"Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir"- Rəsmi Vaşinqton

ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək “prezident seçkiləri” və addəyişmə “referendumu” barədə bəyanat yayıb.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu “seçkiləri”, eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi – Abxaziyada keçirilmiş “parlament seçkiləri”ni tanımır: “Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, separatçılar referendumda Cənubi Osetiyanın adını “Cənubi Osetiya Respublikası – Alaniya dövləti” şəklində dəyişdirməyə hazırlaşır.