“Türkiyə ilə İsrailin münasibətlərinin normallaşması Azərbaycan üçün də faydalıdır” - Azər Həsrət

"Türkiyə ilə İsrail arasında yaranan gərginlik nə Ankaradan, nə də Təl-Əvivdən qaynaqlanır. Bu gərginliyin əsas səbəbi üçüncü tərəf – Fələstin, daha dəqiq desək, oradakı HƏMAS təşkilatıdır. HƏMASın fəaliyyəti nəticəsində Türkiyə və İsrail faktiki olaraq qarşı-qarşıya gəlib. Əgər Türkiyə HƏMAS məsələsində neytral mövqe tutsaydı – məsələn, Azərbaycanın yanaşması kimi – İsraillə münasibətlərdə problem yaranmazdı. İsrailin HƏMASa qarşı başladığı hərbi əməliyyatlara Türkiyənin “müsəlman həmrəyliyi” və “qardaş ölkə” prinsipləri ilə reaksiya verməsi bu gərginliyə səbəb olub. İsrail isə təbii olaraq bu mövqelə razılaşmır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Yaxın Şərqdə gedən gərgin proseslər, xüsusilə də Fələstin–İsrail qarşıdurması, Ankara ilə Təl-Əviv arasında münasibətləri yenidən soyuqladıb. Türkiyə hökuməti hazırda İsrailin baş naziri Binyamin Netanyahunun komandasına dialoq təklifi göndərməyi planlaşdırmır. “Hürriyet” qəzetinin yazdığına görə, Ankara münasibətlərin bərpasını İsraildə formalaşacaq yeni hökumətin siyasi yönümü və atacağı addımlardan asılı görür. ABŞ-ın Ankaradakı səfiri Tomas Barak isə tərəflər arasında əməkdaşlıq üçün imkanların hələ də mövcud olduğunu bildirib. Buna baxmayaraq, yaxın gələcəkdə Türkiyə–İsrail münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyən qalır.

Siyasi şərhçi bildirib ki, Türkiyə ərəblərin maraqlarına görə öz xarici siyasətini risk altına qoymamalıdır.

"Çünki tarix göstərir ki, bir çox ərəb ölkələri, o cümlədən Fələstinin özü Osmanlı dövründə Türkiyəyə qarşı çıxıb. Hətta PKK terrorçularının bir hissəsi vaxtilə Fələstində təlim keçib, “ASALA” terror təşkilatı da məhz orada formalaşaraq Türkiyəyə qarşı terror əməlləri törədib. Bütün bunlar fonunda Türkiyənin Fələstinə görə özünü riskə atması doğru deyil. Ankara sülhün yaradılması prosesində iştirak etməlidir, lakin bu prosesdə radikal mövqedən çıxış edib özünü zərbə altına qoymamalıdır. Türkiyə İsraillə müqayisədə daha güclü dövlətdir, lakin İsrailin arxasında dünyanın aparıcı gücü olan ABŞ dayanır. Buna görə də hansısa ərəb coğrafiyasına görə münasibətlərin gərginləşməsi məqsədəuyğun deyil. Bu məsələdə Azərbaycan nümunəvi mövqe sərgiləyir – ədalətli, balanslı və diplomatik davranış nümayiş etdirir. Türkiyə də oxşar xətti izləsə, bu, regionda sabitlik üçün müsbət nəticələr doğurar. Türkiyə ilə İsrailin münasibətlərinin normallaşması həm Ankara, həm də Azərbaycan üçün faydalı olar: "Türkiyə bizim qardaş ölkəmizdir, İsrail isə strateji tərəfdaşımız. Onların yaxınlaşması Azərbaycan–Türkiyə–İsrail üçlüsünü qlobal miqyasda güclü bir geosiyasi faktora çevirə bilər.” Hazırda Türkiyənin İsrailin baş naziri Binyamin Netanyahu ilə bağlı qoyduğu şərt reallaşması çətin olan tələbdir, lakin Netanyahu əbədi hakimiyyətdə qalmayacaq. ABŞ-ın iki ölkə arasında münasibətlərin bərpası üçün göstərdiyi səylər də önəmlidir. Türkiyə taktikasını dəyişməlidir. İsraillə anlaşma həm mümkündür, həm də nəticə etibarilə Fələstin ərəblərinin müdafiəsinə xidmət edə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az