“Mülki əhali zorakı toqquşmaların əsas qurbanı olmamalıdır” - Bundestaqının deputatı

"BMT-nin məlum 4 qətnaməsinə görə, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamələrin yerinə yetitirilməsi üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir."

AzNews.az xəbər verir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger belə bəyan edib:

"Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazisi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür.

Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. O, regionda sülhün bərqərar olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazımi töhfələr verməyə hazırdır.

Almaniya Federativ Respublikası Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların əsas qurbanı olmamalıdır."