Eldar Namazov: “Məqsədimiz passiv çoxluğu hərəkətə gətirməkdir” Eldar Namazov: “Məqsədimiz passiv çoxluğu hərəkətə gətirməkdir”

“Aparıcı qüvvələri bir araya gətirmək mümkün olacaq”-MÜSAHİBƏ

Eldar Namazov: “Məqsədimiz passiv çoxluğu hərəkətə gətirməkdir”



Ziyalılar Forumunun idarə heyətinin üzvü Eldar Namazov AzNews.az-ın suallarını cavablandırıb:


- Eldar müəllim, bir vaxtlar eyni komandada təmsil olunduğunuz adamların sizə qarşı münasibətlərindəki bu kəskin dəyişikliyi sizin timsalınızda alternativ güc görmələri ilə əlaqələndirmək olarmı?

- Xatırladım ki, 14 ildir ki, istefa ərizəmi yazıb könüllü olaraq hakimiyyətdə vəzifə tutmaqdan imtina etmişəm. Bu 14 il ərzində dəfələrlə mənə qarşı məkrli kampaniyalar aparılıb. Bunlardan cəmiyyətin xəbəri olanı da var, olmayanı da, amma onların böyük hissəsi cəmiyyətə məlum olmayan kampaniyalardır. Mənə qarşı müxtəlif təzyiq cəhdlərinə, şantaja qədər çox şeyə əl atıblar. Ancaq gördüyünüz kimi bunların heç bir nəticəsi olmayıb, bundan sonra da olmayacaq.

- Bir qədər keçmişə, sizin istefa verdiyiniz dövrə qayıdaq. Bu addımınızı necə başa düşmək olar: vəzifənizin öhdəsindən gəlməmək, yoxsa, könüllü istefa vermək mədəniyyətinin nümunəsi?

- Hamıya bəllidir ki, mən istefa verdikdən sonra bir aya yaxın ərizəmə imza atılmadı. Digər tərəfdən, hansı səbəbdən istefaya getməyimiz ATƏT-in İstanbul Sammitinin qərarlarında öz əksini tapıb. Bu mənada bunlar hamısı bəlli məsələlərdir. İstefamızda siyasi mədəniyyət nümunəsinə gəlincə, təbii ki, bu da böyük rol oynayır. Hesab edirəm ki, vəzifə xətrinə vəzifə tutmaq olmaz. Vəzifədə yalnız o zaman çalışmaq olar ki, aparılan siyasətin, görülən işlərin, tutulan yolun doğruluğuna sənin daxilində inam olsun. Əgər sənin daxilində qeyd etdiklərimlə bağlı şübhələr yaranırsa, deməli, sən onu açıb deməli, bölüşməlisən. Əgər sən onu açıb deyirsən, amma səni inandıra bilmirlər ki, sənin şübhələrin əsassızdır, onda iki yol qalır: нa öz əqidənə xəyanət edərək başını aşağı salıb, vəzifəni davam etdirirsən, ondan bəhrələnirsən, özün, ailən üçün "var-dövlət" toplayırsan, yaxud, ərizəni verib könüllü olaraq tutduğun vəzifədən imtina edirsən. Mən ikinci yolu seçdim.

- Ziyalılar Forumu siyasətlə məşğul olmadığını bəyan etsə də, seçki yaxınlaşdıqca fəaliyyətindəki siyasi çalar aşkar görünür...

- Azərbaycanda beş milyondan artıq seçici var və onların hər biri seçkilər zamanı siyasətlə məşğul olurlar. Onlar da hansısa namizədə dəstək verirlər, kimisə seçirlər, kimisə tənqid edirlər, kimlərinsə aksiyalarına qoşulurlar. Deməli, hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan ziyalılarının da seçmək və seçilmək hüququ var. Bundan istifadə etməyə də ziyalıların həm Azərbaycan Konstitusiyasına, həm də qanunvericiliyə görə haqları çatır.

Digər tərəfdən, hərdən elə məqamlar olur ki, ziyalılar da bu işlərlə məşğul olmağa məcbur olurlar. Azərbaycan cəmiyyətində ziyalıların rolu həmişə müstəsna xarakter daşıyıb. Kilsə xristianların həyatında hansı rol oynayırsa, ziyalılar da cəmiyyətimizdə həmin funksiyanı icra ediblər. Bu tarixən belə olub. Azərbaycan Demokratik Cümhuriyyətini quranların hamısı Azərbaycanın görkəmli ziyalıları idilər. SSRİ dövründə də Azərbaycanın milli dəyərlərini qoruyub saxlayan, yaşadan institut məhz ziyalı idi. Sovetlər Birliyi dağılanda Milli Azadlıq Hərəkatı yarananda da onun başında yenə ziyalılar olub. İndi də bu rejimdən demokratiyaya keçidi ziyalılar təmin etməlidir.

- Bunun üçün qüvvələrin təmərküzləşməsi zəruri şərtdir və Forumun bu istiqamətdə fəaliyyət göstərdiyi bəllidir. Aparılan danışıqlarda nə yeniliklər var?

- Rüstəm müəllimin son müsahibəsində konkret yol göstərilmiş, vacib olan addımların anonsları verilmişdir. Həqiqətən də biz hesab edirik ki, Azərbaycanda yeni bir hərəkat formalaşdırmaq lazımdır. Bunun səbəbləri çox sadə və aydındır. Son seçkilərə baxın. Sonuncu parlament seçkilərinə 10-15 faiz seçici gəlib. Bunu müşahidəçilər də, siyasi partiyaların liderləri də etiraf edirlər. Halbuki həmin seçkidə hakim partiya ilə yanaşı, həm də müxalifətin aparıcı partiyaları da iştirak etmişdi. Ondan əvvəlki 2008-ci ildə keçirilən prezident seçkilərini isə demək olar ki, cəmiyyət boykot etmişdi. Bu onu göstərir ki, Azərbaycan cəmiyyətində müəyyən bir passiv çoxluq formalaşıb və bir çoxları da bunu etiraf edir. Onlar ictimai-siyasi proseslərdən kənarda qalıblar, nə seçkilərə qoşulurlar, nə də öz mövqelərinin bildirirlər. Həmin bu çoxluğu hərəkətə gətirmədən, ictimai-siyasi proseslərdə fəal vəziyyətə çatdırmadan Azərbaycanda dəyişikliyə ümid etmək, cəmiyyət qarşısında hesabatlı hökumətin formalaşmasına əmin olmağa dəyməz. Bu proses getməlidir.

- Ona görəmi Forum nəzərdə tutduğu hərəkata "El" adını verib? Doğrudanmı, "El"də eli görmək mümkün olacaq?

-"El" çox böyük məna daşıyan anlayışdır və onun arxasında əsrlər boyu türk dünyasında formalaşan vahid bir "Türk eli konsepsiyası" dayanır. "El" həm vətən, həm dövlət, həm də elə xalq deməkdir. Qumilyovun da bununla bağlı çox gözəl yazıları var və bu gün də türk dünyasının başçıları bunu tez-tez xatırlayırlar. "Türk eli konsepsiyası"nda bizim bütün siyasi fəlsəfəmizin əsas prinsipləri əksini tapıb. Bu haqda inşallah, gələcəkdə daha geniş danışacağıq. Rüstəm müəllimin Milli Şuranın yaradılması təklifi çox vacib məsələdir. 95 il əvvəl Azərbaycanın aparıcı partiyalarını, görkəmli ziyalılarını birləşdirən Milli Şura formalaşdı. Onun 44 üzvü vardı. Həmin Milli Şura həm müstəqilliyimizi elan etdi, həm də onun reallaşması üçün addımlar atıb Azərbaycan Demokratik Cümhuriyyətini yaratdı. İndi həmin hadisələrin üzərindən 95 il keçir və biz hesab edirik ki, Azərbaycanın aparıcı partiyaları, görkəmli ziyalıları, cəmiyyətin tanınmış nümayəndələri də Milli Şurada səylərini birləşdirib, yeni bir demokratik sistemə keçidi təmin etməlidirlər. Düşünürəm ki, Rüstəm müəllimin təklif etdiyi bu yol tamamilə düzgün yoldur.

- Apardığınız danışıqlardan gəldiyiniz qənaət necədir, hazırda namizədliyini açıqlayan, açıqlamasa belə iddiası ortada olan qüvvələrin firqə maraqlarını arxa planda tutacağına inanırsınızmı?

- Hesab edirəm ki, bu, mümkün olacaq. Burada söhbət aparıcı qüvvələrdən gedir. Azərbaycanda özünü müxalifət adlandıran onlarla qurum var ki, onların arxasında real gücün olmadığını hamı başa düşür. Onlar hansısa hakimiyyətdaxili qrupların nəzarəti altındadırlar. Ona görə də belə qüvvələri nəzərə almasaq, real müxalifət mövqeyində dayanan, cəmiyyətdə nüfuz sahibi olanların mövqeləri kifayət qədər bir-birinə yaxındır. Bunlar hamısı, hətta namizədliyini irəli sürənlər də, sürməyənlər də deyirlər ki, daha şanslı namizəd, daha məsləhətli variant olsa, ona güzəştə getməyə hazırıq. Sadəcə olaraq, onların taktiki yanaşmalarında bəzi fərqliliklər müşahidə olunur. Bəziləri hesab edirlər ki, elektoratı aktivləşdirmək üçün mütləq ilk mərhələdə namizədliyini irəli sürməlisən, sonra danışıqları aparmalısan. Bəziləri isə hesab edirlər ki, əvvəlcə danışıqları aparıb, hansısa razılığa gəldikdən sonra elektoratı fəallaşdırmalısan. Ancaq tez-tez liderlərlə təmasda olan şəxs kimi bilirəm ki, keçid dövrü üçün səylərin birləşdirilib vahid namizədlə seçkidə iştirak məsələsində hamının mövqeyi eynidir.
Əminəm ki, əgər iş düzgün qurularsa, Azərbaycanda əsas aparıcı qüvvələri bir araya gətirmək mümkün olacaq.

Gültəkin
AzNews.az