Prezident makedoniyalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

AzNews.az xəbər verir ki, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlət başçısı Makedoniya Respublikasının Prezidenti George İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb. Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.

Makedoniya Respublikasının Prezidenti George İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Makedoniya Respublikasının Prezidenti George İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.