“Meydan” savaşçıları bir-birinə “meydan oxuyur”-QARŞILIQLI İTTİHAMLAR “Meydan” savaşçıları bir-birinə “meydan oxuyur”-QARŞILIQLI İTTİHAMLAR

Kimdir satqın – Fazil Mustafa yoxsa, Ənvər Əliyev?

“Meydan” savaşçıları bir-birinə “meydan oxuyur”-QARŞILIQLI İTTİHAMLAR



Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Eldəniz Əliyev Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanı Prezident Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri işləyəndə prezident Əbülfəz Elçibəylə görüşünə mane olmaqda ittiham edib. Millət vəkilinə qarşı digər ittiham isə 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı daxilində tələbə hərəkatına öncüllük edən Ənvər Əliyevin müəllifi olduğu "Meydan sirləri" kitabında yer alıb. Hər iki ittihama F.Mustafa "Facebook" səhifəsində cavab verib.

F.Mustafa deyib ki, prezidentin tapşırdığı adamı hörmətsiz qəbul etməyə tərbiyəsi imkan verməzdi:

"Hətta o zaman hakimiyyətə qarşı olan insanları belə hörmətlə qəbul edib problemlərini dinləmişəm. Prezident tapşırandan sonra necə ola bilər ki, mən deyim ki, sənə iş verməyəcəm. Eldəniz Əliyev Heydər Əliyevə bağlı kadr olduğundan onun bizim hakimiyyətə səmimi münasibətinə inamımız yox idi. Görünür, bu mülahizələrlə onun MTN-nə geri qaytarılmasını məqsədəuyğun hesab etməmişik. Hər halda görünür, Heydər Əliyev də axıra qədər güvənmədiyindən, onu bizim hakimiyyətin süqutundan sonra sistemə geri qaytarmadı".

Ənvər Əliyevin "Meydan sirləri" kitabında yer alan ittihama gəldikdə isə millət vəkili bildirib ki, namussuzun namusdan, satqının satqınçılıqdan, demokratiya düşməninin demokratiyadan rahatlıqla danışdığı bir ölkədə yaşadığının fərqindədir. Onun sözlərinə görə, hərəkat zamanı "Yurd" Birliyi başladıqları yürüşün önündə tələbə deyil, akademiya işçisinin olmasını daha məqsədəuyğun hesab ediblər:

"Buna görə o zaman fəal olan Ənvər Əliyevin üzərində dayandıq. Dekabrda mitinq dağılanda ilk təşkilatçı kimi Nemət Pənahlını və Ənvər Əliyevi həbs etdilər. Hər ikisinin israrı ilə biz tələbələri də istintaqa cəlb etdilər. Adam sovet müstəntiqinin yanında bütün həqiqətləri söyləməyi bizdən tələb edirdi. Mitinqi kim, necə, nə vaxt təşkil edib, meydana plakatları, bayraqları kim gətirib və s. barədə suallar verilirdi. Cavabımız əvvəlcədən qərarlaşdırdığımız kimi oldu: heç nə görməmişik, heç nə bilmirik, heç kimi tanımırıq. Biz "KQB" müstəntiqinə niyə kiminsə adını verməliydik? Nəticədə artıq üzdə olan Ənvər Əliyev və Nemət Pənahlıdan başqa kimsəni, o cümlədən tələbə yoldaşlarımızdan heç kimi istintaqa cəlb edə bilmədilər. Adam isə rus müstəntiqinə israrla deyirdi ki, Fazillə Qorxmaz həqiqəti söyləmirlər. İndi baxın, satqınlıq bizim hərəkətdir, yoxsa Ənvər Əliyevin?"

F.Mustafanın bu cavabından sonra Ənvər Əliyev yeni ittihalarla çıxış edib:

"Fazilin 2 mitinqdən başqa heç birində rolu olmayıb. İndiki deputatlıq kürsüsü də o vaxt verdiyi ifadələrin bəhrəsidir. Müstəntiq onlara deyirmiş ki, sizin ifadələriniz hər hökumətdə vəzifə tutmağınıza kömək edəcək".

Bu açıqlama isə millət vəkilini qəzəbləndirib. Və o, yeni bir status yazıb:

"O zaman 1990-cı ildə həm normal həm də təkrar seçkilərdə tələbə olarkən iki dəfə seçkiləri qazandım, ancaq qələbəmi tanımadılar. Bu gün də istənilən şərtlərdə Allahın köməyi ilə istənilən dairədən sizlərə qalib gəlməyə hazıram. Ancaq bu deputatlıq mənim kimi insanlara sizlərdən fərqli olaraq heç vaxt hədəf olmayıb. Bunlar çox kiçik vasitələrdir. Sağlam, səmimi, realist düşünən, imanlı, gələcəyimizə məsuliyyət əxlaqi ilə baxan insanların çoxluqda olmadığı bir cəmiyyətdə vəzifəsi, də deputatlığı da, zəngin sərvət sahibliyi də nə məna ifadə edər? Pisliyə qarşı mübarizə apardığını qürrələnərək bağıran, ancaq mahiyyəti etibarilə pislik olan sizləri Azərbaycanda yaxşı tanıyanlardan biri də mənəm. Ona görə aralıdayam, ona görə öz anladığım və tanıdığım cığırla gedirəm ki, bu xalqın yəni bir macəraya sürüklənməsinin səbəbkarlarından olmayım. Allah sizə və sizin kimi mühakiməsi olanlara şəfa versin".

Gültəkin
AzNews.az