İlham Əliyev iranlı nazirlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiyaları texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirilib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlət başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğulayıb.

Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.