“Eşitmişəm ki, Azərbaycana belə bir təklif olacaq” - Novruz Məmmədov

Prezident İlham Əliyevin İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə dəvət olunması Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin həmişə belə yüksək səviyyədə olduğunu, xüsusi əlaqələr olduğunu nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə "Böyük iyirmiliy"in (G-20) Zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi:

“O zaman Türkiyənin bir dövləti dəvət etmək ixtiyarı var idi və Türkiyə Prezidenti də Azərbaycanı dəvət etmişdi. Elə D-8 sammitində də Türkiyə Prezidenti Azərbaycanı seçdi. Buna əslində təbii baxmaq lazımdır, çünki Azərbaycan doğrudan da inkişaf etmiş ölkələrin sırasındadır. Hətta bir sıra nailiyyətlərinə, parametlərinə görə onların çoxundan irəlidədir. Bir nümunə deyim. Bilirsiniz ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyanın 35 ölkəsi arasındadır. Bir müddət əvvəl 37-ci yerdə idi və artıq iki addım irəliləyib. Bunu biz müəyyənləşdirmirik, bunu Davosun öz analitik mərkəzi müəyyənləşdirir. Bu nöqteyi-nəzərdən Azərbaycanın D-8 sammitində iştirakının həm Azərbaycan, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi”.

N.Məmmədov vurğulayıb ki, Zirvə görüşündə müzakirə olunan məsələlər, qarşıda duran vəzifələr, eləcə də əməkdaşlıq əlaqələrinin və digər əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı gedən söhbətlərdə, fikir mübadiləsində Azərbaycan Prezidenti də iştirak etdi:

“Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır. Azərbaycan kiçik dövlət olsa da, təkcə region səviyyəsində deyil, beynəlxalq miqyasda bəzən vasitəçilik, bəzən də iştirakçı və təşəbbüskar kimi rol oynayır. Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi mövqeyinə, yerinə görə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan Prezidenti orada iştirak edərək həm Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atdığı addımlar, eyni zamanda beynəlxalq aləmdə gördüyü işlər barədə, o cümlədən islamofobiyaya qarşı mübarizə, İslam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətəlayiq çıxış etdi və orada da hamının alqışları ilə qarşılandı”.

N.Məmmədov vurğulayıb ki, ümumiyyətlə D-8 güclü bir təşkilatdır, burara üzv ölkələrin bir milyard yüz milyona qədər əhalisi var, aralarında əmtəə dövriyyəsi 100 milyard dollardan artıqdır: “Zirvə görüşündə söhbət təşkilatı daha da gücləndirməkdən, əmtəə dövriyəsini daha böyütmək və eyni zamanda dünyada gedən proseslərin, münaqişələrin həllində daha fəal iştirak etməkdən gedirdi. Orada Myanmada Rohinca müslmanlarının qaçqın düşməsi ilə bağlı da fikir mübadiləsi də aparıldı ki, onlara kömək etmək lazımdır. Yəni dostluq, qardaşlıqdan başqa, Azərbaycanın zirvə görüşündə iştirak etməsinə bir ehtiyac da var idi. Orada edilən çağırışlardan biri də o idi ki, bu qurum daha böyük ola bilər. D-8 təşkilatı D-20, D-40 da ola bilər. Yəni onun qapıları açıqdır və Azərbaycanın burada iştirak etməsini təbii hal kimi qəbul edirəm və bu da gələcəkdə konkret özünü göstərəcək”.

PA rəsmisi Azərbaycanın bu təşkilata üzvlüyündə heç bir problem görmədiyini diqqətə çatdırıb: “Eşitmişəm ki, belə bir təklif olacaq. Azərbaycan bununla bağlı öz mövqeyini bildirəcək”.

AzNews.az