Azərbaycandan Rusiyanın qərarına rəsmi mövqe

Rəsmi Bakı hesab edir ki, Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı çıxarılan qərar Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın inkişafına təsir etməyəcək.

"Azərbaycan müstəqillik qazandığı gündən bu günədək Rusiya Federasiyası ilə qonşu və dost dövlət kimi bütün sahələrdə əməkdaşlıq edir və bu illər ərzində çox böyük uğurlar qazanmışıq. Bu əməkdaşlığımız bu gün də davam edir. Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı danışıqlara gəldikdə isə, son bir neçə ay ərzində bu danışıqlar gedirdi. Bizim də məqsədimiz bu stansiya ilə bağlı əməkdaşlığı günün tələbləri səviyyəsinə qaldırmaqdır. Biz bu gün əməkdaşlığımızı Rusiya ilə də dünyada mövcud olan şərtlər çərçivəsində aparırıq. Əməkdaşlığımızı elə bu şərtlərlə də Rusiya Federasiyası ilə davam etdirmək istəyirik. Burada Azərbaycan tərəfinin ikitərəfli əməkdaşlıqla bağlı heç bir problemi yoxdur və biz də bunu danışıqlar prosesində axıra qədər nümayiş etdirdik", - bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya tərəfinin Qəbələ RLS-in istismarının dayandırılması barədə Notasını şərh edərkən deyib.

Məmmədovun sözlərinə görə, Azərbaycanın məqsədi Qəbələ RLS-in icarəsini beynəlxalq tələblər səviyyəsinə qaldırmaqdır.

"Bura böyük ərazidir, xeyli adam işləyir və bu, Rusiya Federasiyası üçün adi obyekt deyil, böyük əhəmiyyəti var. Eyni zamanda, neçə illərdir ki, Rusiya Federasiyası ilə yaxşı dostluq, qonşuluq, əməkdaşlıq əlaqələrini nəzərə alaraq, simvolik bir qiymətə icarəyə verirdik. İndiki şərtlərimiz yeni tələblər çərçivəsində idi və bu tələblər çərçivəsində danışıqları apardıq. Buna cavab olaraq Rusiya tərəfinin son verdiyi qərardan başa düşdük ki, Rusiya bu şərtlərlə stansiyanın fəaliyyətini davam etdirmək istəmir, əvvəlki formada saxlamaq istəyir, bunu da biz qəbul edə bilmirik", - PA rəsmisi deyib.

Qəbələ RLS-in gələcək aqibəti ilə bağlı sualı cavablandıran Məmmədov bildirib ki, Azərbaycan tərəfi bununla bağlı ətraflı götür-qoy edib, araşdırıb, təhlil edib lazımi formada qərar qəbul edəcək.

"Bununla bağlı elə də böyük problem görmürük. Biz artıq demişdik - o zona əslində çox böyük bir turizm zonasıdır. Orada çox böyük ərazi var və o ərazi kənd təsərrüfatı, turizm üçün çox cəlbedici bir yerdir. Bu günün özündə Qəbələ nə qədər insanları cəlb edir, orada böyük beynəlxalq tədbirlər, festivallar keçirilir, diplomatik korpusun üzvlərinin əksəriyyəti hər istirahət günündə oraya gedirlər. Bu istiqamətdə də işlər getdiyi üçün düşünürəm ki, Qəbələ bundan sonra çox gözəl istirahət, turizm və eyni zamanda cəlbedici yer olacaq. İndi də belədir və orada bunun üçün bütün imkanlar var. Bütün bunlara baxmayaraq, Rusiya ilə münasibətimizdə və danışıqlarımızda əlimizdən gələni etdik ki, bütün bunların hamısı baş tutsun", - Məmmədov deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

AzNews.az