Bu gün həqiqətən də tarixi gündür. Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri möhtəşəm qaz layihəsinin, TANAP-ın açılışını elan etmək üçün Türkiyədə toplaşacaq. Bu üç ölkə dünyaya həm regional əməkdaşlığın nümunəsini, həm də əzm və iradə olacağı təqdirdə hətta əfsanə kimi görünən qlobal layihələri belə, reallaşdırmağın mümkün olduğunu nümayiş etdirəcəklər. Bu gün həqiqətən də tarixi gündür. Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri möhtəşəm qaz layihəsinin, TANAP-ın açılışını elan etmək üçün Türkiyədə toplaşacaq. Bu üç ölkə dünyaya həm regional əməkdaşlığın nümunəsini, həm də əzm və iradə olacağı təqdirdə hətta əfsanə kimi görünən qlobal layihələri belə, reallaşdırmağın mümkün olduğunu nümayiş etdirəcəklər.

Daha bir əfsanə gerçək olur?

Bu gün həqiqətən də tarixi gündür. Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri möhtəşəm qaz layihəsinin, TANAP-ın açılışını elan etmək üçün Türkiyədə toplaşacaq. Bu üç ölkə dünyaya həm regional əməkdaşlığın nümunəsini, həm də əzm və iradə olacağı təqdirdə hətta əfsanə kimi görünən qlobal layihələri belə, reallaşdırmağın mümkün olduğunu nümayiş etdirəcəklər.

Biz oxuculara bir daha TANAP-ın texniki göstəricilərini, layihənin maliyyə tərəflərini, onun siyasi coğrafi və geosiyasi xəritəsini sərgiləmək niyyətində deyilik. Layihə xeyli müddətdir ki, davam edirdi və ona güclü diqqət vardı.

Düşünürük ki, onun ilk növbədə region dövlətlərinin nəinki özü üçün, hətta bu ölkələrin liderləri üçün olduqca böyük əhəmiyyəti var. Özünüz baxın, layihənin açılışını Türkiyə prezidenti R.T.Ərdoğan edəcək. Bu isə indiki çağda – Türkiyədə bir-iki həftədən sonra keçirələcək prezident və parlament seçkilərinin astanasında çox böyük siyasi dividenddir.

Əvvəlcə Bakı-Tbilisi-Qars dəmiryolu xətti, indisə TANAP! Heç sözsüz ki, bu, Türkiyə prezidentinin də siyasi aktivinə yazıla biləcək ciddi və çox pozitiv məqamlardır. Eyni sözləri Gürcüstan prezidentilə bağlı da demək olar. Bu il bu ölkədə də prezident seçkiləri keçirilməli, G. Margelaşvili ikinci dəfə namizəd olmaq əzmindədir. Əlbəttə, bu böyük proyektin reallaşması, gürcü prezidentin də siyasi çəkisini seçicilərin gözündə artıracaq.

Burada bir detalı da qeyd etmək lazımdır: ola bilsin ki, nə vaxtsa Gürcüstanın Avropa Birliyinə və NATO-ya üzv olmaq şansları da reallaşacaq. Amma bu illər ərzində Azərbaycan Gürcüstana Avropanın verə biləcəyindən qat-qat artıq dəstək veribdir.

Gürcüstanın keşmiş prezidenti M.Saakaşvilinin bir fikrini daim yada salırıq. O, demişdi ki, mən maliyyə və iqtisadi dəstəyi okeanın digər bir tərəfində axtarırdım, lakin bu dəstəyi Bakıda tapdım. Nədən bunu tez-tez xatırladırıq? Çünki Gürcüstanın siyasətində də mövsümi olaraq çox anlaşılmaz ştrixlər peyda olur. Çox istərdik ki, belə anlarda Gürcüstan siyasətçiləri indiyədək Azərbaycanın onların ölkələrinə nə verdiyini bir daha xatırlasınlar.

Ümid edirik, hətta əminik ki, Bakı-Tiflis-Qars xətti kimi, TANAP və TAP da genişlənəcək, daha da qloballaşacaq. Artıq belə xəbər eşidilir ki, Xəzərin o biri tayındakı qonşumuz – Türkmənistan da layihə ilə ciddi şəkildə maraqlanır.

Əslində Mərkəzi Asiya ölkələri çoxdandır ki, Azərbaycanın tranzit imkanlarına böyük maraq göstərirlər. Transxəzər xətti demək olar ki, bir an yaddan və gündəmdən çıxmır. Amma bu layihə bəzi geosiyasi əngəllər ucbatından hələ ki, reallaşa bilmir. Fəqət, düşünürük ki, elə bu da bir zaman məsələsidir. Vaxtilə “Əsrin müqaviləsi”nin, hətta Bakı-Tiflis-Qars layihəsinin də qarşısında xeyli əngəllər vardı. Hətta xatırlayırıq ki, Bakı-Tiflis-Ceyhan xəttini “üç dəniz əfsanəsi” adlandırırdılar. Qərəz, bir daha deyirik ki, ciddi maraq və siyasi əzm, iradə olan yerdə hətta əfsanələr də gerçək olur.

Gələk, Avropa Məsələsinə. Əlbəttə, bizim qaz layihəmizin həcmləri Avropanın enerji xəritəsini kardinal şəkildə dəyişmək iqtidarında deyil. Di gəl, bu layihə də alternativdir, özü də ciddi bir alternativ.

Hər dəfə eşidəndə ki, Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə veririk, məndə bir qədər fərqli assosiasiyalar yaranır. Bəli, sözsüz ki, belədir; bizim qaz layihələrimizin sayəsində Avropanın enerji təhlükəsizliyi əlavə təminatlar alacaq. Lakin əsas olan budur ki, Azərbaycanın nefti-qazı var və onu dünya bazarlarına çıxarmağa nail olur. Bəli, ilk növbədə bizim üçün önəmli olan öz maraqlarımızdır.

Üstəlik, burada bir daha yada salmağa ehtiyac varmı ki, bizim Avropaya yönəlik neft-qaz layihələrimiz hətta qitənin bəzi siyasi dairələri tərəfindən belə, qısqanclıqla qarşılanır. İlk baxışda adam bundan bir xeyli əndişələnir və hətta qeyzlənir. Lakin dünyada və kontinentdəki geosiyasi ziddiyyətləri yada salanda buna da sakit yanaşmağa başlayırsan.

Ən əsası budur ki, Azərbaycan dövləti bir işə başlayanda bunu mütləq axıra çatdırır – bütün çətinliklərə və maneələrə baxmayaraq, hamının şübhə və tərəddüdlə yanaşdığı böyük layihələr bir gün gerçək olur.

Bunun özü olduqca müsbət məqamdır. Çünki dünyada bizə inam artır. Bu isə heç də az əhəmiyyətli məsələ deyil – dünyadakı tərəfdaşlarımızın sayı çoxalır, böyük biznes darələri bu qənaətə gəlirlər ki, bəli, Azərbaycanla işləmək olar...

Hüseynbala Səlimov
AzNews.az