Artıq informasiya müharibəsində ermənilərə, ermənipərəst və anti-Azərbaycan yazılara cavab verən könüllülərimiz formalaşıb Artıq informasiya müharibəsində ermənilərə, ermənipərəst və anti-Azərbaycan yazılara cavab verən könüllülərimiz formalaşıb

İnformasiya müharibəsinin əsgərləri

Artıq informasiya müharibəsində ermənilərə, ermənipərəst və anti-Azərbaycan yazılara cavab verən könüllülərimiz formalaşıb

Hazırda internet dünyanın ictimai-siyasi nizam-intizamını olaraq tamam dəyişib. Virtual aləm dünya içində bir dünya olub. Xüsusən sosial medianın əhəmiyyəti daha da artıb. Bu baxımdan vətəndaş cəmiyyyətinin təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşür. Hazırda QHT, media nümayəndələri informasiya savaşında Azərbaycana qarşı qarayaxma kampaniyalarının, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında çevik addımlar atırlar.

Bu gün müxtəlif əcnəbi saytlar və onların sosial şəbəkələrdəki səhifələrində Azərbaycan haqqında pozitiv, Qərbin qara PR kampaniyaları işə düşəndə isə neqativ məzmunlu məqalələr yazılır. Əcnəbilərin neqativ materiallarına elə onların öz dillərində cavab verən sosial şəbəkə fəallarının sayı artıb. Artıq informasiya müharibəsində ermənilərə, ermənipərəst və anti-Azərbaycan yazılara cavab verən könüllülərimiz formalaşıb. Bəziləri Azərbaycanın imicini korlamaqla məşğuldur. Həmvətənlərimiz isə xarici saytlarda dövləti arqumentlə müdafiə edirlər. Onlar informasiya müharibəsinin əhəmiyyətini dərk edərək vətənin virtual müdafiəsinə qalxıblar. Yaxınlarda “Washington post” qəzetinin saytında (ABŞ) “Azərbaycanın separatist regionu təkliyə son qoymağı planlaşdırır” adlı məqaləyə azərbaycanlı fəallar şərhlər yazaraq erməniləri ifşa ediblər. Material ABŞ-dakı erməni diasporu tərəfindən yaradılan, işğal olunmuş Xankəndi şəhərində fəaliyyət göstərən “TUMO” texnoloji fəaliyyətlə məşğul olan təşkilat barədədir. Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş torpaqlarında separatçı rejim beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Buna cavab olaraq Kərim Abdullayev adlı gənc fəal “Washington post” saytının şərh yerində yazıb ki, erməni işğalçı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasa, regionda sülh, sabitlik və inkişaf olmayacaq. O, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul edildiyini xatırladıb.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Fidan Əliyeva isə ermənilərin Qarabağı işğal edərək, əsassız olaraq həqiqəti gizlədiklərini qeyd edib. Fidan Əliyeva bildirib ki, Qarabağda yaşayan ermənilərin həyatı həqiqətən təhlükədədir.

“Xalq” qəzetinin əməkdaşı Əfsanə Bayramqızı isə Ermənistanın hələ də Azərbaycan Respublikasının 20% ərazisini işğalda saxladığını, bu torpaqlara Suriyadan və digər yerlərdən olan erməniləri qeyri-qanuni şəkildə köçürməyə çalışdığını yazıb. O qeyd edib ki, bu torpaqlar faktiki olaraq beynəlxalq ictimaiyyətin nəzarətindən kənarda qalır. Əfsanə Bayramqızı ermənilərin Qarabağda qaçaqmalçılıqla və narkotiklə məşğul olduqlarını vurğulayaraq nəzarətsiz Azərbaycan torpaqlarının bütün bölgə üçün təhlükə yaratdığını qeyd edərək öz narahatçılığını ifadə edib.

Bu günlərdə “The Hill” qəzetinin saytında (ABŞ) konqresmen Kris Smitin müəllifliyi ilə “Azərbaycanın 100 illik təntənələri repressiv reallığı maskalayır” adlı neqativ məqaləyə yazılmış şərhlərdə bu məqalənin qərəzli və şantaj xarakteri daşıdığı bildirilir. Eyni zamanda Kris Smitin qondarma “DQR”-in müstəqilliyinə çalışdığı və ona birbaşa yardım göstərdiyi, eləcə də anti-Azərbaycanyönümlü konqresmen olduğu vurğulanır. Həmçinin Kris Smitin ermənilərdən rüşvət alaraq ABŞ-da qondarma erməni soyqırımını tanımasına böyük dəstək verdiyi qeyd olunur. Şərhlərdə Azərbaycanın 100 il əvvəl müstəqilliyini elan etdiyi, ABŞ, Fransa və digər ölkələrdən çox-çox əvvəl qadınlara səsvermə haqqı qazandırdığı yazılıb. Bu kimi faktların Azərbaycanda demokratik dəyərlərin vacib rol oynadığının göstəricisi olduğu bildirilib.

Kris Smitin məqaləsinə cavab olaraq “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə isə bildirib ki, Azərbaycan xalqı bu gün azad bir cəmiyyətdə yaşayır. Kris Smitin Azərbaycana qarşı dəfələrlə məqsədli şəkildə çıxışlar etdiyini yazan Fuad Hüseynzadə bu konqresmenin erməni lobbisinə işlədiyini qeyd edib.

YAP üzvü Abbas Pənahov erməni lobbisi Kris Smitin vasitəsilə Azərbaycan və ABŞ arasındakı əlaqələri pozmağa çalışdığını yazıb. O, belə korrupsioner siyasətçinin ABŞ vətəndaşlarını hər zaman yanlış yönləndirdiyini bildirib. A.Pənahov faktlarla Kris Smitin ABŞ-da erməni lobbisi üçün etdiklərini sadalayıb.

Diqqət çəkən məqam odur ki, yazılmış bu şərhlərə erməni adlı fake profillərlə yanaşı jurnalist Xədicə İsmayılova da cavab verərək polemikaya girib. X. İsmayılova Kris Smitə bu məqaləyə görə təşəkkür edib. O, ABŞ sevgisini də gizlədə bilməyib, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq radiosu”nun yayımına əngəl törədildiyini xatırladıb.

Jurnalist Əfsanə Bayramqızı Xədicə İsmayılovaya niyə Kris Smitin ABŞ-da erməni lobbisinin rüşvət və korrupsiya əməllərindən yazmaması ilə bağlı sual verib. Sosial şəbəkə istifadəçisi Mövsüm Mirəlizadə isə qeyd edib ki, əgər Kris Smit həqiqətən insan hüquqları müdafiəçisidirsə, o da erməni işğalının qurbanları olan 1 milyon azərbaycanlı qaçqının hüququnu müdafiə etməlidir. O, Kris Smitin BMT Təhlükəsizlik Şurasının 4 qərarına Ermənistanın riayət etməsi ilə bağlı çağırış etməsinin zəruriliyini vurğulayıb.

“Eurasianet” saytının (ABŞ) “facebook” səhifəsində “Azərbaycan hərbi qüvvələri Naxçıvan-Ermənistan sərhədində gərginliyi artırır” adlı məqaləyə də azərbaycanlı sosial şəbəkə fəalları, eləcə də jurnalistlər münasibət bildiriblər. Qeyd edək ki, yazıda Azərbaycan ordusunun sərhəddə neytral (heç kəsin olmadığı) ərazilərə qədər irəliləməsi, bunun isə qarşı tərəfi qorxutmaq üçün taktika olduğu vurğulanır.

Jurnalist Əfsanə Bayramqızı qeyd edib ki, hər zamanki kimi, Ermənistan atəşkəsi pozur və təxribatlar törədir. O, Azərbaycanın tezliklə Ermənistan işğalı altında olan torpaqlarını azad edəcəyini yazıb.

Jurnalist Fuad Hüseynzadə isə Ermənistanın Naxçıvanla sərhəddə vahimə yaratdığını vurğulayıb.

YAP üzvü Ulviyya O-va adlı istifadəçi ötən ay atəşkəs rejimini Ermənistanın 2.900 dəfə pozduğunu qeyd edib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədində azərbaycanlı əsgər Adil Tatarov ermənilər tərəfindən qətlə yetirilib. Azərbaycanın iqtisadi və siyasi baxımdan regionda gərginliyin artırılmasında maraqlı olmadığını yazan Ulviyya O-va Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin susduğunu vurğulayıb.

Bəzən Azərbaycanda atılan hər hansı müsbət addıma xarici təşkilatların saytlarında və sosial şəbəkələrdəki səhifələrində qərəzlə yanaşması ilə qarşılaşırıq. Son olaraq ABŞ-ın “Human Right Watch” təşkilatının “Twitter” səhifəsində, həmçinin “No Political Prisoners” saytının “Facebook” səhifəsində Azərbaycanla bağlı yer alan qərəzli bəyanatlar buna misal ola bilər. Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı qaralamağa çalışılıb və süni şəkildə “siyasi məhbus” məsələsi gündəmə gətirilib. Bununla bağlı Əli Pənahov, Hazi Jafar, Aynur Abbaszade, Fuad Huseynzade və digərləri “Facebok” və “Twitter”də cavablar yazıblar. Şərhlərdə Azərbaycanda siyasi məhbusların olmadığı qeyd olunub və bəyanatda adları çəkilənlərin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edildiyi bildirilib. Yazılarda “Human Rights Watch”un hər zaman Azərbaycana qarşı qəzəli bəyanatlar yaydığı qeyd olunub.

Xarici saytlarda və onların sosial şəbəkələrindəki səhifələrində bir çox hallarda Azərbaycanla bağlı müsbət xarakterli məqalələr də dərc olunur. Misal üçün, ABŞ-ın məşhur “Foreign Policy” nəşrinin bir milyon yarımdan artıq izləyicisi olan “Facebook” səhifəsində Lyuk Koffi və Əfqan Niftinin müəllifi olduğu “Azərbaycan Qərbə niyə lazımdır” adlı pozitiv məqalədə Avropanın enerji təminatında Rusiya və İrandan yan keçən Gəncə keçidi, Avropanın ən uzun avtomobil yolunun, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də Gəncə şəhərindən keçməsi vurğulanır. Məqalədə bildirilir ki, həyati əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya ötürülməsini təmin edəcək.

Bu məqalə ilə bağlı Fidan Afər (jurnalist Fidan Əliyeva) adlı “Facebook” istifadəçi Azərbaycanın Qərbə enerji avadanlıqları və sülh üçün lazım olduğunu yazıb. Onun fikrincə, Qərb də Azərbaycan kimi bir ölkə ilə ünsiyyət saxlamalıdır.

Azərbaycandakı yüksək inkişafın bir çox ölkələrin marağında olduğunu yazan Fidan Afər bildirib ki, Ermənistan kimi işğalçı dövlət Qərbin maraqlarını cəlb edə bilməz.

Qeyd edək ki, bu yazı erməni “Facebook” istifadəçilərində qıcıq yaradıb. Onlar troll şəklində bu məqalənin pulla yazıldığını qeyd ediblər. Aliyar Məmmədov adlı istifadəçi isə “erməni trollar” deyə onlara səslənərək, Azərbaycanın Ermənistandan fərqli olaraq Qərb üçün vacib ölkə olduğunu qeyd edib. O bildirib ki, əgər rüşvət barədə danışsaq, Ermənistan birinci yerə olardı.

Digər istifadəçilər də Azərbaycanın Qərbin etibarlı tərəfdaşı olduğunu və böyük enerji layihələri həyata keçirdiyini yazıblar. Həmçinin şərhlərdə Azərbaycanın regionda sülh və sabitliyi dəstəklədiyini, Ermənistanın işğalçılıq siyasətinin isə bölgədəki sülh və sabitliyi pozduğunu diqqətə çatdırıblar.

Nəzərə çatdıraq ki, sosial şəbəkə fəalları, eyni zamanda “The Guardian”, “İndependent”, ANCA, “Armenian Weekly”, “Eurasia Daily”, “Sputnik Armenia” və digər səhifələrdə Azərbaycanla bağlı yerləşdirilən yazıları cavabsız qoymrlar. Onlar aktiv şəkildə hər bir belə yazı ilə bağlı anındaca öz mövqelərini nümayiş etdirirlər.

Hər şeydən əvvəl, qeyd etməliyik ki, həmvətənlərimiz sosial şəbəkələrdə bu aktivliyi könülü olaraq edirlər. Hər bir jurnalist “vətən üçün nə etməli” prinsipini əsas tutaraq içindən gələni edir. Ayrıca burada virtual həmrəylik vacib amildir. Yəni virtuallıq şəbəkələşməyi tələb edir. Ümumiyyətlə, virtual həmrəylik dünya azərbaycanlıları üçün çox önəmlidir. Bu, zamanın tələbi və hər hansı fəaliyyətin təsir gücünü artırmaq üçün strateji keçiddir...

Jurnalistlərimiz, QHT və YAP fəalları səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, həmçinin hücum mövqeyinə keçib ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.

Əkbər