İpoteka və Kredit Zəmanət Fondu yaradıldı - Fərman

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, fərmanda deyilir:

1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 525, № 7, maddə 1339; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 1690 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 2-ci və 7-ci hissələr, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndlər ləğv edilsin;

1.2. 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;

1.3. 4.8-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bundan başqa “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib.

4-cü hissədə və 7.4-cü bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilib.