Ermənistanda sonun başlanğıcı və ya erməni-rus münasibətlərinin sərhədi

Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişinin bağlanmasından sonra erməni və rus ictimaiyyətində həyəcan siqnalları eşidilməkdədir.

AzNews.az xəbər verir ki, bu siqnallardan biri rus sərhədçilərinin İrana qədər uzanan İrəvan-Qoris-Mehri beynəlxalq yolunun 40 metrlik idarəsinin tikilməsinə razılıq verməməsidir. Rus sərhədçilərin öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası müqaviləyə uyğun hərəkət etməsinə baxmayaraq, Ermənistanda bu geniş əks-səda doğurub və rus hərbçilərinin dərhal ölkədən çıxarılması barədə çağırışlar səslənir. Ermənistanda hazırki situasiyanı "gəmidə oturub gəmiçi ilə dalaşmaq" da adlandırmaq olar. Lakin bu, mənasızdır. Çünki Ermənistan özü 1992-ci ildə ölkənin Türkiyə və İran sərhədinin qorunması üçün Rusiya FTX-nın sərhəd xidməti ilə müqavilə imzalayıb. O vaxtdan bəri heç nə dəyişməyib. Çox maraqlıdır ki, Ermənistan rus hərbçilərini ölkədən çıxartdıqdan sonra öz sərhədlərini qoruyacağına inanırmı?

Ermənistanın zəif ordusu hazırda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonda yerləşib. Aprel döyüşləri sübut etdi ki, bu qüvvələrə ümid bəsləmək əbəsdir.

Bundan başqa, əgər rus hərbçiləri hüquqi sənədlər çərçivəsində çıxış etsələr, onda rus gəmisində qiyam qaldıran Ermənitanın vəziyyəti necə olacaq? Ermənistan Rusiya ilə açıq münaqişəyə girəcəkmi? Çünki sərhədçilərlə qalmaqal birinci həyəcan siqnalı deyil. Buna qədər Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaq və Avropa İttifaqı ilə məlum sövdələşmələr etmək çağırışları vardı.

Görünən isə odur ki, bütün bu sualların cavabını Ermənistan özü verir. İrəvan Qərblə əməkdaşlığa gedərək Rusiyanı qıcıqlandırır. Məhz bu cür siyasi səhvlərin nəticəsi o ola bilər ki, ölkənin xarici borcları artar, tamamilə yoxsul və səfil vəziyyətinə düşər. Görünür, Rusiyanın Ermənistanı öz yerində oturtmağının vaxtı gəlib çatıb.

Millət vəkili Elman Nəsirovun Novosti.az-a bildirdiyinə görə, Rusiya və Ermənistan arasında münasibətlərin pisləşməsi dinamizmi ilə seçilir. İrəvanın Brüssellə yaxınlaşması soyuqluğu birə beş artırır. Son insident isə vəziyyəti daha da gərginləşdirir.

"Ermənistan çoxdan itirdiyi suverenliyini itirməkdən qorxur. Ermənistanın bütün strateji addımları Rusiyanın diqtəsi ilə atılır. Sərhəddəki qalmaqalla eyni vaxtda Qazprom-un İran qazının Ermənistana tranzitini ələ alması barədə məlumatlar yayıldı. Rus sərhədçiləri ilə bağlı insident göstərdi ki, Sarkisyanın 2 stulda oturmaq istəyi başağrısına çevrildi", - parlament nümayəndəsi deyib.

Nəsirov qeyd edib ki, Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hələ heç bir üzvü Avropa İttifaqı ilə müqavilə imzalamayıb. Deputat bundan sonra nəinki Moskvada, Rusiyanın digər şəhərlərində antierməni əhval-ruhiyyəsinin yayılacağını proqnozlaşdırır.

"Kremlə yaxın ekspertlər bəyan edir ki, əgər Ermənistanda antirus çağırışlar davam edərsə, rus hərbçiləri bu ölkədən çıxacaq. Bu halda Ermənistan ciddi təhlükəsizlik problemləri ilə üzləşəcək. Bu isə Ermənistanda sonun başlanğıcıdır", - millət vəkili deyib.

Çıxış yolu isə birdir. Ermənistan Kremllə ixtilaflara son qoyub əhd bağlamalıdır. Çünki Avropa İttifaqı ilə 24 noyabr sövdələşməsi təhlükəsizlik sferasına şamil olunmur. Müqavilə iqtisadi, elmi, ekoloji və mədəni sahələri əhatə edir.