“Sevinc Babayevanı ya öldürüblər, ya da gizlədiblər” “Sevinc Babayevanı ya öldürüblər, ya da gizlədiblər”

Parisdən Azərbaycana daha iki video gəlir

“Sevinc Babayevanı ya öldürüblər, ya da gizlədiblər”



Sabiq deputat Gülər Əhmədovanın məlum videoqalmaqalla bağlı açılan cinayət işi davam edir. İstintaq çərçivəsində videoda vasitəçilik edən şəxsin - Sevinc Babayevanın axtarışa verilməsi barədə məlumatlar var. Hazırda Fransada olan, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidli isə "Yeni Müsavat"a açıqlamasında həm S.Babayeva, həm də sözügedən cinayət işi ilə bağlı yeni detallar açıqlayıb.

Onun sözlərinə görə, yaxın bir-iki gün ərzində yeni iki video yayacaqlar. Bu videolardan biri hazırda M.Abdullayevin işi üzrə şübhəli şəxs qismində həbsdə olan Arzu Kazımov, digəri isə S.Babayeva ilə bağlıdır.

E.Məcidlinin dediyinə görə, hazırda videonun üzərində son tamamlanma işləri aparılır: "Hər iki video açılan cinayət işinin gedişində mühüm rol oynayır. Sevinc Babayeva ilə bağlı videoda bu qadının Elşad müəllimdən 1 milyon dolları necə alması ilə bağlı dedikləri öz əksini tapır. Üstəlik, həmin puldan 50 min dolların da Sevinc Babayeva ilə Gülər Əhmədovaya çatacağı burada deyilir. Arzu Kazımovla bağlı video da olduqca maraqlıdır. Arzu Kazımov daha öncə iddia edirdi ki, Elşad müəllimdən ev alqı-satqısına görə pul alıb. Amma bu video göstərir ki, söhbət sırf Mahir Abdullayevin oğurlanması işinə görə puldan gedir. Burada həmin detallar da əks olunub. Bütün bunlar cinayət işinin gedişi üçün önəmli detallar sayılır. Özü də Arzu Kazımov təkcə Mahir Abdullayevin işi üzrə cinayət işinə görə həbs olunmayıb. Azərbaycandakı bütün səs-küylü insan oğurluqlarında bu adam vasitəçi kimi rol alıb".

E.Məcidli mətbuatda S.Babayevanın itməsi, hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi barədə məlumatlara da toxunub. Bildirib ki, rüşvət qalmaqalında vasitəçilik edən bu qadınla bağlı iki versiya ola bilər: "Bunlardan biri odur ki, ya gizlədilib, ya da öldürtdürülüb".

Bu arada araşdırmaçı jurnalist bu işlə bağlı ortaya yeni iddia da atdı. Dedi ki, M.Abdullayevin itkin düşməsi ilə bağlı müğənni Mətanət İsgəndərli dindirilib: "Bildiyim qədər o, Türkiyədə idi. Onu Türkiyədən gətirdib dindirmişdilər.

O da etiraf etmişdi ki, Mahir Abdullayevi onun evindən aparıblar". E.Məcidlinin sözlərinə görə, bu itkin düşmək hadisəsində pul faktoru böyük rol oynayıb. Belə ki, təkcə 2003-cü ildə BDU-nun 17 fakültəsi olduğu halda, E.Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetinin 23 fakültəsi olub.

E.Məcidlinin sözlərinə görə, bu da ABU-ya daxil olan maliyyənin böyüklüyündən və bunda gözü olanların çoxluğundan xəbər verir.

AzNews.az