“Kimin süni müxalifət olduğu barədə əsas siyasi qüvvələr arasında mətbuatsız müzakirələr aparılmalıdır” “Kimin süni müxalifət olduğu barədə əsas siyasi qüvvələr arasında mətbuatsız müzakirələr aparılmalıdır”

“Nə seçki, seçki olacaq, bəyəm?” - MÜSAHIBƏ - FOTO

“Kimin süni müxalifət olduğu barədə əsas siyasi qüvvələr arasında mətbuatsız müzakirələr aparılmalıdır”

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ölkədəki mövcud ictimai-siyasi durum, qarşıdan gələn prezident seçkiləri və müxalifətin seçkilərdə hansı formada iştirak edəcəyilə bağlı AzNews.az-ın suallarını cavablandırıb:

- Mövcud ictimai-siyasi durumu necə qiymətləndirirsiz?

- İstər iqtidar daxilində, istər iqtidar-müxalifət münasibətlərində, istərsə də müxalifət daxilində vəziyyət sabit ağırdır. Bu cür davam edərsə növbəti dəfə Azərbaycanda prezident seçkiləri saxtalaşdırılacaq və ölkədə böyük qarşıdurma olacaq. İndiki vəziyyəti belə dəyərləndirmək olar.

- Bu sitiusiyadan çıxış yolu kimi nə təklif edirsiz?

- Bunu cəmiyyətə iqtidar təklif etməlidir. Bu iqtidarda qəribə bir anlam var. Onlar özlərini xalq sayırlar və düşünürlər ki, kim onları tərifləmirsə, tənqid edirsə, o xalq düşmənidir və onu hədəf seçirlər. İqtidardakı bəzi məmurlar deyirlər ki, müxalifət hakimiyyətə xalqın meyiti üzərindən gələ bilərlər. Xalqı xırda pul hesab edirlər, xalqdan bir obyekt kimi istifadə edirlər. Təəssüflər olsun ki, hələ də vətəndaşlarımızın xeyli hissəsi onlara "heç nə" kimi baxıldığının fərqində deyillər. Və bu vəziyyətləri ilə barışırlar.

- Sizcə, iqtidar və müxalifət mövcud sitiuasiyadan çıxmaq üçün hansı qarşılıqlı addımları atmalıdır?

- Azərbaycanda baş verənlər bəllidir. Azərbaycan ictimai-siyasi prosesi mənfi nə varsa, hamısını özündə cəmləşdirib. İqtidar düşməlidirlər ki, xalqı talamaq onlara baha başa gələcək. Təsəvvür edin ki, neft-qaz ölkəsində "uşaq pulu" yoxdur, minimal əmək haqqı 93 manatdır. Bütün bunlara etiraz edən pensiyaçılar 500 manatdan 1500 manatadək cərimə edilirlər. İqtidar əgər özünü qorumaq istəyirsə, müxalifətlə dialoqa getməlidir. Və bu müstəvidə ictimai-siyasi islahatlar başlanmalıdır. Təklif edərdim ki, iqtidar müxalifətlə danışıqlara getsin. İqtidar və müxalifət hər biri üzərlərinə bir öhdəlik götürməlidir. İqtidarın öhdəliyi ondan ibarət olmalıdır ki, vətəndaşların bütün fundamental hüquq və azadlıqlarını təmin etmək və ədalətli seçki keçirməyi öz üzərinə götürür. Müxalifət də öhdəlik götürməlidir ki, hakimiyyətə gəlsələr, hakimiyyətdə olanların və onların ailə üzvlərinin şəxsi təhlükəsizliklərini, siyasi hüquq və azadlıqlarını təmin edəcəklər. Biz məmurları inandırmalıyıq ki, hakimiyyətə gəlsək, sizə toxunmayacağıq, iqtidara gəldikdə sizinlə əməkdaşlıq edəcəyik. Onları buna inandıra bilməsək, hakimiyyətə gəlmək çətin olacaq. İqtidar tərəfindən bu addımın atılacağına inanmıram. ALP bu baxımdan barışıq təklif edir. Biz məmur, deputat korpusuna düşmən kimi baxmırıq. Biz ölkədəki ziddiyyətlərin zor müstəvisində çözülməsinin, iqtidar və müxalifətin biri-birilə düşmən kimi davranmağının tərəfdarı deyilik. Müxalifət olaraq hakimiyyətə gələcəyimiz təqdirdə buldozer rolunu oynamamalıyıq. İstəmirik ki, Azərbaycan qan gölünə dönsün. Amma bu o demək deyil ki, baş verən neqativ hallara dözəcəyik.

- ALP seçkilərdə iştirak edəcəkmi?

- Nə seçki, seçki olacaq bəyəm?

- Hər halda 2013-cü ildə prezident seçkiləridir və bir neçə müxalifət partiyası da iştirak etmək barədə qərar verib...

- Azərbaycanda ədalətli seçkilər üçün qanunverici baza və seçkiqabağı şərait yoxdur. Belə qanun və şərait yoxdursa, xalqı niyə aldatmalıyıq? Seçkilərə getmək üçün inam olmalıdır ki, aldığın səsləri qoruyub saxlaya biləcəksən. Biz saxta keçirilən seçkilərdə iştirak etməyin, rəqabətli seçki fonu yaratmağın və saxtakarlığın şəriki olmağın əleyhinəyik. Hesab edirik ki, indiki situasiya dəyişməzsə, seçkilərdə iştirak xatirinə iştirak etmək Azərbaycan xalqının maraqlarına cavab vermir.

- Belə çıxır ki, seçkiləri boykot edəcəksiz...

- Buna boykot demirəm. Sadəcə, indidən seçkidə iştirakımızı bəyan edib, iqtidarı arxayın salmaq doğru deyil. Bu iqtidarın marağına cavab verir. Müxalifət birləşməlidir. Amma müxalifət birləşmək istəyirmi? Bunu bütün partiyalar haqqında demək olmur. Bəzilərinin səmimiyyətinə çox böyük şübhəm var. Onlar açıq-aşkar iqtidarla oyuna gedirlər. Cəmiyyətin real müxalifət kimi tanıdığı qüvvələrin heç də hamısı tam şəkildə mübarizə əzmində deyillər.

- Sizin də daxil olduğunuz Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyəti niyə hiss olunmur?

- Adından da görünür ki, o Məşvərət Məclisidir. Biz onu müxalifət mərkəzi kimi yaratdıq. Məqsəd də o idi ki, Azərbaycanın siyasi qüvvələrini bir araya gətirək. DQMM artıq bir neçə ciddi siyasi tədbirlər keçirib və mən deməzdim ki, onun fəaliyyəti hiss olunmur. O artıq aparıcı müxalifət mərkəzlərindən biridir. Biz İctimai Palata ilə əməkdaşlıq etmək istərdik. Orada bir partiya bizim təklifimizə müsbət cavab versə də, istəməyənlər də oldu. İstəməmək də onların hüququdur. İndiki zamanda mübarizə əzmində olan partiyalar birləşməlidirlər. Hətta "sizin səsinizi qoruyacam" adı altında seçkilərdə iştirak edəcəyini bəyan etmiş partiyalarla da hələlik əməkdaşlıq etmək lazımdır. Bir araya gəlməliyik ki, hakimiyyətin saxtakarlığının və həmin saxtarkarlığa şərik olanların qarşısını alaq.

- İctimai Palata ilə əməkdaşlıq deyəndə nəyi nəzərdə tutursuz? Həmin qurumda olan partiyalar əməkdaşlıq məsələsində heç bir problemin olmadığını deyirlər...

- Biz bərabər hüquqlu əməkdaşlığın tərəfdarıyıq. Biz ölkədə əsas müxalif qüvvələrin hərəkatının yaradılmasını istəyirik. Maraqlar müxtəlif olduğundan bir masa arxasına gələ bilmirik ki, təklifləri müzakirə edək. Müxalifətin geniş spektrdə birliyini yaratmaq olar. Buraya təkcə Məşvərət Məclisinə daxil olan partiyalar deyil, İctimai Palata. Ziyalılar Forumu, REAL Hərakatı və.s qurumların da qoşulmasına çalışırıq.

- Müsavat Partiyası iddia edir ki, süni müxalifətlə birləşməyin mənası yoxdur...

- Burada müəyyən məntiq var. Müsavat süni müxalifətlə birləşmək
istəmirsə, biz bunu başa düşürük. Biz də deyirik ki, birliyimiz süni
olmasın, sona qədər davam edə bilək. Kimin süni müxalifət olduğu barədə əsas siyasi qüvvələr arasında mətbuatsız müzakirələr aparılmalı və ortaq məxrəcə gəlinməlidir. Məsələn, birləşmiş müxalifət hərəkatında bir sıra "nüvə partiyalarına" o cümlədən Müsavata, Ziyalılar Forumuna veto hüququ vermək olar ki, süni müxalifətlə məsafə saxlamaq mümkün olsun. Biz bu məsələdə məsləhətləşməni intensivləşdirməliyik.

- Bəzi partiyalar cəmiyyəti oyatmağın yolunu seçkilərdə iştirakda görür. Bəs, siz necə düşünürsüz?

- Əvvəlki şərtlərlə bu daha real idi. İndi isə mümkün deyil. Bunun üçün yenə də bir arada olmaq lazımdır. İndidən "seçkilərə gedirik" desək, iqtidar arxayın olacaq ki, bunlar onsuz da seçkilərdə iştirak edəcək və heç bir islahata getməyəcək. Seçkilərdə iştirak etməməyimizi bir növ təzyiq vasitəsinə çevirməliyik. İqtidarın islahatlar aparması üçün mübarizə vasitəsinə çevirməliyik.

- 8 partiyanın görüşündən nə xəbər var?

- Məndə olan informasiyaya görə görüşün davam etdirilməsi haqqında konsensus yoxdur. O konsensusun olmaması da başa düşüləndir. Görüşün keçirilməsi barədə bir söz deyə bilmərəm. Bəlkə keçirildi...

- Görüşün təşkilatçısı kimdir? Yusif Bağırzadə də bundan imtina etdi...

- Yusif bəy demişdi ki, o təşkilatçı deyil, ev sahibi kimi çıxış edəcək.

-"Səkkizlər"in görüşünə nə əngəl oldu? Sərdar Cəlaloğlu deyir ki, bəzi partiyalar şıltaqlıq edir, təşəbbüs göstərmir...

- S.Cəlaloğlu ilə əməkdaşlıqda heç bir problem yoxdur. Obrazlı desək, şıltaqlıq edənləri də başa düşürəm.

- Nə mənada?

- O mənada ki, hər kəs bu masa arxasında oturanların səmimiliyinə inanmalıdır. Yəni, hər bir partiya bilməlidir ki, bu masa arxasında oturanlar sonadək gedəcəklər.

- Ziyalılar Forumunun, həmçinin Rüstəm İbrahimbəyovun seçkilərdə rolunu necə qiymətləndirirsiz?

- Rüstəm İbrahimbəyov dünya mədəniyyətində sözünü demiş
şəxsiyyətdir və onu layiqincə dəyərləndirməliyik. Onun böyük siyasətə gəlişini alqışlayıram. İndiyədək əksəriyyət tərəfindən qəbul olunan ziyalının böyük siyasətə gəlişi Lalə Şövkətin adı ilə bağlı idi. Ziyalılar forumu Azərbaycan siyasətində mühüm rol oynaya bilər. Sözsüz ki, onlar məsələlərə ziyalı kimi yanaşırlar və siyasətdə ziyalı sözünə böyük ehtiyac var. Bizim onlarla isti münasibətlərimiz var.

- Rüstəm bəyin formalaşdırdığı hərəkatla bağlı hansı fikirdəsiniz?

- Həmin hərəkatla bağlı dəqiq bilgim yoxdur. ALP olaraq yeni xalq hərəkatının yaradılması ilə bağlı müzakirələrə hazırıq. Bizim də birlik təklifimiz var və mövcud təklifləri zənginləşdirə bilərik. Yaxşı olardı ki, yeni hərakatın nüvəsinə aparıcı siyasi partiyalar və Ziyalılar Forumu dursun.

- Hansı partiya liderinin seçkilərdə vahid namizəd kimi iştirakını uğurlu sayırsız?

- Qeyri-rəsmi məlumatlara görə Lalə Şövkət 2003-cü il prezident seçkilərində İsa Qəmbərdən sonra 2-ci yeri tutmuşdu. İsa Qəmbərə bir çox partiyalar dəstək verirdi, amma Lalə Şövkət tək mübarizə aparırdı. Amma, indiki şəraitdə Lalə Şövkətin nə namizədliyinin, nə də vahid namizədliyinin gündəmə gətilməsinin tərəfdarı deyiləm. Kimin daha uğurlu olması barədə isə fikir bildirmək istəməzdim…

İlkin
AzNews.az

image description image description image description