Mübariz Qurbanlı: “Hökumətimiz torpaqlarımızın hərbi yolla işğaldan azad etmək istəyini daim elan edib” Mübariz Qurbanlı: “Hökumətimiz torpaqlarımızın hərbi yolla işğaldan azad etmək istəyini daim elan edib”

“Müharibə proqnozu verənlər təhlükənin olduğunu nəzərə alırlar”

Mübariz Qurbanlı: “Hökumətimiz torpaqlarımızın hərbi yolla işğaldan azad etmək istəyini daim elan edib”


Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger dünən Milli Məclis rəhbərliyi ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyadan müharibə qoxusu gəldiyini bildirib. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb. Gərginlik aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz. Bu, ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır.

Dağlıq Qarabağda müharibənin yenidən başlana biləcəyi ilə bağlı avropalıların verdikləri bəyanatların son dövrlər nədən intensivləşməsi sualına AzNews.az-a verdiyi açıqlamada aydınlıq gətirən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, 1994-cü ildə imzalanan atəşkəs nəticəsində hərb cəbhəsində əməliyyatlar dayandırılıb. Amma Ermənistanın aqressivliyi nəticəsində bu illər ərzində mütəmadi olaraq ətəşkəs pozulur, əsgərlər snayperlər tərəfindən vurulur:

"Azərbaycan tərəfi hərbi əməliyyatların başlanmaması, yenidən müharibənin alovlanmaması üçün Ermənistana dəfələrlə təkliflər verir ki, işğal etdiyi ərazilərimizdən çıxsın, torpaqlarımızdan əl çəksin və müharibə məsələsinə son qoysun. Ermənistan isə bu təkliflərə reaksiya vermir, əksinə daha da aqressivliyi artırır. Müharibənin yenidən başlanması barədə verilən bəyanatlara gəldikdə atəşkəs imzalanandan bu günə kimi belə proqnozlar dəfələrlə verilib. Dəfələrlə ABŞ, Rusiya və digər ölkələrin ekspertləri tezliklə müharibənin başlayacağı proqnozunu verib, bəziləri isə hətta nə zaman başlayacağı tarixini də deyiblər. Ancaq buna baxmayaraq hərb cəbhəsində atəşkəs qorunub saxlanıb. Bizim hökumətimiz torpaqlarımızın hərbi yolla işğaldan azad etmək istəyini və siyasətini daim elan edib. Bu bizim işğal olunmuş torpaqlarımızı azad etmək, işğalçıya qarşı müharibə aparmaq haqqımızdır, siyasi hüququmuzdur, beynəlxalq hüquq da buna əsas verir".

Deputatın qənaətincə, BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana torpaqlarını təcavüzdən azad etmək imkanı versə də rəsmi Bakı səbirli, praqmatik, çox böyük hücum diplomatiyası siyasəti həyata keçirir və qarşı tərəfi sülhə təbii yolla məcbur etmək xətti götürüb:
"Amma hərbi baxımdan da üstünlüyümüz var. Buna rəğmən Ermənistanın da başqaları tərəfindən himayə olunduğu sirr deyil. Müharibə proqnozları verənlər də belə bir təhlükənin olduğunu nəzərə alırlar".

Gültəkin
AzNews.az