Rüstəm İbrahimbəyov yenə də aeroportda saxlanıldı

Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bu gün yenə Bakı aeroportunda saxlanılıb.

Dramaturq Rusiya, Fransa və ABŞ-a turneyə yola düşəcəkdi. Əvvəlcədən sifariş əsasında VİP zaldan keçərkən onun baqajı qəbul edilib, minik bileti verilib, amma sonra sərhəd xidməti yolu kəsib.

Sərhədçilər dramaturqa bildiriblər ki, "yuxarıdan" onu VİP-dən buraxmamaq əmr olunub və o, minik üçün ümumi qaydada keçməlidir.

Dramaturq dərhal ümumi sərnişin zalına gedib, lakin orada da onun üçün sərhəd bağlı olub, bu dəfə texniki səbəblərdən. Forum sədri sərhəd məntəqəsinə yaxınlaşan kimi kompüter şəbəkəsində problem yaranıb.

16.10 Moskva reysinə minik başlamasına yarım saat qalmış "yuxarıdan" gələn növbəti siqnaldan sonra kompüterlər Oskar mükafatı laureatını "tanıyıb" və o, sərhədçilərin kompüter problemini həll etmək vədləri ilə təyyarəyə yola düşüb. Bu barədə Turan-a bu səhnənin şahidi, Ziyalılar Forumunun nümayəndəsi Eldar Namazov bildirib.

Yeni il ərəfəsində, dekabrın 30-da da buna bənzər hadisə baş vermişdi, amma bu dəfə Azərbaycanın girişində kompüterlər və sərhədçilər iki saat ərzində İbrahimbəyovu tanıya bilməyiblər./contact.az/