- Müşahidə məntəqəsi
- 19:56
- 396
“Tədris müddəti başa çatmadan imtahan keçirmək düzgün deyil” - Məzahir Məmmədli
“Ümumiyyətlə, bilinir ki, Dövlət İmtahan Mərkəzi hər il buraxılış imtahanlarını tədris ilində nəzərdə tutulandan 12, bəzən isə 13 həftə əvvəl keçirir. Yayılan məlumatların doğruluğunu təsdiqləyən heç bir rəsmi sənəd yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Dövlət İmtahan Mərkəzi bu barədə açıqlama verməyib. Hər il müşahidə etdiyimiz odur ki, buraxılış siniflərinin tədris müddəti başa çatmamış imtahan keçirilməsi qaydalara ziddir. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi qərar var ki, tədris müddəti nə qədər olmalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsinin fevral ayında başlayacağı ilə bağlı yayılan məlumatlardır. Bu isə abituriyentlər arasında çaşqınlıq yaradır.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi bütün bunlara məhəl qoymadan, öz istədiyi vaxtda imtahanları elan edib keçirə bilir.
"Bu isə ümumilikdə şagirdlər arasında, xüsusilə 9–11-ci siniflərdə gərginlik yaradır. Məsələ dəfələrlə sosial müzakirələrə çıxarılıb və həm sosial şəbəkələrdə, həm də mediada geniş şəkildə müzakirə olunub. Təəssüf ki, hələ də Dövlət İmtahan Mərkəzi öz bildiyində davam edir və Elm və Təhsil Nazirliyi də bu məsələdə kəskin mövqe nümayiş etdirmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az