- Köhnə - Siyasət
- 29 Noyabr 2011 13:42
- 6 037
ANS-in Mursi qayğısı və Yetim Eyvazın “Misri qılıncı”
Əziz Rzazadə
Bu gün "Bakı xəbər"də elə bir mövzuda yazı gedib ki, mən kişiliyimlə adını çəkmək istəmirəm.
Əslində, buna təəccüblənməyə də dəyməz. Azərbaycan cəmiyyəti addım-addım buna doğru gedirdi və... gedir. Qloballaşan dünyada "lazımi səviyyəyə" çatana qədər.
Bir sürpriz də Milli Məclisdə hazırlanıb – "Reproduktiv sağlamlığın qorunması haqqında" Qanun layihəsi. Bu qanun layihənin əsas mahiyyətini qısa ifadəylə belə səciyyələndirmək olar – bicliyin qanuniləşdirilməsi.
Bu layihə artıq bir dəfə çıx-daş edilib. Amma yenidən müzakirəyə çıxarılması gözlənilir. Görünür, israr var. Həm də maraqlı tərəflər, yaxud tərəf.
Cəmiyyətin onun məzmunu ilə geniş tanış olduğunu düşünmürəm. Qanun layihəsinə nəzər yetirdikdən sonra etiraz edəcəyi, sərt təpki göstərəcəyini də. Çünki cəmiyyət anlayışı indi bulanıq su kimidir. Bulanıq suda balığı necə tutasan...
İctimai fikrə gəlincə, o yoxdur. Necə olsun ki? Cəmiyyət özü dağınıq qruplara və fərdi maraqlara bölünüb. "Ümumi maraq", "kollektiv özünümüdafiə" anlayışları buxarlanıb. Yox, axtarmayın, heç olası da deyil.
...Səhər ANS-in xəbərlərinə baxırdım. Təhrir meydanında baş verənləri uzaq Misirdən telefonla elə həyəcanla çatdırırdılar ki, sanki havaya atılan qaz bombaları, "Molotov kokteylləri" Qahirədəki kütlənin başı üstündən deyil, Bakıda, qulağımızın divindən vızıltıyla keçib gedir. Hələ səsdəki təlaşı duyaydınız! Aman Allahım! Qahirədəki barıt qoxusunu elə bil aparıcı da nəfəs pərləyilə tutmuşdu. Əlaqə iki dəfə kəsildi. Amma israr və inad vardı. Və Qahirədəki ANS-çinin can təhlükəsizliyi üçün narahatlıq... sanki o da həmin an etirazçı kütlənin içindəydi...
"Bakı xəbər"dəki yazıdan sonra buna təəccüblənməyə dəyməzdi. "Bizimçün" Mursinin vəziyyəti maraqlıdır, nəinki "Misri qılınc" sahibinin Vətəni!.. "Bizimçün" lazım olan başqa şeylər də varmış: sperma bankı, surroqat ana, bakirəliyin bərpası...
Yetim Eyvaz demişkən: "Nə gündəsən, Azərbaycan!"
Misri qılınc kimi kəsərli cümlə.
Bir xəbərdə də etirazı əsla anlamadım. Ermənistanda gənclər arasında boks üzrə Dünya Çempionatında Azərbaycan bayrağını zənci qadının daşımasını niyə aşağılanma kimi qəbul etməliyik ki? Azərbaycan idmanında milliləşdirilmiş qara dərili legionerləri bir-bir sayaq? Yarışlarda bizə qələbə gətirmiş bu idmançılar məgər Azərbaycan bayrağını öpüb başları üzərində qaldırmayıblar?
Səhər şəbəkədə bir nəfərlə yazışırdıq. Ona yazdığımla tamamlayıram: "Qarabağ müharibəsində ermənilərin Azərbaycana vurduğu ən böyük zərbə milli eyiblərimizin üzə çıxmasıdır".