“Azərbaycan xalqı kimi dəstəkləyirsə, Türkiyə də onu dəstəkləyir” - MÜSAHİBƏ



Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, bu ölkənin sabiq milli təhsil naziri Mehmet Sağlam AzNews.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Azərbaycan və Türkiyə parlamentləri arasında mövcud olan münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- TBMM ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq yüksək səviyyədədir və əlaqələrimiz gündən-günə daha da inkişaf edir. Türkiyə daim Azərbaycanın yanındadır. Əminəm ki, Türkiyə və Azərbaycanın bir-birinə dəstəyi bundan sonra da davam edəcək.

- Yaxın vaxtlarda TBMM-də Xocalı soyqırımı ilə bağlı hansı tədbirlərin təşkil olunması gözlənilir?

- TBMM-də Xocalı soyqırımı ilə bağlı hər il dinləmələr, sərgilər və digər anma tədbirlər təşkil olunur. Xocalıda günahsız azərbaycanlılara qarşı soyqırım törədilib və dünya da bunu qəbul edir. Azərbaycanın istəklərinə qarşı Türkiyədə heç bir zaman fikir ayrılığı ola bilməz.
TBMM hər zaman Azərbaycanın maraqlarını qoruyub və bundan sonra da belə olacaq. Təbii ki, burada hökumətin xarici siyasətini yürüdənlər sırasında əsas yeri Türkiyə Xarici İşlər Nazirliyi tutur. Çox sevindirici haldır ki, Türkiyə XİN-i də Azərbaycanın maraqlarına zidd addımlar atmır. Türkiyədə həm iqtidar, həm də müxalifət Azərbaycanın milli maraqlarına zidd olan bütün addımlara qarşıdır.

- Ermənilər 2015-ci ildə qondarma soyqırım iddialarının 100 illiyini qeyd etməyə hazırlaşır. Bəs Türkiyənin buna cavabı nə olacaq?

- Biz ermənilərin qondarma iddialarına qarşı olaraq yeni komitə yaratmışıq və həmin quruma mən rəhbərlik edirəm. Lakin hələ bunu dünyaya açıqlamamışıq. Biz ermənilərin 2015-ci il hazırlıqlarına qarşı öz böyük hazırlığımızı həyata keçiririk. Bu hazırlığı Türkiyə və Azərbaycan birgə edir. Lakin, bunu hələ açıqlamırıq.

- Ötən həftə Ermənistanın keçmiş xarici işlər naziri, bu ölkənin "İrs" partiyasının rəhbəri Raffi Ovanesyan Bakıda jurnalistlərə müsahibəsində Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib. Buna münasibətinizi bilmək maraqlı olar...

- Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin belə fikiri var: yel qayadan nə qopara bilər ki. Doğrudan da, yel qayadan heçnə qopara bilməz. Bu misalı ona görə çəkirəm ki, Türkiyə böyük dövlətdir və Ermənistan kimi kiçik ölkələr Türkiyəyə heçnə edə bilməzlər.
Yaxşı olar ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin. Yoxsa, bu həm Ermənistan, həm də bölgə üçün fayda gətirməyəcək.
Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcək. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə Avrasiya məkanının və bölgənin getdikcə böyüyən gücləridir.

- Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərdə hansı siyasi tərəfi dəstəkləyəcəksiniz?

- Azərbaycan xalqı kimi dəstəkləyirsə, Türkiyə də onu dəstəkləyir. Son 5-6 ildə Bakı şəhəri tamam dəyişib və sürətlə inkişaf edir. Azərbaycanın sürətli inkişafı göz qabağındadır. Ölkənizin bütün istiqamətlərdə getdikcə inkişaf etməsi şəxsən məni də çox sevindirir. Buna görə də inanmıram ki, bu cür inkişaf qarşısında Azərbaycan xalqı hakimiyyətdən narazı olsun. Digər tərəfdən isə Azərbaycanda prezident və parlament üzvlərini xalq seçir. Əgər xalq hakimiyyətdən narazı olarsa, o zaman növbəti seçkilərdə prezidenti seçməz.

Vasif Həsənli
AzNews.az