Deputatların “əcnəbilər dövlət dilini öyrənməlidir” tələbi narazılıq yaratdı

“Azərbaycana küllü miqdarda vəsait qoymuş şəxsdən dövlət dilini bilməsi barədə arayışın tələb olunması nə deməkdir?”


Bir qrup deputat Azərbaycanın "Əmək Miqrasiyası haqqında" Qanunda dəyişikliyin edilməsiylə bağlı Milli Məclis rəhbərliyinə müraciət etməyə hazırlaşılır. Millət vəkillərinin müraciətlərinin əsasında Azərbaycana gələn əcnəbilərdən dövlət dilimizin bilməsi tələbi dayanır.

Təşəbbüsçülər hesab edirlər ki, Rusiyada olduğu kimi Azərbaycanda da belə bir dəyişikliyin edilməsi zəruridir. Əgər qanunverici orqan deputatların müraciətlərini müsbət dəyərləndirib sözügedən Qanunda dəyişiklik edərsə, bunu Azərbaycan reallığı üçün nə dərəcədə keçərli saymaq olar?

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev AzNews.az-ın mövzuyla bağlı sualına cavabında bildirib ki, Rusiya ilə Azərbaycanın "Miqrasiya haqqında" qanununun eyniləşdirilməsi yolverilməzdir: "Bizim qanunvericiliyə görə, Azərbaycana gələn əcnəbi vətəndaş iki il, yəni, bir il-bir il olmaqla burada müvəqqəti yaşadıqdan sonra immiqrant statusu almaq üçün müraciət edə bilər. Ona görə də təklif olunan dəyişiklik Azərbaycan üçün aktual deyil. Rusiyada isə əcnəbi ölkəyə daxil olan kimi immiqrant statusu almaq hüququna malikdi.

İkinci bir tərəfdən isə Rusiya dünyada immiqrantları qəbul edən ikinci böyük ölkədir. İmmiqrasiya prosesinin tənzimlənməsi, idarə olunması, daha yüksək ixtisaslı immiqrantların Rusiyaya qəbul edilməsi bu ölkənin iqtisadi inkişafına təkan verə bilər. Azərbaycanda bu məsələ də aktual deyil və ölkəyə güclü miqrant axını da yoxdur. Azərbaycana gələnlər isə daha çox öz soydaşlarımızdır. Gürcüstan, İran və digər qonşu dövlətlərdən gələn və dövlət dilini çox yaxşı bilən soydaşlarımız".

Bu mənada mərkəz rəhbəri hesab edir ki, qanunda dəyişiklik olarsa, o ölü bir qanun olacaq, yəni işləməyəcək: "Sadəcə olaraq "qanunlara bu qədər dəyişiklik olundu" düşüncəsiylə statistika artımağa ehtiyac yoxdur. Bütövlükdə miqqant kimi müraciət edən şəxsdən arayışın tələb olunması yalnız Rusiya təcrübəsində mövcuddur. Başqa dövlətlərdə belə bir təcrübəyə rast gəlinmir və hətta Qərbi Avropa ölkələrinin heç birində belə bir şey yoxdur.
Məsələnin digər tərəfi də var. Azərbaycana gəlmiş və burada küllü miqdarda vəsait qoymuş şəxsdən dövlət dilini bilməsi barədə arayışın tələb olunması həmin vəsaitdən özünü mərhum etmək deməkdir. Bu gün Azərbaycanda miqrant statusu bizim vətəndaşlarımızla nigahda olan şəxslərə verilir. Əgər kimsə başqa bir ölkə vətəndaşı ilə evlənib onu Azərbaycana gətirirsə, ondan da bunu tələb edəcəklər?".

Gültəkin
AzNews.az