Parlament müxalifəti Maliyyə Nazirliyini gözləyir Parlament müxalifəti Maliyyə Nazirliyini gözləyir

Partiyaların maliyyələşməsi ilə bağlı qanun niyə icra edilmir?

Parlament müxalifəti Maliyyə Nazirliyini gözləyir



Ötən il yaz sessiyasında Milli Məclis "Siyasi partiyalar haqqında" qanuna bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklərin ən əsası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi idi.
Bəs, 2013-cü ilin yanvarında qüvvədə olacağı bildirilən dəyişikliklər niyə həyata keçirilmir?

BAXCP sədrinin beynəlxalq əlaqələr üzrə katibi Elçin Mirzəbəyli AzNews.az-a bildirib ki, vəsaitin ayrılması ilə bağlı hələlik onlara müraciət olunmayıb. O qeyd edib ki, Maliyyə Nazirliyi proses başlayanda siyasi partiyaların baş mühasibləri üçün treninqlərin keçiriləcəyini bildirsə də bundan da xəbər yoxdur:

"Ortada konkret bir şey olmadığından nəzərdə tutulan vəsaitin ayrılması monitorinqinin necə aparılacağı barədə də hansısa məlumata malik deyilik. Ona görə də məsələyə münasibət bildirmək də çətindir. Proses bilavasitə Maliyyə Nazirliyinin atacağı addımlarla bağlıdır".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafaya görə maliyyələşmə məsələsində yenilik odur ki, bütün qəbul olunan qanunlar kimi, bu qanun da işləmir:

"Biz bu günə kimi bu məsələdə hansısa işarə görməmişik. Yəqin ki, yaz sessiyası başlanan kimi biz bu məsələyə öz münasibətimizi bildirəcəyik".

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də bu məsələ barədə hansısa məlumata malik olmadığını deyib:

"Hələlik bu prosesin başlanması, müvafiq sənədlərin qəbul olunması barədə heç bir yeni məlumat yoxdur"

Gültəkin
Aznews.az
image description image description image description