial şəbəkələrdə muxtar respublikanın turizm potensialının təbliğində fəallığını artırmalıdırlar. Muxtar respublikada müalicə-sağlamlıq turizminin də inkişafı diqqətdə saxlanmalıdır. Səhiyyə Nazirliyi Duzdağ Fizioterapiya Mərkəzi və "Darıdağ" Arsenli Su Müalicəxanasının imkanları ilə bağlı elektron resursların hazırlanmasını və internetdə yerləşdirilməsini təmin etməlidir. İqtisadiyyat Nazirliyi Azərbaycanı, eləcə də Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışını diqqətdə saxlamalı, ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif sərgilərdə Naxçıvanın turizm potensialı nümayiş etdirilməlidir.

Ali Məclisin Sədri deyib: "Turistin bir şəhər və yaxud bölgə ilə tanışlığı çox vaxt nəqliyyat vasitələri ilə səyahətdən başlanır. Sürücülərin davranışları, verdikləri məlumatlar turistlər üçün ilk təəssürat qaynaqlarıdır. Sürücülərin də yaşadıqları ərazinin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi Nəqliyyat Nazirliyi ilə birgə taksi xidməti ilə məşğul olanlar üçün muzeylərdə seminar-məlumatlandırma işini təşkil etməlidir. Daxili turizm də diqqətdə saxlanılmalı, Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinin imkanlarından düzgün istifadə edilməlidir. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi hər həftə sonu məktəblilərin, aztəminatlı ailələrin uşaqlarının, sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətlərini təşkil etməlidir.

Təcrübə göstərir ki, peşəkar kadr təminatı olmadan turizmin inkişafı mümkün deyildir. Turizm sahəsində çalışan kadrlar tarix, coğrafiya, mədəniyyətşünaslıq sahələrini, zəruri xarici dilləri bilməli və müasir informasiya-kommunikasiya texnologiyala-rından istifadə bacarığına yiyələnməlidirlər. Naxçıvan Dövlət Universiteti və "Naxçıvan" Universiteti Turizm və otelçilik ixtisası üzrə ali təhsilli kadr hazırlığı səviyyəsini artırmalı, peşə və ixtisas səviyyələrinin yüksəldilməsi üçün metodiki vəsaitlər hazırlanmalı, praktik məşğələlər təşkil edilməlidir. Muxtar respublikada turizm sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. İqtisadiyyat Nazirliyi turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələr verməli, biznes-planların işlənilməsinə və onların tətbiqinə çalışmalıdır".

Müşavirədə qeyd olunub ki, turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyəti dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlarla işin təşkilinə diqqəti artırmalıdırlar. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır. Muxtar respublikanın kütləvi informasiya vasitələri turizmin təbliği ilə bağlı tematik materiallar hazırlamalı, turizmin inkişafına öz töhfələrini verməlidirlər. Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birlikdə turizm obyektləri ilə bağlı videoçarxların hazırlanmasını və onların internetdə yerləşdirilməsini təmin etməlidir.

Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq deyib: "Muxtar respublikada turizmin inkişafı bizim hər birimizi düşündürməli, turizmin düzgün təbliği və təşviqi üçün aid təşkilatlar səylərini artırmalıdırlar".


AzVision.az