Bjezinskinin sonuncu məsləhəti – ABŞ-ın baş ideoloqu, əslində, kim idi?

Polşa əsilli amerikalı siyasi lider Zbiqnev Bjezinski Ağ Evin xarici siyasətini necə müəyyən edib? Bjezinski nəyə görə Sovet Sosialist Respublikaları İttifaqını “Əfqanıstan tələsi”nə saldı? Bjezinski Donald Trampa nə məsləhət görüb?

AzNews.az “Forbes” jurnalına istinadən sualların cavablarını təqdim edir.

Zbiqnev Bjezinski 10 gün əvvəl 89 yaşında dünyasını dəyişib. O, sabiq prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq müşaviri olub.

Bjezinski bəzi insanlar üçün yüksək səviyyəli peşəkar analitik, kimlər üçün Amerika imperializminin təcəssümü, kimlər üçün isə Rusiya düşməni olub. Ümumilikdə isə, siyasi dairələr onu dövrünün ən parlaq siyasi xadimi hesab edir. Bununla yanaşı, Bjezinski haqqında müxtəlif əfsanələr, şayiələr və ya yalnış fikirlər də yayılıb. Bəs, əslində, Bjezinski kim idi?

Demokrat ideologiyası amerikalı professoru hələ gənc yaşlarında ikən daha çox cəzb edirdi. Lakin xarici siyasətə gəldikdə isə, o, həmişə Respublikaçıların siyasi kursunu və fikirlərini dəstəkləyib.

Bjezinskinin siyasi karyerası hələ 1969-cu ildə Respublikaçı Riçard Nikson hakimiyyətə gəldiyi vaxt başlaya bilərdi. Həmin dövrdə Bjezinski Vyetnamda hərbi qüvvələrin sayını artırmağa çağırış edirdi. Lakin bu, Niksonun seçkiqabağı təşviqat kampaniyası vədlərinə uyğun siyasət deyildi. Nikson dövlət başçısı seçiləcəyi təqdirdə Vyetnamdakı qanlı müharibəyə son qoyacağına vəd verirdi. Nəticə etibarilə Respublikaçıların heyətinə Bjezinski deyil, digər bir siyasi şərhçi Henri Kissincer qatıldı. Daha sonra onlar ideologiya rəqiblərinə çevrildilər.

Bjezinskinin əsnək xüsusiyyəti ona beynəlxalq problemlərə qarşı münasibətini lazım gəldikdə dəyişməyə imkan verirdi. Bu xüsusiyyəti hesabına o, Cimmi Karterin seçkiqabağı təşviqat kampaniyasında özünə yer qazanmağı bacarmışdı. O, Yaxın Şərqdə əsas münaqişə tərəflərini sülhə vadar etməklə Amerikanın burada mövqeyini gücləndirməyi təklif edirdi. Bu təklif həmin dövrdə vitse-prezidentliyə namizəd olan Uolter Mondeylin xoşuna gəlmişdi. Təşviqat kampaniyası ərzində Bjezinski Karterin bütün xarici siyasət gündəmini müəyyən etməyi bacarmışdı. Karterin qələbəsindən sonra isə o, Ağ Evə siyasi bilet qazandı.

Yeni hökumət Bjezinskiyə əvvəlcə dövlət katibi vəzifəsini təklif etdi. Lakin o, bu təklifdən imtina edir. Buna səbəb isə, onun məhdud siyasi qanunlar çərçivəsində çalışacağı olması idi. Bjezinski isə xarici siyasət strategiyasını müəyyən etmək üçün daha çox səlahiyyət istəyirdi və buna görə də vitse-prezidentdən ona milli təhlükəsizlik üzrə müşavir vəzifəsinin verilməsini istədi. Bu, həm də Konqresin təsdiqini tələb etməyən yeganə vəzifə idi. Bjezinski sonda istəyinə nail oldu.

Bjezinski yeni prezidentin siyasi kursunu müəyyən etməkdə vacib rol oynadı. Onun xarici siyasətdə əsas hədəfi Yaxın Şərq idi. O inanırdı ki, regionda əldə oluna biləcək yeni nailiyyətlər ABŞ-ın Vyetnam sindromunu tərk etməsinə kömək edəcək. Bjezinski bununla, eyni zamanda, dünya ictimaiyyətinə Amerikanın siyasi liderliyini nümayiş etdirmiş olacaqdı. Bjezinski dövlət katibi Sayrus Vens ilə birgə İsrail-Misir münaqişəsinin həllinə dair plan hazırladı. Uzunmüddətli danışıqlardan sonra tərəflər planın icrasına razılıq verdilər. 1979-cu ildə isə, İsrail ilə Misir arasında Vaşinqton Sülh Müqaviləsi imzalandı. Bjezinskinin burada ən çox fəxr duyduğu məqam isə ondan ibarət idi ki, o, Misirin uzun müddət müttəfiqi olan Sovet İttifaqını bu prosesdən kənarlaşdırmağı bacarmışdı.

Lakin bir müddət sonra Misir siyasətində əldə olunan uğur İran siyasətində uğursuzluqla əvəz olundu. 1979-cu ildə ABŞ-ın müttəfiqi olan İranın Şah rejimi devrildi. ABŞ-ın İrandakı səfirliyinin zəbt olunması Ağ Evin nüfuzuna ağır zərbə vurdu. Bjezinski və Vensin Yaxın Şərq siyasəti sərt şəkildə təndiq edildi. Bundan başqa, həmin il Nikaraquada da inqilab oldu və burada SSSR-i yönümlü qüvvələr hakimiyyətə gəldi. Bjezinskinin istedadı Karter administrasiyasının xarici siyasətdə yaşanan hadisələri idarə etməsinə kifayət etmədi.

Qəribə səslənsə də, Bjezinskiyə ikinci şansı rəsmi Moskva verdi. Əfqanıstana qoşun yeritməyi düşünən Sovet İttifaqı Bjezinskinin xarici siyasətdə yenidən uğur qazanması üçün fürsət oldu. Bjezinski Sovet qoşunlarına qarşı döyüş strategiyası formalaşdırdı. O, “Siklon” əməliyyatını təşkil etdi. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən icra olunan əməliyyat planına görə, əfqan mücahidlər silahlandırılmalı idi. “Siklon” əməliyyatı ABŞ tarixinin ən uğurlu əməliyyatlarından biri hesab olunur.

“Biz Rusiyanı Əfqanıstana müdaxilə etməyə təhrik etmirdik. Lakin bunun üçün beynəlxalq şərait yaradırdıq. Gizli əməliyyat möhtəşəm fikir idi. Nəticədə Sovet İttifaqı tovlanaraq əfqan tələsinə düşdü. Sovet İttifaqı əfqan sərhədini keçdikdə mən Karterə bildirdim ki, indi biz Sovet İttifaqına Vyetnam müharibəsi yaşatmaq üçün fürsət əldə etmişik” – deyə Bjezinski qeyd edib.

Məhz bu uğuruna görə Bjezinski prezident Ronald Reyqanın öz əlindən “Azadlıq Medalı” prezident mükafatını almışdı.

Sovet İttifaqı dağıldıqdan sonra Bjezinski ABŞ-ın qlobal hegemonluğunu qoruyan və gücləndirən əsas ideoloqlardan birinə çevrildi. Müəyyən fikir ayrılığına baxmayaraq, o, ata Buşun təklif etdiyi demokratik sülh anlayışı ilə razılaşırdı. Bjezinski bildirirdi ki, “demokratik cəmiyyətlər bir-biriləri ilə müharibə etmirlər”. Lakin onun fikrincə, dünyada demokratiyanı yaymaq üçün neo-konservativ strategiya da uğurlu yol deyil. Belə ki, o, İraqa müdaxiləni nəzərdə tutan Buş administrasiyası siyasətinə də təkidlə qarşı çıxırdı.

Bununla yanaşı, Bjezinski Obamanın da siyasətini tənqid edib, onun çox “yumşaq” və “təhlükəli” siyasət yürütdüyünü bildirib. Bjezinski müsahibələrindən birində qeyd edib ki, ABŞ-ın beynəlxalq arenada öz etibarını itirməsinə səbəb Obamanın qətiyyətsizliyi olub.

Bjezinski Trampa Çinlə münaqişəyə girməkdən çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, əks halda, bu, ağır fəsadlara səbəb ola bilər.

Sonuncu əsərlərində Bjezinski qeyd edir ki, ABŞ dünya liderləri arasında güc müvazinətini qorumağa çalışmalıdır.

Xarici siyasətin ən güclü analitiklərindən olan Bjezinski, bəlkə də, hesab edirdi ki, qlobal siyasi böhranın dərinləşməsi bəşəriyyəti uçuruma sürükləyə bilər.

Bəxtiyar Abbasov

AzNews.az