“Ermənistanda seçkilər yenə də saxtakarlıqlarla yadda qaldı” - Deputat

"Ermənistanda keçirilən parlament seçkiləri əvvəlki seçkilərdən fərqlənmədi. Yəni, aprelin 2-də keçirilən seçkilər yenə də saxtakarlıq, seçiciləri ələ almaq, onların iradəsinə təzyiq etmək halları ilə yadda qaldı".

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

O bildirib ki, seçki zamanı baş verən bütün hadisələr proqnozları doğrultdu: "Yəni, Sarkisyan tamamilə nüfuzunu itirib, xalq tərəfindən dəstəklənmir. Ancaq Sarkisyanın Ermənistana rəhbərlik etməsində maraqlı olan xarici qüvvələr var və onlar bu seçkidə də onun "qələbə" qazanmasına yardımçı oldular. Hətta seçkilər elə səviyyədə "təşkil olunmuşdu" ki, Sarkisyanın özünün adı o siyahıdan çıxmadı. Cibindən iki pasport çıxarandan sonra, barmağını iki dəfə işarələdəndən sonra Sarkisyana seçici bülleteni verə bildilər. Bütün bunlar göstərir ki, Ermənistanda seçkilər qanun pozuntuları ilə, anidemokratik keçirilib".

B.Sadıqov vurğulayıb ki, ermənilər artıq Sarkisyani istəmir: "Seçkidə iştirak edən bloklar Sarkisyana qarşı ittihamlar səsləndirirdilər. Belə bir vəziyyətdə Ermənistanı böhrana gətirən, dilənçi vəziyyətinə salan, forpost dövlətə çevirən Sarkisyan yenə də Ermənistana rəhbərlik etmək fikrindən əl çəkmir. O, ümumiyyətlə, erməni xalqının maraqlarını fikirləşmir, ancaq öz şəxsi maraqlarındam çıxış edir və bu istiqamətdə də hərəkət edir".

Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə bir çox qalmaqallı hadisələr baş verib və geniş saxtakarlıqlar müşahidə olunub. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın adı seçici siyahısında olmayıb. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

AzNews.az