Əhməd Oruc: “İctimai Palata konkret addımlar atmır“

İctimai Palata (İP) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) ünvanladığı əməkdaşlıq müraciətinə şifahi olaraq müsbət cavab versə də, bu məsələdə hələlik zəruri addımlar atmayıb. Bu barədə DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
O qeyd edib ki, hələlik İP ilə DQMM arasında geniş formatda əməkdaşlıq məsələsinə aydınlıq gətirilməyib.

"Biz onlara əməkdaşlıqla bağlı müraciət etmişdik və onlar şifahi olaraq bizə razılıqlarını bildirib. Bu əməkdaşlığın hansı formatda aparılacağı ilə bağlı yəqin ki, müzakirələr olmalıdır. Ancaq məndə olan məlumata görə, İctimai Palatada bu əməkdaşlıq məsələsinin əleyhinə olan qüvvələr də var və onlar bu məsələdə hələlik zəruri addımları atmırlar", - Oruc deyib.

O bildirib ki, ümumi əməkdaşlığa razılıqlarını bildirsələr də, konkret görüş, hansısa format və ya birgə tədbirlərin keçirilməsi gündəmdə deyil.
Məsələyə münasibət bildirən AXCP sədrinin müavini, İP-nin üzvü Fuad Qəhrəmanlı Trend-ə deyib ki, İP ilə əməkdaşlıq yəqin ki, funksional xarakter daşıyacaq.

"Məşvərət Məclisi ilə əməkdaşlıq məsələsinə İctimai Palatanın mövqeyi müsbətdir və bu əməkdaşlıq yəqin ki funksional xarakter daşıyacaq. Konkret məsələlər üzrə də gələcəkdə müzakirələr aparıla bilər", - Qəhrəmanlı deyib.

Qeyd edək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palataya əməkdaşlıqla bağlı müraciətini sentyabrda ünvanlayıb.

AzNews.az